"Azadlığ"ın qiyməti 175 min avrodur? - Pul davası

15:02 - 11 Yanvar 2017 - MEDİA

Azərbaycan müxalifətindəki situasiyanın izafi şərhə və ya təhlilə artıq ehtiyac qalmayıb. Vəziyyət radikal müxalifətçilərin and-amanlarına, vədlərinə və şüarlarına rəğmən, çox pisdir. Hətta bərbaddır. İllərdən biri anlaşa bilməyən, "Birləşək!" şüarını artıq çeynənmiş klişeyə çevirərək əlçatmaz ümid səviyyəsinə qaldıran müxalifət partiyalarının liderləri və məhdud dairələrdə "tanınmış sima"ları arasındakı maliyyə qovğaları yeni həddə çatıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hazırda Fransada yaşayan Qənimət Zahidlə AXCP sədri Əli Kərimli arasında şiddətli anlaşılmazlıq yaranıb. Daha doğrusu, maliyyə məsələsi ucbatından onların arasında son illərdə zatən sərin olan münasibətlər daha da gərilərək aşkar münasibətsizliyə çevrilməyə başlayıb.

İddialara görə, ağır maliyyə böhranında olan və çapını dayandıran "Azadlıq" qəzetinə off-layn versiyasının, yəni ənənəvi formatının bərpası üçün bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı və fondu vəsait ayırıb.

Vəsaitin 175 min avro məbləğində olduğu deyilir və həmin pullar Qənimət Zahid vasitəsilə "Azadlıq" qəzetinə verilməlidir. Sözügedən təşkilatlar bunu Q.Zahidin tanınmış yazar, ən başlıcası isə "Azadlıq" qəzetinin sabiq baş redaktoru olması ilə əlaqələndirirlər.

Amma Qənimət Zahid həmin maliyyəni hələ də "Azadlığ"a verməyib.

Səbəb trivialdır: Qənimət Zahidin fikrincə, hazırda "Azadlıq" qəzetinin baş redaktoru funksiyalarını yerinə yetirən, daha doğrusu, qəsb edən və qəzetin onlayn variantında müxtəlif imzalarla yazılarını dərc etdirən AXCP sədri Əli Kərimli bir zamanlar AXCP mənsublarının Azərbaycan müxalifətinin "flaqman qəzeti" saydıqları "Azadlığ"ı az qala neobolşevik divar qəzetinə, "İskra"nın əyalət variantına çevirib. Üstəlik, sıravi cəbhəçilərin son zamanlar çox səsləndirdikləri "Əli Kərimlinin ətrafındakı insanlar həbs olunur, o isə sanki toxunulmaz statusludur - niyə, nədir bunun səbəbi?!" sualına cavab istəyirlər.

Qənimət Zahid isə deyəsən, sadəcə düşərgə mənsubluğu və mövqe səbəbindən Əli Kərimlidən bəhs etməyə davam edir. Lakin əvvəlki dönəmlərdən fərqli olaraq, yetərincə lakonik, sərin şəkildə.

AXCP sədri Əli Kərimli isə tam əksinə, özünü və davranış modelini arqumentləşdirməyə çalışaraq Q.Zahidi üstüörtülü şəkildə "uzurpasiya"da, səlahiyyət hədlərini aşmaqda suçlayır.

Əslində isə Əli Kərimli bəhs etdiyimiz 175 min avronun nəzarətindəki hesablara keçirilməsinə can atır.

"Azadlıq" qəzeti ilə bu qalmaqal AXCP daxilindəki volüntarizmin, Əli Kərimlini partiyanı faktiki olaraq "bir adamın təşkilatına" çevirmək strategiyasının daha bir təzahürü də sayıla bilər.

Xəbər xətti