Georgiyevsk müqaviləsi Zaqafqaziyada vəziyyəti gərginləşdirdi

18:30 - 5 Dekabr 2016 - KİVDF

Ermənilərin nəzərdə tutduğu «Böyük Ermənistan»ın sərhədləri Azərbaycanla yanaşı Gürcüstan torpaqlarından da keçirdi


1783-cü ildə Gürcüstanın tamamilə Rusiya imperiyası tərəfində ilhaqının başlanğıcını qoyan hadisə baş verdi. İyulun 24-də Rusiya ilə Kartli-Kaxet çarlığı arasında Georgiyevsk müqaviləsi bağlandı. Həmin müqaviləyə əsasən Kartli-Kaxet çarlığı tərkibində olan Qazax, Şəmsəddin sultanlıqları Borçalı ilə birlikdə Rusiya İmperiyasının himayəsi altına keçdi. Müqavilədə İran və Osmanlı qəsbindən azad edilmiş vətəndaşların doğma yerlərinə qaytarılmasına yardım etmək öhtəliyi də nəzərdə tutulurdu. Bir sözlə Georgiyevsk müqaviləsi ermənilərin Gürcüstana gəlməsinə əlverişli şərait yaratdı. Məhz bu öhtəlikdən istifadə edən və rusların yardımından bəhrələnən ermənilər uzaqgörənlik edərək Gürcüstanda yerləşirdilər. Ümumiyyətlə, həmin dövrdə ermənilər Rusiya ilə mümkün qədər daha geniş əlaqələr yaratmağa, habelə Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən öz məqsədləri üçün istifadə etməyə cəhd göstərirdilər. Onlar regionda Rusiyanın təsirinin artdığı və nüfuzunun gücləndiyi bir vaxtda fürsəti əldən vermək istəmirdilər. Ermənimlər açıq şəkildə Rusiyadan dəstək istəyir və onun hərtərəfli yardımı ilə öz dövlətlərini qurmaq fikirində olduqlarını bildirirdilər. Bu istəyin tarixi isə daha əvvəllərə gedirdi.  Bu tarixə qısa nəzər salaq. Məsələn, XVI əsrin ortalarından etibarən Şərqə doğru genişlənməyə başlayan və geostrateji maraqlar güdən Rusiya sərhədlərinə çıxdığı dövlətlərin təbəələri olan müxtəlif xalqlara dair öz siyasətini formalaşdırmışdı. Bu zaman o həm də “Şərq məsələsi”nin həllində, Qafqazın işğalı və digər hallarda “erməni amıli”ni nəzərdən keçirmişdi. Rusiya-erməni əlaqələri çar Aleksey Mixayloviçin zamanında (1645-1676) daha da genişləndi. Bunu 1649-cu ilə aid “Məclis Qanunnaməsi”ndə ermənilərdən bəhs olunması da təsdiqləyir. Aydındır ki, bu yaxınlaşmada ermənilərin başlıca hədəfi “erməni dövlətçiliyi”ni bərpa etmək idi. Ermənilərlə Rusiyanın bir-birlərinin “işlərinə yaraması” prosesi I Pyotrun dövründə daha da sistemli və planlı şəkil aldı. I Pyotrun ən böyük arzusu mühüm strateji və ticari əhəmiyyətə malik Bosfor və Dardanel boğazlarına sahiblənmək, bunun vasitəsilə Aralıq dənizinə, habelə İranı işğal etməklə Hind okeanına çıxış əldə etmək idi. Bu məqsədə çatmaq üçün gələcəkdə ermənilərdən bölgədə Türkiyəyə və Irana qarşı istifadə nəzərdə tutulurdu.  I Pyotrun “erməni məsələsi”nə dair siyasətini II Yekaterina (1767-1796) da məqsədyönlü qaydada davam etdirdi. II Yekaterina “Rusiyanın himayəsi ilə Erməni çarlığını bərpa etməyə razılığını” bildirdi. Maraqlıdır ki, XVIII əsrin altmışıncı illərindən başlayaraq erməni emissarlarının Moskvaya səfərləri müntəzəm xarakter aldı. Hətta uzaq Hindistandan Moskvaya gələn İosif Emin Rusiyanın köməyi ilə «Ermənistanı Osmanlı –Türk əsarətindən xilas edib» bu dövlətin protektoratlığı altında erməni dövləti yaratmaq ideyasını irəli sürürdü. Maraqlı burasıdır ki, həmin dövrdə Rusiyanın himayəçiliyini qazanmağa çalışan Kartli çarı II Teymuraz da müəyyən mənada erməni İosifin ideyalarını dəstəkləyirdi. Lakin o zaman nə II Teymuraz, nə də  başqaları İosifin «Ermənistan torpaqları» deyəndə hansı əraziləri nəzərdə tutduğu ilə qətiyyən maraqlanmırdı. Sonrakı illər və əsrlər isə sübut etdi ki ermənilərin nəzərdə tutduğu «Böyük Ermənistan»ın sərhədləri Azərbaycanla yanaşı Gürcüstan torpaqlarından da keçirmiş, üstəlik də tarix, müəyyən dərəcədə, erməni xülyalarının həyata keçdiyinin Azərbaycan və Gürcüstan torpaqlarının bir qisminin ermənilər tərəfindən zəbt edilməsinin şahidi oldu. Borçalının Loru nayihəsi ermənilərin ərazi iddialarının qurban getdi. 
Georgevsk müqaviləsi bağlandıqdan sonra vəziyyət dəyişməyə başladı. Müqavilə imzalandıqdan bir neçə il sonra, 1787-də Gəncəli Cavad xanın və Qubalı Fətəli xanın ciddi tələblərindən sonra Şəmşəddil ərazisinin idarə olunması Gəncə xanının ixtiyarına verildi, Qazax və Borçalı Gürcü çarının tabeliyində qaldı. II İrakli Borçalının bir hissəsini oğlu Georgiyə varidat verdi. 
Tarixi mənbələrdən aydın olur ki, Qarabağ hakimi İbrahimxəlil Xan da Qazax–Borçalıyı Gürcüstan çarına güzəştə getməyə razı idi. Bir şərtlə ki, yerli əhali Qarabağ–Gəncə yörələrinə köçsün. 1787-ci ilin yazında Kartli–Kaxet qoşununun Rusların yardımıyla Gəncə–Qarabağa hücumu zamanı vaxtilə Borçalıdan buraya qaçmış 200 ailənin geri qaytarılmağı tələb olundu. İbrahimxəlil xan borçalıları vermək istəmirdi. Borçalıların bir qismi qaçıb doğma yurda qayıtdı. Həmin vaxtlar bu əraziləri II İraklinin müvəkkili general-adyutant Qarsevan Çavçavadze (Aleksandre Çavçavadzenin atası) idarə edirdi. Yor-Muğanlı da ona bağışlanmışdı. 
 Georgiyevsk müqaviləsi ilə Borçalı sultanlığı da daxil olmaqla Gürcüstanın Rusiya himayəsinə keçməsi isə İran şahı Ağa Məhəmməd şah Qacarın qabaqlayıcı tədbirlər görməyə məcbur edirdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeritdi. Keçilməz Şuşaqalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyildi və bunu anlayan Ağa Məhəmməd şah Qacar qoşunun ağzını Tiflis tərəfə döndərdi. Onun məqsədi Azərbaycanı birləşdirmək idi. Bu birləşdirmənin başqa bir əhəmiyyəti də vardı. Çünki Osmanlı sultanı III Səlim Ağa Məhəmməd şah Qacara məktubunda qeyd eləmişdi ki, “əgər Tiflisi tutsan, səni hökmdar kimi tanıyaram”. Və bununla Ağa Məhəmməd xan Qacar özünü sübut etdi. 1795-ci ildə - gürcülər Kırçanisi savaşı deyir - Soğanlıq döyüşündə II İrakli üzərində möhtəşəm qələbə qazandı. "Bu yürüşdən əvvəl Ağa Məhəmməd şah Qacar II İrakliyə məktub göndərmişdi ki, “siz daim bizim taxt-tacımıza sadiq olanlardan biri idiniz. İstəyirəm ki, siz aman boyunduruğunu və itaət kəndirini yenidən belinizə bağlayasınız”. İrakli isə rədd cavabı verib. Bu zaman Ağa Məhəmməd şah Qacar onu ağlı çaşmış qoca adlandırıb. Tiflis tutulandan sonra İrakli əvvəlcə Qaraqalxan yaylağına, oradan da İmeretiyə qaçıb. Tiflis isə yenidən qızılbaş şəhərinə çevrilib. Guya orada əhalinin kütləvi surətdə qırılması barədə iddialar isə kökündən yanlışdır. Əgər 1795-ci ildə Tiflis əhalisi qırılsaydı, 1801-ci ildə rus ordusu ora daxil olanda o şəhərdə heç kim olmamalı idi. Bu, sağlam məntiqə uymur. Nədənsə, bizim tarixşünaslığımızda da bizi məğlub kimi göstərməyə çalışdıqlarından Ağa Məhəmməd xan Qacarın Valerian Zubovun ordusunu darmadağın etməsi haqqında heç yerdə məlumat verilmir. Ancaq bu döyüş olub. Valerian Zubovun ordusunun Quba xanı Şeyxəli xan tərəfindən Alpanı döyüşündə darmadağın edilməsi ədəbiyyata yenicə yol tapır. Bunları gənc nəsil də bilməlidir",- BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli bildirib.  Borçalıda yerləşən ermənilər qorxudan Borçalının qüzeyinə- Barmaqsızkörpü (Zalqa) tərəflərə qaçdılar. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşündə iştirak edən Cavad xan Qacar Borçalı, Qazax və Şəmşəddil sultanlıqlarını Gəncə xanlığının tabeliyinə qaytardı. İki ildən sonra rusların general  V.A. Zubovun başçılığı altında Gürcüstana yürüşünə cavab olaraq, Ağa Məhəmməd şah Qacar 1797-ci ildə böyük bir qoşunla yenidən Qafqaza doğru irəlilədi. O, Gürcüstana yolun üstündə olan Şuşanı ələ keçirdi. Qarabağ xanı İbrahim Xəlil xan Azərbaycanın şimalına qaçdı. Lakin Ağa Məhəmməd şah Qacarın Gürcüstana yürüşü bu dəfə baş tutmadı. Şahı onun öz qulluqçuları qətlə yetirirdilər. Qoşun isə İrana qayıtmalı oldu. Qacarın qohumu Baba xan Fətəli şah adı altında şah elan olundu. Ağa Məhəmməd şah Qacarın öldürülməsi Borçalının sonrakı taleyini həll etdi, Rusiya imperiyası tərəfindən işğalını asanlaşdırdı. II İrakli 1798-ci ilin yanvar ayında öldü. Onun yerinə taxta XII Georgi çıxdı. Yeni Kartli-Kaxet çarı Rusiya imperatoru I Pavelə Kartli-Kaxeti Rusiya tərkibinə qəbul edilməsini xahiş etdi. Saqafqaziya yeni əsrə belə bir vəziyyətdə qədəm qoydu.
Pünhan Əfəndiyev

Xəbər xətti