Ağqoyunlu dövlətinin Avropa ölkələrilə ticarət əlaqələri

18:44 - 31 Oktyabr 2016 - KİVDF

Bu, Osmanlı Türkiyəsi ilə dərin ticarət ziddiyyətləri nəticəsində yaranmışdı


Ağqoyunlu dövlətinin Qərbi Avropa ölkələrilə əlaqələri və "osmanlılara qarşı müharibəyə hazırlıqları, hər şeydən əvvəl... Xorasandan Qaramana qədər uzanan..." və Kür çayından İran körfəzinədək geniş ərazini əhatə edən bir ölkənin hökmdarı Uzun Həsənin Qərb dövlətləri ilə bilavasitə ticarət əlaqələri yaratmaq siyasətindən irəli gəlmişdi, Osmanlı Türkiyəsi ilə dərin ticarət ziddiyyətləri nəticəsində yaranmışdı. Göründüyü kimi, bu ziddiyyətlər dövlətin iqtisadi qüdrəti üçün həyati əhəmiyyəti olan xarici ticarətlə-ipək ticarəti ilə bağlı idi. Ağqoyunlu-Osmanlı ticarət ziddiyyətlərindən danışarkən konkret olaraq iki əsas cəhəti nəzərə almaq lazımdır: 1) XIII-XV əsrlərdə Yaxın və Orta Şərqdə cərəyan edən siyasi hadisələr Asiyanı Avropa ilə əlaqələndirən ticarət yollarında bir sıra dəyişikliklər əmələ gətirmişdi. Məlum olduğu kimi, əvvəllər Ön Asiya şəhərləri Şərqlə Qərb arasındakı ticarəti əlaqələndirən yeganə mərkəzlər deyildilər. Müxtəlif cür Şərq malları Çin, Hindistan və Orta Asiyadan Həştərxan vasitəsilə Qara dəniz sahillərinə - Tanaya da gətirilir, buradan isə 6-7 Venesiya gəmisində İtaliyaya aparılır, bütün Avropada yayılırdı. Lakin sonralar vəziyyət dəyişdi. 1395-ci ildə Həştərxanın, 1400-cü ildə isə Bağdadın Teymur tərəfindən dağıdılması Təbrizin ticarət əhəmiyyətini daha da artırdı. Təbriz Yaxın Şərqin ən böyük ticarət (habelə elm və mədəniyyət) mərkəzinə çevrildi. Hələb və Bursa vasitəsilə İtaliyadan gətirilən mahud, Şirvan, Gürcüstan, Gilan, Yezdin xam və toxunulmuş ipəyi, Hindistandan gətirilən nadir boyalar və ədviyyat şeyləri məhz Təbriz bazarlarında satılırdı. Demək olar, bütün Şərqin ticarət sinirlərini özündə birləşdirən Təbriz, həm də Şərq mallarını xarici ölkələrə ixrac edən mühüm məntəqə idi. Təbrizin ixracatında xam ipək əsas rol oynayırdı. Təbriz və başqa Azərbaycan şəhərlərinin ticarət əhəmiyyətinin artması, ümumiyyətlə, Ağqoyunlu dövləti ərazisindən keçən karvan yollarının canlanması ilə əlaqədar idi. XV əsrin II yarısında Ağqoyunlu ərazisindən beynəlxalq əhəmiyyəti olan mühüm karvan yollan keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbriz-Xəzər sahili Azərbaycan rayonları və Həştərxan vasitəsilə Moskva ilə birləşdirirdi. Azərbaycanla, həmçinin başqa Şərq ölkələri ilə, Rusiya arasında qarşılıqlı ticarət əlaqələrinin genişlənməsində böyük əhəmiyyəti olan həmin yolda üstünlük Şirvan tacirlərinə məxsus idi. Ağqoyunlu ərazisindən keçən digər mühüm karvan yolu Hindistan, İran və Azərbaycanı Qara dənizlə birləşdirən Hörmüz-Təbriz-Trabzon ticarət yolu idi. Bu yol vasitəsilə Trabzona və Kafaya gətirilən Şərq malları (xüsusilə xam ipək) Venesiya və Genuya tacirlərinin əlinə keçir, Konstantinopol vasitəsilə bütün Avropada yayılırdı. Öz növbəsində boğazlardan keçirilərək Trabzona və Kafaya gətirilən Avropa malları Təbriz vasitəsilə müxtəlif Şərq ölkələrinə göndərilirdi. Beləliklə, göstərilən ticarət yolu Qara dəniz vasitəsilə Avropa-Asiya ticarətində, habelə Ağqoyunlu dövlətinin iqtisadi həyatında mühüm rol oynayırdı. Bağdadın və Həştərxanın süqutundan sonra Təbriz-Trabzon karvan ticarəti daha da canlanmışdı. Konstantinopolun Türkiyə tərəfindən fəthinədək bu yol Avropa-Şərq ticarətində mühüm rol oynayırdı. Lakin bununla belə, bəzi tarixçilərin 1453-cü ildə Konstantinopolun türklər tərəfindən alınmasınadək Şərqlə bütün ticarətin Konstantinopol, Trabzon, Kafa və Təbriz vasitəsilə aparıldığını iddia edən fikirləri elmi əsasa malik deyil. Çünki Avropa tacirləri hələ 1453-cü ildən, yəni Konstantinopolun fəthindən çox-çox əvvəl Aralıq dənizi vasitəsilə Ön Asiyadakı ticarət mərkəzlərində, xüsusən Hələb, Şam (Dəməşq), Trablis, Beyrut və başqa şəhərlərdə müxtəlif Şərq ölkələrindən gəlmiş tacirlərlə qızğın ticarət edirdilər. Asiyanın içərilərindən bu məşhur ticarət mərkəzlərinə gələn karvan yolları da Ağqoyunlu dövlətinin ərazisindən keçirdi. İtaliyadan gətirdikləri mahudu və digər məhsulları satan Venesiya tacirləri Hələb, Şam, Beyrut, Bursa və başqa Ön Asiya şəhərlərində Təbrizdən gələn ipək karvanlarını qarşılayırdılar. 1474-cü ilin sentyabrında Təbrizdə olan venesiyalı Ambrocco Kontarini buradan karvanlarla Hələbə çoxlu ipək yola salındığını qeyd edir. Osmanlı Türkiyəsi boğazlarda möhkəmləndikdən sonra Hələb, Beyrut, Şam və başqa Ön Asiya şəhərləri Ağqoyunlu tacirlərinin avropalılarla əlaqə saxladığı ən əlverişli məntəqələr idi. Şərq ölkələrinin Avropa ilə ticarət əlaqələrinin həyata keçirilməsində Təbriz-Bursa-İstanbul yolunun da böyük əhəmiyyəti vardı. Göründüyü kimi, XV əsrin II yarısından Ağqoyunlu dövlətinin ərazisindən Asiya ilə Avropanı əlaqələndirən mühüm beynəlxalq ticarət yolları keçirdi. Bu karvan yollarının Qərbi Avropa ölkələrinin xam və toxunulmuş ipəklə, habelə başqa Şərq malları ilə təmin olunmasında böyük rolu vardı. Ağqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəri isə, demək olar ki, bu yolların hamısının qovşağında olmaqla sanki Asiya-Avropa ticarətini tənzim edirdi. Həm Aralıq dənizi, həm də Qara dəniz sahilindəki ticarət mərkəzlərində Azərbaycan ipəyinin əsas alıcıları italiyalılar, birinci növbədə venesiyalılar idilər. Ağqoyunlu hökmdarları ölkəni xarici ticarət üçün əlverişli olan bu mövqeyindən geniş istifadə edirdilər. Dövlətin ərazisindən keçən karvanlardan alınan gömrük Ağqoyunlu dövlətinin əsas gəlir mənbəyi idi. Uzun Həsənin fərmanı ilə bütün iri ticarət mərkəzlərində gömrükxanalar yaradılmışdı. Türk tarixçisi Fəxri Dalsar Uzun Həsənin gömrük qanunlarından bir neçəsini nəşr etdirmişdir. Bu qanunlara əsasən, Ağqoyunlu ərazisindən Qərbə aparılan hər Diyarbəkr batmanı ipəkdən 48 Diyarbəkr axçası gömrük alınırdı. Sonralar bu rəqəm 12 axça da artırıldı. Uzun Həsənin gömrük qanunlarında tez-tez firəngi atlasların, qumaşların adı çəkilir ki, bu da Ağqoyunlu dövlətinin avropalılarla geniş ticarət əlaqələri olduğunu sübut edir. XV əsrin 60-70-ci illərindən Osmanlı imperiyası Ağqoyunlu-Avropa ticarət əlaqələri yolunda təhlükəli maneəyə çevrilmişdi. Sultan II Mehmedin ağır gömrük siyasəti Ağqoyunlu dövlətini yuxarıda göstərdiyimiz əsas gəlir mənbəyindən məhrum etmək məqsədi daşıyırdı. 2) Ağqoyunlu-Avropa tranzit ticarətində Osmanlı Türkiyəsi ərazisindən keçən karvan yolları da böyük rol oynayırdı. Əgər Təbrizə toplanan Şərq mallarının bir qismi karvanlarla Trabzon və Hələbə göndərilirdisə, digər mühüm qismi Türkiyə ərazisində avropalıların qızğın ticarət etdikləri ticarət və toxuculuq mərkəzlərinə yola salınırdı. Bəhs etdiyimiz dövrdə ipək Anadoluya əsasən üç istiqamətdən - Təbriz, Hələb və Trabzondan gətirilirdi.
 Azərbaycan-Türkiyə və Azərbaycan-Avropa ticarət əlaqələrində Təbriz-Bursa karvan yolu mühüm rol oynayırdı. Bu karvan yolunda ən mühüm məntəqə Toqqat idi. Təbrizdən gedən ticarət karvanları Toqqatda Şirvan, Gəncə və Gürcüstandan gələn ipək karvanları ilə birləşir və Bursaya yönəlirdi. Bursaya gedən ipək karvanlarında təxminən 300-400 heyvan olurdu. Türk tarixçisi İnalcik Xəlil XV əsrin II yarısında Bursanın Aralıq dənizi ölkələri üçün Hələb kimi mühüm bir ipək bazarına çevrildiyini göstərir. Bursa Azərbaycan ipəyi ilə Qərbi Avropadan gətirilən yun malların mübadilə edildiyi beynəlxalq ticarət mərkəzi idi. Təbrizdən gələn hər karvan Bursaya orta hesabla 200 tay ipək gətirirdi. Şirvan ipəyi də Bursa ticarətində mühüm yer tuturdu.

Yaqub Mahmudov
(ardı var)

Xəbər xətti