Lavrov Kerri görüşü başa çatıb

16:21 - 15 İyul 2016 - DÜNYA

Moskvada Rusiyanın xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında keçirilən görüş başa çatıb.APA-nın verdiyi məlumata görə, 3 saatdan çox davam edən görüş Fransada baş verən terror aktı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sergey Lavrov ABŞ və Rusiyanın birgə işinin Fransada baş verən terror aktından sonra daha təcili və aktuallıq daşıdığını söyləyib. Con Kerri isə ötən gün Kremldə Rusiya lideri Vladimir Putinlə görüşdə açıq danışıqlar apardıqlarını bildirib: “Sergey, dünən Kremldə baş tutan məhsuldar danışıqlara görə sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, mənim təşəkkürümü prezident Putinə çatdıracaqsınız. Putinlə çox ciddi görüş oldu. Biz bunu yüksək qiymətləndiririk”.
İki ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşündə Kremldə prezident Putinlə müzakirə olunan mövzular üzrə fikir mübadiləsi davam etdirilib.
Əsas müzakirə mövzusu Suriyadakı vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri olub. Bundan başqa, Yaxın Şərqdəki durum, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və iki ölkə arasındakı münasibətlər müzakirə edilib.
Görüşün yalnız protokol hissəsi mətbuata açıq olub.

Xəbər xətti