"Gündəmdə olmağı xoşlamıram"

15:26 - 19 Oktyabr 2016 - MAQAZİN

"Türkan Şorayı canlandırmağımı istədilər" -  Çiçək

“Yeni verilişlərim çox yaxşı gedir. Biri şeirlərlə bağlıdır, digəri “Şans mələyi” adlanır. Burada imkansız ailələrin evlərini təmir etdirəcəyik”. Bu sözləri Axşam.az-a açıqlamasında Çiçək ləqəbli aparıcı Şəhla Vakkas deyib. 
O bildirib ki, televiziyanı çox sevmir:
“Mövsüm yeni başlayıb. Mən artıq rəhbərliyə deyirəm ki, mövsüm sonunda verilişləri bitirək. Efiri çox sevmirəm. İşim çoxdur, çatdırmaq olmur. Ona görə də çox işə girə bilmirəm, uzaqda qalıram. Bir də yarımçıq iş edə bilmərəm. Əgər nəyəsə əl atdımsa, onu tam yerinə yetirməliyəm.
Gündəmdə olmağı xoşlamıram. O qədər açılışlara dəvət alıram ki... Mənim dünyama uyğun deyil. Ürəyimcə olmayan nəyisə edə bilmərəm. Bunu edənə pis baxmıram, amma mən o işdən zövq almıram. Əgər bir şey mənə əziyyət verirsə, onu etmirəm”.
Çiçək toy dəvətlərini qəbul etmədiyini söyləyib:
“Hədsiz açılış və toy dəvətləri olur. Reklam çəkilişləri deyirlər. Özümü insanlardan bezdirmək istəmirəm. Biri var gəlirsən, bir-iki ilə gözləri yorursan və tükənirsən. Bundan sonra birdəfəlik getməlisən. Məncə arada gəlib, az görünüb, sonra yox olmaq daha yaxşıdır. Bir də insanların sevgisi önəmlidir. Bunu qazana bildinsə, demək hər şey əladır”.
Aparıcı türkiyəli aktrisa Türkan Şorayın obrazını canlandırmaq təklifi aldığını deyib:
“Bu yaxınlarda bir film təklifi aldım. Orada Türkan Şorayın gəncliyini canlandırmağımı istədilər. Amma razılıq verə bilmirəm, vaxt yoxdur. Səhər salona gedirəm, sonra radioya, oradan televiziyaya. Bir evə gedib, uşağımın da üzünü görüb, dərsləri ilə maraqlanmalıyam axı. Bəziləri hər şeydən uzaq qalmağımı saymamazlıqla əlaqələndirir. Bununla heç bir əlaqəsi yoxdur”.


Xəbər xətti