Azərbaycanda İİV-ə yeni yoluxanların sayı açıqlanıb

11:10 - 27 Oktyabr 2016 - Cəmiyyət

Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Səhiyyə Nazirliyindən ucnoqta.az-a verilən məlumata görə, belə ki, 2016-cı ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.Bu ilin 9 ayı ərzində Azərbaycanda 474 nəfər İİV-ə (insanın immunçatışmazlığı virusu) yeni yoluxub. Onlardan 365-i (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 365 yerli sakinlərdən 232-i (63,6%) kişi, 133-ü (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV-infeksiyasından 43 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.
2016-cı ilin 9 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 72 nəfər (19,7%) parenteral, 228 nəfər (62,5%) heteroseksual, 8 nəfər (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfər (1,4%) şaquli yolla, 52 nəfərin (14,2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5025 İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3642-si (73,2%) kişi, 1383-i (26,8%) qadındır. QİÇS mərhələsində olan İİV-lə yaşayan insanların sayı 1360 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 788 nəfər olub.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 7,5% -də yoluxma yolu müəyyən edilməyib.
Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Bu il 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib ki, onlardan da 49 nəfəri yeni aşkar olunan şəxslərdir.

Xəbər xətti