"Azərbaycanda gənclər siyasətinin dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır" - FOTOLAR

17:53 - 19 İyul 2016 - Cəmiyyət

“Dünya Türk Gəncləri Birliyi” ictimai birliyi Türk Dünyasının hər bir tərəfində yaşayan və fəaliyyət göstərən türkdilli gənclərin təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrini davam etdirir və bu təşkilatlar arasında Azərbaycanın gənclər siyasətindəki  təcrübəsini təbliğ edir. DTGB İB-nin tərkibində dünyanın müxtəlif ölkələrindən 40-dan çox təşkilat üzv və müşahidəçi olaraq fəaliyyət göstərirlər. Bu təşkilatların nümayəndələri ilə mütəmadi olaraq müxtəlif sahələr üzrə toplantılar, konfranslar və seminarlar keçirilməkdədir. Belə tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci Qrant Müsabiqəsi çərçivəsində göstərilən maliyyə dəstəyi ilə “Türk Dünyası Gənclərinin Liderlik Forumu” adlı tədbirin keçirilməsini göstərmək olar.

Forum qırx nəfər xarici qonağın iştirakı ilə 18-21 iyul 2016-cı il tarixində Şəki şəhərində öz işinə start verib.
Hazırki Forumda müstəqil türkdilli dövlətlərlə yanaşı muxtar respublika və heç bir dövlətçiliyi olmayan müxtəlif türkdilli xalqların gənclik liderləri iştirak edir. Forumun ilk günü Ulu öndər Heydər Əliyevin Şəkidə abidəsinə gül qoyma mərasimi və ardından Şəki şəhər İcra Başçısı Elxan Usubovla görüş ilə başlayıb. Görüş iştirakçıları Türkiyədə son zamanlar terror hadisələri zamanı həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla anma ilə başladı. Görüşdə Başçıya DTGB adından Təşəkkür Diplomu da təqdim edilib. Öz növbəsində Başçı qonaqlara Şəki Xanlarının Sarayı kitabını hədiyyə etdi.
 
Daha sonra ŞəkiPalace otelin konfrans zalında Gənclik və Liderlik mövzusunda Forumun ilk toplantısı öz işinə başladı.
Modern.az xəbər verir ki, Forumu DTGB İB-nin sədri Əkrəm Abdullayev açaraq  Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Türk Dünyası Gənclərinin Liderlik Forumu”nun işində hər kəsə müvəffəqiyyət arzulayıb.
 
Ə. Abdullayev bildirib ki, Azərbaycanda gənclər siyasətinin dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.“Onun gənclər siyasətinə və sahəsinə ayırdığı diqqət və qayğı nəticəsində Azərbaycanda gənclər təşkilatları müxtəlif sahələr üzrə yeni üfüqlərə qədər yüksəlib və inkişaf edibər. Hazırki vaxtda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasi kurs nəticəsində və çərçivəsində gənclərin müxtəlif sahələr üzrə yenidən və daha mütəşəkkil formada uğur qazandıqlarının şahidi oluruq. Bu deməkdir ki, ölkəmiz doğru yoldadır və bu yolun sonunda güclü, azad, bütöv və qalib Azərbaycan var. Bu yolda Azərbaycan tək deyil və ona dil, din, mədəniyyət, tarix və coğrafiya baxımından yaxın və doğma olan türkdilli xalqların onunla addımlaması hər kəs kimi, bizi də sevindirməyə bilməz.Biz tarixin hər dövründə Türk Dünyasına aid bir iz, bir irs görə bilərik. Minlərlə insanın təri, qanı, canı bahasına qurulan böyük dövlətlərimiz; yüzlərlə alimin fəaliyyəti nəticəsində ərsəyə gətirilən elmi inkişaf; onlarla qələm ustasının əməyi ilə yaradılan möhtəşəm ədəbi irs və incəsənət nümunələri – bütün bunlar Türk tarixinin, Türk dilinin, Türk elminin sarsılmaz təməllərinin mayasını yoğurmuş, bugünkü nəsillərə qədər qəlib çıxmasına səbəb olub”.
 “Hazırki şəraitdə dünya xalqları arasında Türk xalqları özünəməxsus yerini qoruyub saxlamaqdadır. Sovet İttifaqının dağılması ilə müstəqilliyini qazanan yeni Türkdilli dövlətlərin çətin yolu bir daha sübut edir ki, müstəqilliyi qoruyub gücləndirmək onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bu aksiomanı çox yaxşı bilir. Ona görə də, cəmiyyətimizin hər bir fərdi, hər bir təbəqəsi özünün istər gündəlik, istərsə də ictimai fəaliyyətində dövlət müstəqilliyini, azadlığını və suverinetitini hər şeydən uca tutmalıdır. Bu müqəddəs işdə gənclərin rolu əvəzolunmazıdır. Müstəqilliyimiz ilk illərində milli azadlıq hərəkatımızın ön cərgələrində o dövrün gəncləri var idi. Bu gün onların çoxu orta yaş qrupuna aiddir. Kimisi vəzifədə, kimisi elm və incəsənətin müxtəlif sahələrində, kimisi isə bizim aramızdadır. Bu günün Azərbaycanının formalaşmasında biraz da olsa onların da payı var. Lakin, bu o demək deyil ki, indiki gənc nəslin öhdəsində heç bir məsələ yoxdur və hər şey həll olunub. Torpaqlarının 20 faizinin erməni işğalçıları tərəfindən zəbt edilmiş, 1 milyon qaçqınının olduğu bir vətənin gəncləri həm öz üzərilərində durmadan çalışmalıdırlar, həm də dünyanın inkişafından geri qalmamalıdırlar”.
DTGB İB-nin sədri  onu da vurğulayıb ki, müasir gənc elmi biliklərə yiyələnməli, fiziki cəhətdən sağlam olmalı, siyasi və ictimai cəhətdən yetkinliyə çatmalıdır. “Biz buna lider gənclər deyirik. Belə gənclərin qurduğu cəmiyyət dünyanın rəqabət mühitində liderliyi heç vaxt əldən verməyəcək. Türk dünyası gənclərinin liderlik Forumunda gənclərimizin bu xüsusiyyətlərə sahib olması üçün nələri etməli, hansı təhsil sistemini qurmalı, necə bir tarix şüuru və milli kimlik ideyası formalaşdırmalı və bu kimi suallara cavab axtarılmalıdır.
Ola bilər ki Forum çərçivəsində səslənən hər sualın cavabını tapmayaq. Lakin inanıram ki, burda iştirak edən hər bir insan müzakirə edilən məsələlər ətrafında burdan gedəndən sonra da daim düşünəcək və çözümlər axtaracaq. Belə olan halda, tez ya da gec, bütün cavabsız suallara biz bir cəmiyyət olaraq cavab tapacayıq.
Ümid edirəm ki, bizim 2 günlük fəaliyyətimizin nəticəsi təkcə burda qalmayacaq, bizlərlə birgə ölkələrimizin və xalqlarımızın gənclərinə də çatdırılacaq. Bu ortaq işimizdə hamımıza uğurlar diləyirəm”.
Forum zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi və Şəki şəhər Gənclər və idman İdarəsinin rəhbərliyi məruzəçi kimi, xarici heyət rəhbərləri və Şəkinin gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.
Daha sonra qonaqlara Şəkinin füsunkar təbiəti və əzəmətli tarixi tanıdıldı, gəzinti təşkil olunub. Forumun ilk günü Şəki şirniyyatının və mətbəxinin tanıtımı ilə bitib.
Qeyd edək ki, Forum daha iki gün davam edəcək və müxtəlif məsələlərin müzakirəsinə həsr olunacaq.

 

Emin


Xəbər xətti