Ermənilər yalnız Dağlıq Qarabağla kifayətlənmək niyyətində deyildi

18:07 - 19 Dekabr 2016 - KİVDF

Birinci Dünya Müharibəsinin başlanması ermənilərin «Böyük Ermənistan» dövləti yaratmaq arzusunu yenidən alovlandırdı. Osmanlı Dövləti məğlub olduğu halda onun şərq vilayətlərinin əraziləri hesabına bu dövlətin qurulması daha asan başa gələ bilərdi. Bu məqsədə çatmaq üçün ermənilər hər cür yola baş vurdular. Onları buna havadarları təhrik edirdi. Məsələn, Erməni Patriarxı Nerses Varjabedyan Rus İşğal Qüvvələri Komandanından bu sözü və öyüdü aldı: "... Sizə heç kim özbaşına vətən qura bilməz. Bunu bizdən də istəməyin, edə bilmərik. Əgər müstəqil bir dövlət qurmaq istəyirsinizsə üsyan edin. Biz lazım olan silah və pul köməyini edərik. Hökumət qüvvələri üstünüzə gəlincə də "Müsəlmanlar xristianları qırır» deyə dünyanı ayağa qaldırarıq ... " .

Bu nəsihəti dinləyən Patriarx, həmin sözləri İngilis səfirinə eynilə söyləyib və "... Avropanın bizim müstəqillik məsələsilə maraqlanması üçün hökmən də qan axmasını görməsi gərəkirsə, yaxın bir zamanda bütün Anadolunu yanğın yerinə çevirəcəyimzə əmin ola bilərsiniz "deyib. Həqiqətən də ermənilər Şərqi Anadolunu qana boyadılar. 1914-cü ildə başlanan Birinci Dünya Müharibəsində erməni silahlı dəstələri Osmanlı Dövlətinin ərazisində, eləcə də Zaqafqaziyada cinayətlər törətdilər. Yalnız Türkiyə ərazisində yaşayan ermənilər deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər xüsusi təlimlər keçərək döyüşlərdə iştirak etdilər. Bu, təkzibolunmaz faktdır ki, erməniləri çar Rusiyası himayə edirdi. Onların hərbi dəstələrinin bütün təchizatı rus ordusu tərəfindən təmin olunurdu. Deməli, erməni hərbi könüllü dəstələri Osmanlı Dövləti ərazisində ruslar tərəfində döyüşürdü. Yəni döyüş zamanı öldürülən erməni artıq soyqırıma məruz qalan şəxs deyildi. O, döyüşdə ölmüşdü. Lakin ermənilər qəsdən həmin insanları dünya ictimaiyyətinə başqa bir adda təqdim edirdilər. Onların himayədarları  "Müsəlmanlar xristianları qırır» deyə bar-bar bağırırdılar. Əslində qırğına məruz qalanlar türklər və azərbaycanlılar idi. Türklərin yaşadığı kəndlərə hücum edən erməni silahlı dəstələri qoca, cavan, uşaq fərqi qoymadan müsəlmanları güllələyirdilər. Rusiya ordusunda xidmət edən ermənilər Birinci Dünya Müharibəsi dövründə Osmanlı Dövlətinin şərq vilayətlərinin işxal edilməsində önəmli rol oynadılar. Yaranmış vəziyyətdən isə istər Rusiya, istərsə də Antanta ölkələri öz məqsədləri üçün istifadə edirdi. Rəsmi Sankt-Peterburq ermənilərin uzaqgedən planlarını tam dəstəkləmirdi. Hətta general V.Yudeniç erməni xislətini və siyasətini yaxşıca açıqlayan belə bir mövqedən çıxış edirdi: “... ermənilərin əllərinə keçirdikləri torpaqları müharibədən sonra geri almaq və ya tutulan ərazilərin onlara məxsus olmadığını sübuta yetirmək çətin olacaqdır”. Ermənilərin plan və niyyətlərindən əsaslı olaraq ciddi rahatsızlıq duyan həmin general İ. Vorontsov-Daşkova 1915-ci il 5 aprel tarixli məktubunda hətta, Rusiyanın Osmanlıdan işğal etdiyi yeni ərazilərdə ermənilərin deyil, kazakların yerləşdirilməsini məsləhət bilirdi. Rusiyanın “Reç” qəzetində (28 iyul 1916-cı il tarixli) çap edilən bir yazıdan bu da aydın olur ki, yeni işğal edilən Osmanlı torpaqlarında rus köçkünlərin (kazaklar daxil) məskunlaşdırılması məsələsi Dövlət Dumasında da müzakirəyə çıxarılıb. Əslində Rusiyanın məqsədi işğal etdikləri torpaqları öz ərazisinə birləşdirmək idi. Sadəcə olaraq ermənilərdən məqsədinə çatmaq üçün istifadə edirdi. Təəssüflər ki, qondarma erməni məsələsini Qərb dövlətləri də ciddi olaraq müdafiə edir və erməniləri dəstəkləyirdilər. Təbii, burada Qərb dövlətlərinin öz maraqları vardı və  bu problemdən məharətlə faydalanırdılar. Son məqsəd isə Osmanlı dövlətini daxildən dağıtmaq və parçalamaq idi. 
Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bölşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) regionda vəziyyət dəyişməyə başladı. Bolşevik Rusiyası ağır vəziyyətdə idi və bu ölkədə sabitlik pozulduğundan mövcudluğu təhlükə altına girmişdi. Belə olan halda Rusiya bir sıra ölkələr ilə sülh müqaviləsi bağlamağa məcbur oldu. Bolşevik Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-Litovsk müqaviləsini imzalayaraq, 1877-1878-ci illərdəki Rus-Osmanlı müharibəsi zamanı Rusiyanın işğal etdiyi Ərdəhan, Qars və Batumini Tələt paşanın israrları nəticəsində yenidən türklərə qaytarmağa razılıq verdi. Bu əraziləri Rusiya ordusu tərk etdi. Bundan sonra ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirdi. Əvvəlcə çar hökumətinin devrilməsi, sonra isə Rusiyada bölşeviklərin hakimiyyəti ələ alması ilə Zaqafqaziyada yaranan anarxiya şəraitində erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımının yeni, daha dəhşətli dövrünü başladılar. Onlar tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə Qarabağda 157 kənd dağıdıldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Nəticədə Qarabağda ermənlərin sayı xeyli artdı. 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərməsi qırğınları daha dəşətli səviyyəyə çatdırdı. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratdılar. Bu niyyətin arxasında isə neftlə zəngin Bakının ələ keçirilməsi və «Böyük Ermənistan» planların həyata keçirilməsi üçün möhkəm maliyyə dayağının yaradılması dayanırdı. 
“Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etmədilər»
Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başladı. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edirdi. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar edir, əhalini uşaqdan böyüyədək qətlə yetirirdilər. 
 Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazırdı: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etmədilər».
Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərdilər. Bu, müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox günahsız azərbaycanlı qanına qəltan edildi. AXC hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarında bu rəqəm isə 15 min göstərilib. 
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşdı. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədildi. 1918-ci ildə Şərqi Anadoluda qırğınlar törətdikdən sonra türk qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göyçəyə, sonra Naxçıvana, oradan da Qarabağın Zəngəzur qəzasına adlayaraq, həmin ərazilərdəki müsəlman kəndlərini viran qoydular. Qarabağın Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırıldı, əhalisi məhv edildi. 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edildi.
 Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırdı, Qarabağın Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edildi, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürüldü. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürüldü və ya şikəst edildi, 50000 azərbaycanlı qaçqın düşdü. 
 İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edildi, kəndlər isə yerlə yeksan edildi. Erməni silahlı dəstələri daha sonra Qarabağın dağlıq hissəsinə yürüş etdi, onlarla kənd dağıdıldı, əhalisi məhv edildi. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirildi. Ermənilər tərəfindən əksər mədəniyyət abidələri yandırıldı və uçuruldu. Qubada qırğınlar törədildi. 
Bunlar azərbaycanlıların soyqrımının nə dərəcədə geniş miqyas aldığını göstərir. Hadisələr ermənilərin yalnız Qarabağ və ona yaxın ərazilərin hesabına deyil, bütün Azərbaycan torpaqları hesabına «Böyük Ermənistan» dövləti qurmaq istədiklərini ortaya qoydu. Bu məqsədlə də onlar Azərbaycanın hər yerində azərbaycanlıları öldürür, bu torpaqları müsəlmanlardan təmizəmə çalışırdılar. 


Pünhan Əfəndiyev
(ardı var)

 

Xəbər xətti