Ağa Məhəmməd şah Qacarın əsas məqsədi Azərbaycanı yenidən birləşdirmək idi

19:35 - 12 Avqust 2016 - KİVDF

Azərbaycan dövlətlərinin quruluşunda qacarların misilsiz xidmətləri var

 
Erkən orta əsrlərdən başlayaraq artıq qacarlar Azərbaycan tarixində çox mühüm izlər qoyublar. Bu izləri silmək mümkün olmayıb. Yəni, əgər hunlar dövründə bunlar “ağaçəri” adlanırsa, Xəzər xaqanlığının tərkibində olduğu dövrdə Bizans mənbələrində “akkaçir”, hətta “akkazur” formasında işlənir. Azərbaycan dövlətlərinin quruluşunda qacarların misilsiz xidmətləri var. “Oğuznamə”lərdə verilən məlumata görə, qacarlar bir ucu Diyarbəkir, o biri ucu isə indiki Astrabada, şimalda isə hətta Dərbəndə qədər uzanan ərazilərdə yaşayırdılar. Artıq Həsən padşah Bayandurlunun dövründə nədənsə qacarları Azərbaycanın mərkəzinə doğru yığmağa başladılar.  
Qacarlar Səfəvi dövlətinin qurulmasında yaxından iştirak edən 8 türk tayfasından ən böyüklərindən biri idi. Bunları BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli deyib. Onun sözlərinə görə, Səfəvi qoşununun böyük bir hissəsi qacarlardan təşkil olunurdu. "Qacarlara verilən ən kiçik titul bəylərbəylik idi. Məsələn, 1551-ci ildə Şəki tamamilə Səfəvilərə birləşdiriləndən sonra Toyğun bəy Qacar ora hakim təyin edilir. Şirvan birləşdiriləndən sonra əvvəlcə Əliqulu xan, daha sonra Peykər xan Qacar ora vali təyin edilir, Gəncəyə Şahverdi xan Qacar başçı təyin edilir.  Bu isə onu göstərir ki, qacarlar Səfəvi dövlətində də çox mühüm rol oynayan əsas tayfalardan biri idi, onlara tam şəkildə etibar edilirdi. Eyni sözü Nadir şah dövrü barədə də demək olar. İstər Nadir şah dövlətinin qurulmasında, istər əfqanların, istər rusların, istər osmanlıların Azərbaycandan qovulmasında təbii ki, Qacar tayfasının böyük rolu olub. Nadir şahın ölümündən sonra qardaşı Adil şahın qacarlarla münasibəti əvvəlcə yaxşı idisə, sonradan pisləşməyə doğru getdi",- tarixçi deyib.
Bu tayfanın ən böyük şəxsiyyətlərindən biri Ağa Məhəmməd şah Qacardır. Mənbələr onun doğum tarixi ilə bağlı müxtəlif dövrləri qeyd edirlər. Bəzi mənbələrə görə, 1741-ci il noyabrın 8-də, digər mənbələrə görə isə 1742-ci ilin iyun ayında doğulub. Məhəmməd xan Qacarın formalaşmasında onun anası Ceyran xanımın çox böyük xidməti olub. Qacarların Dəvəli boyundan olan Ceyran xanım həddən artıq gözəl xanım olub, onu qənirsiz gözəl deyə təsvir edirlər. Eyni zamanda, dövrünün ən savadlı qadınlarından biri olub. Tarixçi Kərəm Məmmədli bildirir ki, Ağa Məhəmməd xanla bağlı mənbələrdə dolaşıqlıq var, xüsusilə onun başına gətirilən faciə ilə bağlı. Tarixçi deyir: "Onun uşaqlığı elə bir dövrə təsadüf edir ki, 1747-ci ildə Nadir şah öldürülərkən Ağa Məhəmməd azyaşlı uşaq idi.  Bəzi mənbələrin verdiyi məlumata görə, Nadir şahdan sonra hakimiyyətə gələn Adil şahın atası Məhəmmədhəsən xan Qacarla əlaqə qurmuşdu, ona həddən artıq etibar etmişdi. Lakin sonradan nədənsə aralarında soyuqluq yaranır. Buna görə də bəzi mənbələrə görə, guya Adil Şah 6 yaşlı Ağa Məhəmməd xanı axtalatdırır. Lakin bu həqiqətə uyğun gəlmir. Çünki pislik edəcəyin adama vəzifə vermək sağlam məntiqə uyğun bir şey deyil. Bu dövr ona görə qarışıq dövr hesab olunur ki, Nadirin qurduğu imperiya - Anadoludan başlayıb Dehliyə qədər uzanan imperatorluq parçalanarkən, üstəlik, onun tərkibində olan, həm də dövlətin metropoliyası olan Azərbaycan 17 yerə parçalanmışdısa, bütün imperiya ərazisində necə hərc-mərclik yarana bilərdi?".  
Təbii ki, Ağa Məhəmməd şah Qacarın fəaliyyəti haqda danışmalıyıq.  Tarixçi deyir: "Dediyimiz kimi, onun atası Məhəmmədhəsən xan Qacar İraqi-Əcəm hakimi idi. İraqi-Əcəm dedikdə indiki İran İslam Respublikasının Xəzər dənizindən şərqə tərəf olan hissəsi nəzərdə tutulur. Ağa Məhəmmədhəsən şah Qacar Azərbaycanı birləşdirməyə çalışırdı. O, Şiraz, Qarabağ xanlığına yürüşlər edib. Lakin təəssüf ki, o, bu yürüşlərdə uğur qazana bilmədi. Onun işini oğlu Ağa Məhəmməd xan davam etdirdi. 1759-cu ildə Məhəmmədhəsən xan Qacar öldürüldükdən sonra onun oğlu Ağa Məhəmməd xan fəaliyyətə başladı. Onun ilk fəaliyyəti hakimiyyəti qəsb etmiş Kərim xan Zəndə qarşı mübarizə olur. 1759-cu ildən 1761-ci ilə qədər Ağa Məhəmməd xan Kərim xan Zəndlə dəfələrlə toqquşub. Nəticə necə olur? Bir neçə dəfə çox az saylı dəstə ilə, təxminən 500 atlı ilə Mazandaran ətrafında Kərim xan Zəndin 4 minlik qoşunu ilə döyüşür və mühasirəni yarmağa nail olur. Lakin sonradan Mazandaran hakimi onu xəyanət yolu ilə əsir tutaraq Kərim xan Zəndə verir.  Ağa Məhəmməd şah Qacarın haqqında “axta şah” ifadəsinin işlənməsi barədə mənbələrdən birində məlumat verilir ki, o mühasirədən çıxarkən arxadan atılan güllə onun qasıq nahiyəsinə dəymişdi. Bundan sonra onun üzündə də dəyişikliklər olmuşdu, həm də o kişilik funksiyasını yerinə yetirə bilmədi. Bu da versiyalardan biridir. Bəs əsirlikdə Məhəmməd xan Qacar nə görüb? Kərim xan Zənd onu qardaşı, eyni zamanda anası Ceyran xanımla birgə öz yanına aparır. Üçüncü versiyada deyilir ki, Məhəmməd Qacar istər boy, istərsə də üzdən yaraşıqlı olub. Mənbələrin yazdığına görə, onun Kərim xan Zəndin qardaşı Zəki xan Zəndin qızı ilə gizli görüşünü görüblər. Bundan sonra Ceyran xanımın yalvarışlarına baxmayaraq, Zəki xan Zənd onu axtalatdırır". 
Əsirlikdə olduğu dövrdə Ağa Məhəmməd xan Qacar fiziki təmrinlərlə məşğul idi. Eyni zamanda Tərcimi deyilən ilahiyyat aliminin mühazirələrinə qulaq asırdı, XII əsrdə Əndəlusda yaşamış məşhur İbn Tüfeylin əsərləri ilə tanış idi, astronomiya, riyaziyyat ilə məşğul olurdu. Lakin əsirlik əsirlik idi. Və Ağa Məhəmməd xan sanki fürsət gözləyirdi. Bu fürsət onun əlinə 1782-ci ildə düşdü. Əslində, Kərim xan Zəndin Ağa Məhəmməd xan Qacara qarşı münasibətinin dəyişməsinə təbii ki, Qacarın bibisinin Kərim xan Zəndin həyat yoldaşı olması məsələsi də mühüm rol oynayırdı. Kərim xan Zənddən qaçan Ağa Məhəmməd xan Qacar artıq 1785-ci ildə Azərbaycanı birləşdirmək fəaliyyətinə başlayır. Tarixçi Kərəm Məmmədli deyir: "Mən çəkinmədən deyə bilərəm ki, bu, Azərbaycanın birləşdirilməsi idi. Çünki o zaman Azərbaycan deyəndə indiki kimi İran deyə səslənmirdi. Dövlətin adı da İran dövləti şəklində işlənmir - Məmləkəti Məhrusi Qacar, yəni Qacarlar məmləkəti deyə səslənirdi. Paytaxtı da Ağa Məhəmməd xan Qacar düşünərək seçib. Tehran şəhəri fars dilində heç bir məna ifadə etmir, bu türk dilində dik aran, yəni yüksək ovalıqda yerləşən aran deməkdir. Şəhər orada salınmışdı. Çünki birbaşa Azərbaycan sərhədlərində idi. Kərim xan Zənd ora fikir versə də, oranı paytaxt kimi seçmədi. Fars ənənəsinə sadiq qalaraq, Şirazı paytaxt elan etmişdi. Lakin Ağa Məhəmməd şah Qacar Tehranı seçdi və oranı paytaxt elan etdi". 
1785-ci ildə Ağa Məhəmməd şah Qacar tam gücü ilə fəaliyyətə başladı və yenə də onun qoşununun sayı o qədər də çox deyildi. Altı min, 4000, hətta 600 atlı ilə Şirazı tutması haqqında məlumatların yer aldığı mənbələr var. Sonradan onun ordusunu kimlər təşkil etdi? Vaxtilə Şah İsmayıl Xətai ordunu necə komplektləşdirmişdisə, Ağa Məhəmməd şah Qacar sanki o yolu davam etdirirdi. Yəni, onun ordusunda əsas nüvə rolunu Azərbaycan, türk tayfaları oynayırdı – qacarlar, qaragözlər, qarapapaqlar. Bəzi mənbələrdə qacarların özlərini qarapapaqlar hesab edirlər. Məşhur amerikalı alim Vilyam Fişer qeyd edir ki, qarapapaqlar əslində qacar sülaləsindəndirlər və qacar sözünü daha çox qarapapaqlara bağlayırlar. Bunu təbii ki, onların başlarına qoyduqları papaqla da izah etmək mümkündür. Çünki qacar şahlarının əksəriyyəti rəsmi geyimlərində tacdan çox qara papaq üstünə qızıl zəncir vurulmuş şəkildə təsvir olunur. 
(ardı var)

Xəbər xətti