Şuşanın işğalı digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı

18:06 - 23 Dekabr 2016 - KİVDF

Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını göstərdi


Azərbaycanın faciəsi Xocalı soyqrımı ilə bitmədi. 1992-ci ilin mart ayının sonu- aprelin əvvəllərindən başlayaraq, Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, aprelin 29-da işğal olunmuş Kərkicahan istiqamətindən Şuşa ətrafında strateji əhəmiyyətli Hacı talası və Daşaşıran adlanan ərazilərə ermənilərin güclü hücumu nəticəsində 4 nəfər azərbaycanlı həlak oldu, 12 nəfər isə yaralandı. Bütün bu hücumlar ermənilərin artıq mühasirə vəziyyətində olan Şuşaya doğru irəliləməsindən xəbər verirdi. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən güclü atəşə tutuldu. Atəş səhərə qədər davam etdi. Səhər tezdən ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Həmin vaxt, İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirilirdi. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran başçısının vasitəçiliyilə Ermənistan və Azərbaycan rəhbərləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. Bir gün sonra isə Şuşa işğal olundu. Sonra isə Kosalar və Şırlan kəndləri də düşmən qüvvələri tərəfindən tutuldu. Bu, Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq etd, ermənilərin xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etdiyini ortaya qoydu. Ermənilər bu alcaqlıqdan əvvəllər də istifadə etmişdi. Bunun üçün Xocalı coyqrımını xatırlamaq lazımdır. Həmin hadisə regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edib. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşüb və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələrinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edildi və yandırıldı, təkcə Malıbəylidə 50 nəfər öldürüldü, yaralandı və əsir götürüldü. Budur alcaq düşmənin əsl siması. Eyni metoddan Şuşanın işğalında da istifadə olubdu.
 
Vaxtilə 33 gün mühasirədə qalan, lakin təslim olmayan Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Şuşadakı mövcud qüvvələr və onların hərbi hazırlığı ermənilərlə müqayisədə çox zəif idi. Ermənilərin məlumatlarına görə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər. Nəticədə, 289 km² ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Soydaşımızın taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur. Dinc sakinlər arasında da böyük itkilər oldu, 480 günahsız vətəndaş qətlə yetirildi, təqribən 600 nəfər yaralandı. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı isə sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. 
Şuşanın işğalında Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı da önəmli yer tutdu. Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər. 1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov da Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırdı və şəhərin azad olunacağına işarə etdi. Lakin bir gündən sonra A. Mütəllibov hakimiyyətdən devrildi.  Şəhəri isə azad edə bilmədik.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edildi. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail oldular. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtıldı.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı başa çatdırılmış oldu. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. 

Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını göstərdi

Laçının işğalı isə müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağlıq Qarabağ bölgəsinin (4,4 min km²) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Fü¬zu¬li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində həmin ərazilərdəki xalqımızın çoxəsrlik tarixi və mədəniyyət abidələrinin hamısı dağıdıldı və ya məhv edildi. 
Ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti isə kütləvi qırğınlarla müşayiət olundu. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak oldu, 100 000 nəfərdən çoxu yaralandı, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu. Münaqişə dövründə 4853 nəfər itkin düşdü ki, onlardan 1357 nəfəri əsirlikdən azad edildi, 783 nəfəri isə hələ də Ermənistanda əsirliyindədi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölüb. Bundan başqa işğal olunmuş ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldı.
Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğalı ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurdu. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və ekspanatı, 44 məbəd və 9 məscid dağıdıldı, talan edildi və yandırıldı. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi-əlyazmalar məhv edildi. Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüz respublikanın 17 min km2 ən məhsuldar torpaqlarının işğalına, 7 min sənaye və kənd təsərrüfatı obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800 km avtomobil yolunun, 160 körpünün, 23 min km. su və 15 min km. elektrik xəttinin dağıdılmasma səbəb oldu. İqtisadi İnkişaf Nazirliyinin dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini Natiq Həsənovun sözlərinə görə, işğal nəticəsində Azərbaycana dəyən ümumi ziyan 431,5 milyard ABŞ dolları həcmindədir: «Bu rəqəm ayrı-ayrı nazirliklərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, həmçinin İqtisadi İnkişaf Nazirliyinin məlumatları əsasında hazırlanıb».
Əslində baş verənlər, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan  ərazisinin dörddə birinin işğalı, ermənilərin Qarabağa ərazi iddiaları, Ermənistan hökumətinin Dağlıq Qarabağı öz ərazisi elan etməsi (15 iyun 1988-ci il) və nəhayət, qanuni əsası olmayan, qondarma Dağlıq Qarabağ Respublikası elan edilməsi, orada prezident seçkilərinin keçirilməsinin tarixi kökləri qondarmalar və uydurmalar üzərində qurulsa da,  bu günədək baş verən hadisələr kesmiş Çar Rusiyası, SSRİ  və Sov. İKP rəhbərliyinin müdafiə etdiyi geosiyasi məqsədlərinin acı nəticələri, müasir Rusiya Federasiyasının, eləcə də bir sıra qərb dövlətləri başçılarının-ilk növbədə ABŞ və Fransanın ikili siyasəti, xarici ölkələrdə çox geniş təşəkkül tapmış, formalaşmış nüfuüzlu və varlı erməni lobbisinin, diasporunun fəaliyyətləri ilə bilavasitə bağlıdır.

Pünhan Əfəndiyev

 

Xəbər xətti