Sürüşmə sahələrindəki vəziyyət açıqlanıb - AYLIQ STATİSTİKA

17:00 - 5 Yanvar 2017 - ÖLKƏ İÇİ

Azərbaycanda sürüşmə sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, dekabrda ekzogen-geoloji proseslərin baş verdiyi 82 sahədə müşahidələr davam etdirilib, müvafiq arayışlar hazırlanıb. O bildirib ki, Badamdar sürüşmə sahəsində istinad divarlarında quraşdırılmış mayaklarda çatlar yaranıb: “Badamdarda ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsinin su ilə tam doyaraq yamacboyu axması qeydə alınıb. Bundan başqa, Zığda sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib. Torpaqda və divarlarda çatların ölçülərində təxminən 1 sm-ə yaxın genişlənmələr olub”.

Ə. Qaralovun sözlərinə görə, cənub bölgəsində mövcud sürüşmə sahələrinin hamısında aktivlik müşahidə olunur: “Astarada Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyi sürüşmə sahələrində ay ərzində yenə də uçqun-sürüşmə prosesləri qeydə alınıb, yolboyu yeni sürüşmə sahələri əmələ gəlib. Ay ərzində Astaranın Burcubənd sürüşmə sahəsinin kütləsi üzərində olan çatların ölçülərində artım qeydə alınıb və bir neçə yerdə yeni lokal sürüşmə sahələri yaranıb. Rayonun Motlayataq və Miki sürüşmə sahələri ay ərzində atmosfer yağıntılarının təsirindən aktivləşib. Lerikdə Veri-Əliabad sürüşmə sahəsində mövcud olan çatların ölçüləri artıb. Lənkəran-Lerik yolunun 27-29-cu km-liyində aktivlik davam edir. Lənkəran-Lerik yolunun 45-47-ci km-də atmosfer yağıntılarının təsirindən aktivləşmə müşahidə edilir. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-də sürüşmə sahələri aktivləşib. Lənkəran-Lerik yolunun 17-19-cu km-də atmosfer çöküntülərinin təsirindən aktivlik müşahidə olunub. Lənkəranda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi əmələ gəlib. Masallıda Zuvand kəndinin ərazisində atmosfer yağıntılarının təsirindən bir neçə yerdə yeni sürüşmə sahələri yaranıb. Cəlilabadda Sadatlı sürüşmə prosesinin dinamikasında da aktivlik müşahidə olunub”. 

Ekspedisiya rəisi əlavə edib ki, Tovuzun Qarağatlı sürüşmə sahəsində nisbi aktivləşmə müşahidə olunub və bir neçə yerdə müxtəlif istiqamətli çatlar əmələ gəlib: “Gədəbəy rayonunun Şahdağ, Pirdağ, Arıqıran və Əyridərə sürüşmə sahələrində də aktivləşmə baş verib”.

Nazirlik rəsmisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-də atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım qeydə alınıb, yolun 10-19-cu km-də isə aktivlik hələ də davam edir: “Siyəzən rayonunun Sədan sürüşmə sahəsində də son aylar ciddi aktivlik baş verib. Bundan əlavə, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km, Quba-Qonaqkənd yolunun 37-40-cı km-də sürüşmə sahələrinin dinamikasında aktivləşmə var. Qubanın Güləzi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən nisbi aktivlik müşahidə olunub. Qusar-Sudur yolunun 37-ci km-də də sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik var. Qobustanda Poladlı sürüşmə sahəsində aktivlik qeydə alınıb. Qobustanın Cəyirli sürüşmə sahəsində isə atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb”.

Ə. Qaralov deyib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü baş verib, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım qeydə alınıb: “Şamaxıda Cabanı, Dədəgünəş sürüşmə sahələrinin dinamikasında aktivləşmə var. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi baş verib. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Rayonun Muğanlı sürüşmə sahəsində mövcud olan çatların ölçülərində nisbi artım qeydə alınıb. Şamaxıda Çuxuryurd-Qızmeydan avtomobil yolunun 4, 6 və 10-cu km-də sürüşmə-çökmə prosesi baş verib, aktivlik hələ də davam edir. Ağsuda Sanqalan, Kalva, Dilman və Qırlar sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə olunur. İsmayıllı rayonunda Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-dəki sürüşmə sahələri yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində ərazidə aktivlik hazırda qalmaqdadır. İsmayıllının Xankəndi sürüşmə sahəsi də ay ərzində aktivləşib. Basqal-Sulut avtomobil yolunun 10-cu km-də isə çatıların ölçülərində nisbi artım var”.

Xəbər xətti