“Azərbaycan Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması təklifi təqdirəlayiqdir”

13:40 - 19 İyul 2016 - SİYASƏT

 "Azərbaycanda üç il ardıcıl şəkildə seçki keçirilir, yəni, beş illik müddətin üç ili seçkiyə həsr olunur. Hər seçkinin təşkil edilməsinə bir il vaxt sərf olunur. Ona görə də Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması təklifi təqdirəlayiqdir". Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncamı ölkə üçün faydalıdır: "Azərbaycanda referendum keçirilməsi barədə qərarın verilməsi Prezidentin səlahiyyətlərinə daxil olan bir məsələdir. Prezident İlham Əliyev də bu səlahiyyətindən istifadə edərək Konstitusiya Məhkəməsinə müraciət edib. Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır. Bilirsiz ki, Azərbaycanda Konstitusiya 1995-ci ildə qəbul olunub. Ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. İndi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Hər bir dövlətdə bu cür addımlar atılır. Konstitusiyanın qəbulundan 20 ildən artıq vaxt keçib, zərurət yarandıqca mərhələli şəkildə bu addımlar atılır. Diqqət etsəz, görərsiniz ki, dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Bunlar demokratik normalardır".
YAP funksioneri xatırladıb ki, ayrı-ayrı ölkələrdə dövlət başçılarının səlahiyyət müddətləri müxtəlif cürdür: "Ümumiyyətlə, demokratik ölkələrdə prezidentin səlahiyyət müddəti 4 ildən 7 ilə qədər olur. Məsələn, Fransada prezidentin səlahiyyət müddəti 7 ildir. Bu, refendumla tənzimlənən məsələdir. Burada xalq seçim edir, təyinat deyil ki..."
S.Novruzov deyib ki, Konstitusiya Məhkəməsi təkliflərə baxacaq, rəy verdikdən sonra Referendum seçkilərinin vaxtı müəyyənləşəcək.
YAP icra katibinin müavini deyib ki, müxalifətin nəzərdə tutulan dəyişikliklərə etiraz etməsi başadüşülən deyil.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.

Xəbər xətti