Zığ-Hövsan yolunun yenidən qurulması davam etdirilir

11:43 - 27 İyul 2016 - Xəbər

 Bakı şəhəri Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. "Azəravotyol" ASC-dən verilən məlumata görə, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu salınarkən o vaxtkı hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilmişdir. Hazırkı hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə avtomobil yolunda hərəkət zamanı müəyyən problemlər yaranırdı.
24,5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6,8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17,7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6,8 km yolun 1,1 km-i I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib.
Burada ayrıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 m olmaqla, yol yatağının eni 35 m-dir. Yol boyu hər iki istiqamət üzrə 2 m enində səkilər və 400 m uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.
6,8 km-lik Zığ-Hövsan yolunun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurularaq hər iki istiqamət üzrə 2 olmaqla, 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Layihəyə əsasən, avtomobil yolunda hərəkət hissəsinin eni 18,5 m, ayrıcı zolağın eni 3 m, hər iki istiqamət üzrə çiyinlərin eni 3 m olmaqla torpaq yatağının eni 27,5 m olması nəzərdə tutulub.
Bundan başqa, əsaslı yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 m enində piyada səkiləri tikiləcək. Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə 8 yerdə 400-500 m uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub. Həmçinin, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə yerüstü piyada keçidinin inşası aparılacaq.
Hazırda Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsində mühəndisi kommunikasiya xətlərinin köçürülməsi, 1-1,5 metr dərinlikdə yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması və qazılan hissələrə karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, həmçinin suötürücü boru və keçidlərin inşası işləri aparılır.
Zığ-Aeroport yolundan Zığ-Hövsan yoluna avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə yeni dairə və yol hissəsi də inşa edilir. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilər asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə, yolun 130 min kv.m sahəsinin üçqat asfaltlanması planlaşdırılır.

Xəbər xətti