Türkmənçay müqaviləsi Azərbaycan tarixinin ən faciəvi müqavilələrindən biridir

19:38 - 21 İyul 2016 - KİVDF

Son nəfəsində “Azərbaycan” deyərək dünyaya göz yuman şahzadə

Tarixçi Əminə Pakrəvan yazır: "Şahzadə bir tərəfdən Şahın iradəsi üzərə, digər tərəfdən, çevrəsinin təlqini nədəni ilə öncə Şuşaya hücum etməklə razılaşdı. Ordu Şuşaya doğru hərəkət etdi. Şuşanın mühasirəsinin uzun sürəcəyi düşünüldüyü üçün böyük sursat və ərzaq daşınmaqda idi. Heç şübhəsiz ki, bu hərəkətlilik Şuşada olan rus ordusunun gözündən qaçmırdı. Günlər keçdi, ancaq möhkəm qalalarla qorunan bu şəhərdəki ruslardan Azərbaycan ordusuna qarşı heç bir hərəkət və top atəşı görünmədi. Şahzadə Şuşaya hücum etmək üçün tələsmirdi. Düşünürdü ki, Şuşa əhalisinin də daxildə uyğun zamanda üsyan qaldırması şəhərin fəthini asanlaşdıracaqdır. Bu səbəbdən də dayısı Əmir xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu səkkiz min nəfərlik piyadanın sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etdi. İki min ordu ilə Şahzadəyə qatılan Mərəndin hakimi Nəzərəli xana Gəncəyə hücum etmək üçün hazır vəziyyətdə gözləməsini əmr etdi. Ruslardan qalmış doqquz  topun dərhal təmir edilib hazır vəziyyətə gətirilməsini istədi. Bu üç kişini önəmli postlara təyin etməsi müxtəlif səbəblər üzündən yaxşı nəticə verməyəcəkdi. Lakin bu nəticələr haqda Şahzadə öncədən tədbir görməmişdi. Digər tərəfdən, tərcih ediləcək başqa şəxslər yox idi. Hacı Bəylərin (Ağaların) yaratdığı Şuşa əhalisinin üsyan umudu yavaş-yavaş suya düşürdü. əhalinin üsyan qaldırma məsələsindən heç əsər əlamət yox idi. Bu üzdən Şahzadə Şuşanın tam mühasirəsinin gerçəkləşməsi məqsədilə şəhərin ətrafında xəndək qazılmasını əmr etdi". Tarixçi Mirzə Yusif Qarabaği yazir: "Xülasə, birinci sərdar Əmir xan Mehdiqulu xanla Xoy şəhərindən hərəkət edərək Naxçıvana varid oldu və Araz çayının kənarında dayandı, bir-birilə məsləhətləşdilər ki, onlar hərgah qoyulan şərt və işarələri gözləmədən bu qoşun və atlılar ilə Şuşa qalasının üzərinə hücum etsələr, ehtimal ki, qala əhli darvazanı açmasın, Mehdiqulu xana tabe olan adamlar da onların yanına getməsin; belə olduqda onların işi çətinləşəcəkdir və ixtiyarlarında olan qoşun və ordunun vəziyyəti pərişan olub dağılacaqdır. Nəticədə belə qərara gəldilər ki, Abbas mirzəyə ərizə yazsınlar və ondan qoşun göndərilməsini və əlavə olaraq iki alay sərbaz və iki top verməsini xahiş etsinlər. Bu niyyətlə ki, əgər çətinlik baş verərsə, heç olmasa özlərini saxlaya bilsinlər. Abbas mirzə cavabında yazmışdı: "Sərbaz və top sizə lazım deyil, Qarabağın bəyləri mənə yazıblar ki, bizim qoşunumuz Xəlifəli darvazasına yetişən kimi, onlar darvazanı açacaqlar və bizim dövlətimizə itaət edəcəklər. Bu barədə də göstəriş verilmişdir. Siz birbaşa Naxçıvandan Sisyan dağı yolu ilə heç yerdə dayanmadan Şuşa qalasına gedərsiz, onlar sizə kömək etməyə hazırdılar və bizim qoşunumuzun köməyini gözləyirlər. əgər siz əsgər və top götürsəniz, tez hərəkət edə bilərsiz. Rusların əsgərləri ilə bizim böyük və çətin müharibəmiz olacaqdır. əgər sizə sərbaz, top verilərsə, sizin üçün dava çətin olar. Bir də yazmışdı: "Sərdar, qarşıda böyük işlər nəzərdə tutulmuşdur. Döyüşlər qabaqdadır, vuruşmalıyıq, irəliləməliyik, əgər qalib olsaq, uzun illər istirahət edəcəyik, əgər müvəffəq olmasaq, səhrada yorulmuş qədəmlərimiz əziyyət, zəhmətdə olub məşəqqətə düçar olacağıq" Qalada üsyan olmadı, qapılar da açılmalı. Faktiki olaraq Şuşanın mühasirəsinə 48 gün vaxt itirildi. Bu isə istər taktiki, istərsə də strateji baxımdan itki demək idi.

O dövrün müəlliflərindən Nasir Nəcmi Qacar ordusunun ard-arda fəlakətə düçar olmasını qərargahda çalışan ingilislərin Rusiyaya məlumat ötürməsi ilə əlaqələndirir. Çünki Qacar ordusunun bütün planları əvvəldən Rusiya komandanlığına məlum olurdu. Məsələn, Şəmkir yaxınlığında Qacarları məğlub edən erməni mənşəli general Mədətov bilirdi ki, üzərinə çoxsaylı Qacar ordusu gəlir və yalandan belə bir məlumat yayılmışdı ki, guya Mədətovun ordusunda yalnız Tiflisdən gəlmiş 200-300 erməni var. Ancaq Mədətov bütün topxananı meşədə gizlətmişdi. Bu yalan məlumatlar səbəbilə Qacar ordusu əvvəl Şəmkirdə, sonra Gəncədə məğlub olur. Hətta bu döyüşlərdə Abbas Mirzə ayağından yaralanır. Onunla bir səfdə döyüşənlər biri də təəssüf ki, Laçın ağa (gürcü dilində adı məlum deyil) idi. O eyni zamanda Osmanlı-Qacar müharibəsində də iştirak etmişdi. Çobandağı döyüşündə Abbas Mirzə onu itirdi. Sonradan onun sevimli rus əsirlərindən təşkil olunmuş əsgərləri, məsələn qacarların tərəfində döyüşən ingilis Neyts məhv edildi. Rus mənbələrinin yazdığına görə, ruslar onun ingilis olduğunu biləndə ağaca sarıyıb, güllə ilə deşik-deşik etmişdilər. Həmin döyüşdə korpusun digər üzvləri də məhv edildi. Bu dəfə Abbas Mirzə bütün gücünü İrəvanı qorumağa yönəltdi. Lakin Abbasabad, Sərdarabad döyüşlərindəki məğlubiyyətdən sonra İrəvan qalası da çökür. Onu da deyim ki, Rusiya İrəvanı tutarkən hətta Napoleona qarşı istifadə etmədiyi ağır mərmilərdən istifadə etmişdi. İrəvanın çöküşü faktiki olaraq, şimal tərəfdən Osmanlı-Qacar sərhədlərinin bağlanmasına, digər tərəfdən Naxçıvan və Güney Azərbaycana yol açılmasına səbəb olur. Nəticədə yenə də Fətəli şahın oğluna zamanında yardım etməməsi nəticəsində Azərbaycanın böyük bir hissəsi işğal edilir.
Tarixçi Kərəm Məmmədli bildirir ki, bu zaman xəyanət yolunu tutan adamların əksəriyyəti ruhani din xadimləri idi. Məsələn, Təbrizin tutulan zaman Təbriz dini icmasının başçısı – qapıların açdırmış, hətta ruslara qurban da kəsdirmişdi. Hətta demişdi ki, Allah qələbəni kimə lazımdırsa, ona da verəcək. Ona görə də Abbas Mirzənin hər zaman irticaçı mollalardan zəhləsi gedib. Faktiki olaraq, Təbrizdən sonra Tehrana yol açıldı. Abbas Mirzə ruslarla danışığa gedir. Mərdlik göstərərək, həyatını riskə ataraq Paskeviçi  təkbətək görüşə dəvət edir. Tufarqan kəndi yaxınlığında özü ilə cəmi 500 atlı götürən Abbas Mirzə 4 minlik rus qoşununun içərisinə gedir. Abbas Mirzənin məqsədi paytaxt Tehranı qorumaq idi. O, Paskeviçə deyir ki, “təəssüf ki, öz ölkəmdə məni qonaq kimi qarşılayırlar” . Hələ də müdafiə olunan Ərdəbilin verilməsi müqabilində rus qoşunlarının Tehran üzərinə yürüşü dayandırılır. Bu dəfə əsas danışıqlar Türkmənçay kəndində aparılmışdı. Burada imzalanan müqavilə Azərbaycan tarixinin ən faciəvi müqavilələrindən biridir.
Abbas Mirzə özündən sonra kimi qoymuşdu? Onun övladlarından bütün döyüşlərdə atasını müşayiət edən Cahangir Mirzə “Tarixi nou”, yəni “Yeni tarix” adlı əsər yazmışdı. O, eyni zamanda cəngavər idi. Tehranda Qriboyedov öldürülərkən Azərbaycan ordusunun mübarizə aparmaq gücü qalmamışdı. Abbas Mirzə məcburiyyətdən 500 əsgər və 30 topla ruslara qarşı heç olmasa 2 gün mübarizə aparmağa çalışdı. Bu zaman digər oğlu Xosrov Mirzəni belə bir zamanda Sankt-Peterburqa danışıqlara göndərdi. Bundan əvvəl Xosrov Mirzə Paskeviçlə danışıqlarda da iştirak etmişdi. Paskeviç ona atasına çox bənzədiyi üçün gülə-gülə “yarım Abbas” demişdi. Nikolayın qəbuluna gedəndə Xosrov Mirzədən qılıncı çıxarmağı xahiş edirlər, lakin imtina edir və deyir ki, “biz silahla gəzməyə öyrəşmişik”. Nikolayın qəbulunda o qılıncın qəbzəsini yerə, ucunu isə ürəyinə dirəyir. Sanki bununla üzrxahlıq edirdi ki, yenidən müharibə başlamasın. Rusiya da sanki həqiqətən Qriboyedov məsələsini unudur. 
Rusiyaya verilən bəxşişlər içərisində vaxtilə Nadir şahın Dehlidən gətirdiyi böyük moğol xəzinəsinin ən böyük almazlarından biri də vardı. Bundan sonra Rusiyanın digər bölgələrində, xüsusilə Qərbi Avropa ölkələri ilə münasibətlərinin kəskinləşməsi istər-istəməz ruslar və Qacarlar arasında isti münasibətin yaranmasına gətirib çıxarır. Bu zaman Azərbaycanın şərq hissəsində - Kirman, Yəzid və Xorasanda üsyanlar qalxır. Mənbələrin yazdığına görə, o üsyanları Azərbaycan ordusu yatırdır. Məhz Azərbaycan ordusu, çünki o zaman düşmən də, dost da bu ordunu Azərbaycan ordusu adlandırırdı. Bu, onun göstəricisi idi ki, indiyə qədər Rusiya-İran müharibəsi adlandırdığımız müharibə məhz Rusiya-Azərbaycan müharibəsi idi. Çünki müharibə Azərbaycanın ərazisində gedirdi, ruslara qarşı döyüşənlər də Azərbaycan ordusu idi. Bu, həm də Qacar dövlətinin, Qacariyənin Azərbaycan dövləti olduğunu göstərir. Çünki bu ölkənin “naibü səltənəti” Təbriz şəhərində otururdu. Ölkənin paytaxtı isə ondan bir az aralıda olan Tehran şəhəri idi. Ölkənin bütövlüyünü təmin edən Azərbaycan ordusu idi. Deməli, Qacarlar dövlətinə tam mənada Azərbaycan dövləti deyə bilərik.
 
 
Abbas Mirzə son günlərini fəth etdiyi Xorasanda keçirir. Gözlənilirdi ki, Herat istiqamətində hərəkətə keçib ingilislərlə döyüşəcək, lakin uşaqlıqdan onu tutan xəstəlik artıq onun yaşamasına imkan vermədi. Ömrünün sonuna yaxın, yəni 1833-cü ildə kiçik qızının xatirələrində qeyd olunub ki, Abbas Mirzə ömrünün son anlarında sayıqlayırmış. Qızı yazır: “Mən ona yaxınlaşanda bu sözləri eşitdim: “Azərbaycan”. Atam dünyaya “Azərbaycan” deyərək göz yumdu.
 
   

 

Xəbər xətti