Bəzz qalası qədim Azərbaycan əhalisinin ən etibarlı müdafiə qalalarından biridir

18:25 - 28 Dekabr 2016 - KİVDF

Qala həmişə azərbaycanlıların azadlıq simvolu olubdur 


E.ə. IX əsrin 20-ci illərinin sonu Yeni-Aşşur dövrünün geriləmə mərhələsinə qədəm qoyduğu dövrdür. Bu dövrdə Aşşur hakimiyyətinin yayıldığı qonşu ölkələrdə müstəqillik meyilləri güclənmiş, hətta bir sıra yeni dövlətlər meydana gəlmişdir. Şərqi Anadoluda Urartu çarlığı eyni soya mənsub olan və etnik-mədəni əlaqələrin sinkretizminə məruz qalan bir sıra tayfaları vahid dövlət halında birləşdirmiş, hətta çar İşpuini Haldi inancını Biain panteonunun baş tanrısı elan etməklə vahid dini ideologiyanın da təməlini qoymuşdur. AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə  yazır: " Aşşur imperiyası demək olar ki, çətin dövrünü yaşayırdı. Şimalda dövlət idarəçiliyi, mədəniyyət və ideologiya baxımından Aşşura bənzəyən lakin siyasi maraqlar və etnik mənsubiyyət baxımından onunla düşmən olan bir xalq formalaşmaqdaydı. Bu xalq urartulular idi. Aşşur çətin dilemma qarşısında idi. Digər tərəfdən Bian çarı İşpuinin dini islahatı onu Aşşura düşmən olan və ya onun tabeçiliyi altında yaşayan, bac-xərac ödəyən qonşu tayfalarla yaxınlaşdırırdı. Mesopotamiya, Şərqi Anadolu və Azərbaycan tayfalarının dini inanclarının yeni modifikasiya olunmuş basilica əlamətləri Urartu dövlət dininin bazisini təşkil edirdi. Əvvəllər yalnız Van gölünün cənub-şərqini əhatə edən kiçik bir dövlət olan Biain çarlığı artıq “Yuxarı ölkə”nin çox hissəsini əhatə edirdi. Buna görə də Aşşur imperiyası şimalda itirdiyi nüfuzunu şərqdəki ölkələrin hesabına bərpa etmək istəyirdi. Bu ölkələr yeni hədəf də deyildi. Lakin parçalanmış halda olduqlarından, aralarında uzun zürən çəkişmələr baş verdiyindən qərbdən gələn təhlükəyə qarşı birləşmək gücündə deyildilər. Azərbaycan tayfaları və onların qurduqları kiçik çarlıqlar məhz bu dövrdən başlayaraq Aşşur imperiyası üçün xüsusi əhəmiyyət kəsb etməyə başladı. Azərbaycan həm Urartuya qarşı mübarizədə Aşşur imperiyasının ən yaxın müttəfiqi, həm də onun hərbi potensialını zənginləşdirməkdə mühüm dayaq nöqtəsi idi. V Şamşi-Adadın ölümündən sonra hakimiyyətə onun qanuni varisi III Adadnirari gəlmişdir. III Adadnirarinin ordusu şərq istiqamətində yürüş edərək Urmiya gölünün cənubundan keçərək Namri, Ellipi, Harhar, Araziaş, Mesu, Mada, Gizilbunda, Muunna (Manna), Parsua, Allabria, Abdadanu, Nairi ölkələrindən keçib Andia ölkəsinə daxil olmuşdur. III Adadnirarinin kitabəsində Andia ölkəsindən sonra bəhs olunan coğrafi adlar içərisində BAD-hu adına rast gəlirik. BAD-hudan sonra böyük dənizin sahilinədək irəliləyən aşşurlar çox güman ki, burada yaşayan Azərbaycan tayfaları ilə qarşılaşmışlar. Aşşur ordusunun bu qədər uzağa yürüş etməsinin səbəbi indiyədək dəqiq məlum deyil".
Qeyd edək ki, e.ə.IX əsrin ikinci yarısından başlayaraq Şərqi Anadolu coğrafiyası tədricən vahid dövlətin, yəni Urartu çarlığının tərkibinə daxil olur. Urartu çarlığı demək olar ki, bütün Nairi tayfalarının vahid güclü dövlətinə çevrilmişdir. Cənubi Azərbaycanda da siyasi oyanış güclənmişdir. Burada əvvəlki dövlətlərlə yanaşı bir sıra yeni xırda dövlətlər də meydana gəlmişdir. Bu təhlükəni hiss edən III Adadnirari şərq istiqamətində Azərbaycana ilk yürüşünü məhz kəşfiyyat məqəsədilə təşkil etmişdir. K. Loftus tərəfindən 1854-cü ildə Kalahda aşkar edilmiş kitabədə deyilir: “… Şərqdə Siluna dağından, bütövlükdə Namri, Ellipi, Harhar, Araziaş, Mesu, Mada, Gizilbunda, bütövlükdə Munna (Manna), Parsua, Allabria, Abdadanu, Nairi, uzaqda yerləşən Andia, BAD-hu dağı, şərqdə böyük dənizin, gündoğan dənizin sahillərinədək olan ölkələrin fatehi. Mən Yuxarı Fərat bölgəsindən Hatti (Het) ölkəsi, bütövlükdə Amurru ölkəsi, Tir, Sidon, Samarra (Humri), Edom (və) Palastu, qərbdə böyük dənizədək uzanan əraziləri tabe etdim. Mən onların üzərinə bac-xərac qoydum…”Ramin Əlizadə yazır: "III Adadnirarinin tabeçiliyində olan ölkələrin içərisində Urartunun adının olmaması onun ordusunun şimal istiqamətində güclü bir maneə ilə üz-üzə qalmasını göstərir. Halbuki, bir sıra yazılı qaynaqlar və arxeoloji qazıntı materialları da sübut edir ki, Aramu və I Sarduri kimi Urartu çarları Aşşur ordusu qarşısında davam gətirə biləcək gücdə olmamışdılar. Buna görə də Şərqi Anadolu coğrafiyasının böyük bir hissəsini ələ keçirən Biain çarlığının III Adadnirarinin dövründən başlayaraq Aşşur imperiyası üçün güclü hərbi-siyasi qüvvəyə çevrilməsini söyləmək olar. Gilzan çarlığının adına həm III Adadnirarinin, həm də İşpuinin mixi yazılı qaynaqlarında rast gəlinməməsi Azərbaycanın bu qədim dövlətinin müstəqi idarə olunmasını göstərən başlıca faktdır. İstər yazılı qaynaqlar, istərsə də arxeoloji qazıntı materialları nə Aşşurun, nə də Urartunun Cənubi Azərbaycanda, əsasən də Urmiya gölü hövzəsində idarəçilik qurumlarının yerli dövlətçilik ənənələrindən üstün olduğunu sübut etmir. Gilzan çarlığı regionda baş vermiş hadisələrdə nə Aşşurun, nə də Urartunun yanında olmamışdır. Onun bu cür balanslaşdırılmış siyasəti Yaxın Şərqin iki güclü dövlətinin arasında öz mövcudluğunu qoruyub saxlamasından xəbər verir. Hətta Gilzan çarları Aşşur imperiyasına artıq əvvəlki kimi bac-xərac ödəmirdilər. Bu fakt III Adadnirariyə bac-xərac ödəyən ölkələrin içərisində onun adının çəkilməməsi ilə bir daha təsdiq olunur. Bəzi tədqiqatçılar yanlış olaraq Gilzan ərazisinin Urartu işğalına məruz qaldığını iddia edirlər. Lakin Azərbaycan dövlətlərinin yerli yazı sistemi və ya Yeni-Aşşur yazısından istifadə etmələri barədə indiyədək hansısa bir tutarlı faktın aşkar olmaması, yuxarıda qeyd etdiyimiz kimi həm Aşşur, həm də Urartu kitabələrində bu barədə heç bir məlumatın verilməməsi Gilzanın müstəqil dövlət olmasını söyləməyə imkan verir. Hətta Gilzanın Aşşur və Biain çarlıqları ilə həmsərhəd əraziləri də bu yadelli müdaxilələrinə məruz qalmamışdır. Məlum olduğu kimi Biain çarları hələ I Sarduridən başlayaraq öz kitabələrində tutduqları və bac-xərac aldıqları ölkələrdən geniş bəhs etmişlər. Lakin heç bir qaynaqda Gilzan çarlığının hakimiyyəti altında olan torpaqların ələ keçirilməsi haqqında məlumat yoxdur. Kalah kitabəsindən məlum olduğu kimi III Adadnirarinin ordusu Urmiyanın cənub-şərqindən keçərək Azərbaycanın iç bölgələrinə doğru irəliləmiş və “Gündoğan dənizin sahili”nə  gəlib çatmışdır. Burada haqqında bəhs olunan dəniz Xəzər dənizidir. Deməli Xəzər dənizi haqqında ilk məlumat verən qaynaq III Adadnirarinin dövründə tərtib olunmuşdur".
Kalah kitabəsində əks olunmuş digər bir mühüm məlumat da Andia ölkəsi haqqındadır. Andia ölkəsi Ərdəbil və onun ətrafını əhatə etmişdir. Bu bölgəyə yaxın olan ərazilər relyef müxtəlifliyi baxımından digər bölgələrdən seçilir. Cənubi Azərbaycanın ən hündür dağı olan Savalan dağı (4811 m) da burada yerləşir. Məlum olduğu kimi bizim eranın IX əsrinin sonu – VIII əsrinin əvvəllərindən başlayaraq Azərbaycan ərazisində Ərəb xilafətinin milli əsarətinə və ağır vergi siyasətinə qarşı Xürrəmilər hərəkatı başlanmışdır. Bu hərəkatın başlıca mərkəzi dağlıq ərazidə yerləşən Bəzz qalası olmuşdur. Kalah kitabəsindən məlum olur ki, Aşşur kəşfiyyat dəstəsi BADhunu keçir. A.K.Qreyson BADhu toponimi haqqında heç bir mülahizə irəli sürmür və onun yerləşdiyi coğrafiya haqqında bəhs etmir. BAD-hu KUR-úifadəsini BAD-hu dağı kimi tərcümə edir. Məlum olduğu kimi BAD şumeroqramı qala mənasında işlənmiş və sonradan sami dillərinə keçmişdir. Qeyd edək ki, BAD şumeroqramı sonradan sami dillərində, xüsusilə də bu dil ailəsinin ən qədim nümunəsi olan Akkad (Agade) dilində Bit kimi işlənmiş və şəhər-qala mənasını ifadə etmişdir. Məsələn Bit-Zamani, Bit-Aqusi, Bit-Kubatti, Bit-Abdadani və digər şəhərlərin adları da buradan qaynaqlanır. Şumer mifologiyasına görə, Bad-Tibira tufana qədərki şumer şəhərlərindən biri olmuşdur. Bu şəhər metal emalının mərkəzi idi Ramin Əlizadə yazır: "Dağlıq ərazilərdə yaşayan hurrilərin dilindən tibira sözü şumerlərə, Elam dilinə isə zabar (=tabar) kimi keçmişdir. Bu söz türk dillərində “dəmir” sözünün ekvivalenti kimi işlənmişdir. BAD-hu adı digər qədim dillərdə də işlənmişdir. Elamca “patin” vilayət, urartuca “patari” şəhər və Atropatena adındakı “-paten” komponenti məhz buradan qaynaqlanır. Sami dillərində, əsasən də ərəb dilində sonradan bu söz Beyt kimi işlənmiş və eyni mənanı ifadə etmişdir. BAD-hu KUR-ú adındakı KUR-ú geteroqramı Akkad mənşəli söz olub Yeni-Aşşur dilində tərtib olunmuş mixi yazılı kitabələrdə geniş istifadə olunmuşdur. Bu söz KUR-úsözünün ekvivalenti kimi işlənmiş və dağ mənasını ifadə etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, BAD-hu KUR-ú Azərbaycan ərazisində dağlıq ərazidə yerləşən qədim qalalardan biri olmuşdur. Andia ölkəsində yerləşən BAD-husonradan ərəbdilli qaynaqlarda Bəzz qalası adı ilə xatırlanır. Bu deyilənlərdən aydın olur ki, Aşşur kəşfiyyat dəstəsi Savalan dağının yerləşdiyi ölkəni, yəni Andianın keçərək Xəzər sahilinədək gəlib çatmışdır.
Qeyd edək ki, e.ə. VIII əsrin sonlarında Aşşur-Urartu müharibələri dövründə Manna dövləti demək olar ki, bütün Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Yaxın Şərqin bu iki işğalçı imperiyası onun torpaqlarını ələ keçirmək uğrunda mübarizə aparırdı. Aşşur ordusu e.ə.715-ci ildə Mannanın möhkəm qalalarından biri olan Pazzaši (digər adı Panziš) qalasına hücum etmişdir. Qala uzun sürən mühasirəyə davam gətirmiş, Aşşur ordusu böyük itki vermişdir. Bu qalanın yerləşdiyi yer Bəzz qalasının yerləşdiyi əraziyə uyğundur. Pazzaši (Pazzaşi) Bəzz qalasının qarşımıza çıxan ən qədim adıdır. Bu qalanın mühasirəsi zamanı yerli əhalinin ciddi müqaviməti II Sarqonun müasir Xorsabadda (qədim adı Dur-Šarruken) sarayının 14-cü otağının 2-ci divarı üzərində əks olunmuş relyef təsvirindən məlum olur. Pazzaši qalası qədim Azərbaycan əhalisinin ən etibarlı müdafiə qalalarından biri olmuşdur.Qədim Manna qalası olan Pazzaši (Bəzz) qalası həmişə azərbaycanlıların azadlıq simvolu olmuşdur. 

 

Xəbər xətti