Binə qəsəbəsinin Əli İsazadə küçəsi yenidən qurulur

11:39 - 22 İyul 2016 - Xəbər

“Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən qəsəbənin Əli İsazadə küçəsinin (“Südçülük sovxozu” deyilən əraziyə gedən yol) yenidən qurulmasına başlanılıb.

ASC–nin mətbuat xidmətindən verilən məlumata görə, küçənin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 22 metrə qədər genişləndirilir. Dörd hərəkət zolaqlı olması nəzərdə tutulan yolun hərəkət hissəsinin eni bir metr enində ayrıcı zolaq da daxil olmaqla 17 metr təşkil edəcək. Yol boyu hər iki istiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2 metr enində piyada səkiləri tikilir. Bundan əlavə, sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi də qurulacaq. Layihə çərçivəsində həmçinin səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılacaq.

Hazırda yolda kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri görülür, yol yatağı və yol əsasının tikintisi işləri aparılır. Bu işlərə paralel olaraq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə 80 min kvadratmetr əraziyə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.


Xəbər xətti