Azərbaycan Könüllülük Xidməti Yay məktəbi başa çatıb

15:10 - 15 İyul 2016 - Cəmiyyət

Avropa Gənclər Paytaxtı Gəncə şəhərində baş tutan Azərbaycan Könüllülük Xidməti Yay məktəbi başa çatdı. 11-14 iyul tarixlərində baş tutan yay məktəbi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi keçirilib.

Azərbaycan Könüllülük Xidməti Yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədilə həyata keçirilib. 

60 gəncin iştirakı ilə baş tutan yay məktəbində “Könüllülük nədir?” seminarı, “Avropada könüllülük: ən yaxşı təcrübələr”, “Könüllülərin cəlb olunması və motivasiyası”, “Könüllülərin idarə edilməsi” kimi mövzularda təlimlər keçirilirb. Yay məktəbi çərçivəsində gənclər dövlət rəsmilərin iştirakı ilə “Azərbaycanda Könüllülük Hərəkatı: Təcrübə və Müasir Çağırışlar” mövzusunda panel sessiyasında iştirak ediblər. AKX yay məktəbi zamanı iştirakçılar təlimlər ilə yanaşı müxtəlif komanda quruculuğu oyununda iştirak ediblər. Yay məktəbi zamanı “açıq mikrofon” müsabiqəsi təşkil olunub qalib iştirakçı hədiyyə ilə mükafatlandırılıb. Gənclər növbəti günlərdə “Könüllülük sahəsində mövcud problemlər”, “Könüllülük sahəsində problemlərin həlli yolları” və “Könüllülük sahəsində ən yaxşı yerli və beynəlxalq təcrübələr” mövzuları ətrafında qrup işlərində müzakirələr aparıblar. Qrup işlərin nəticəsi olaraq hər bir komanda təqdimat keçirib. Bundan başqa Yay məktəbində iştirak edən gənclər Gəncə ilə tanış olublar. Onlar Ulu Öndər Heydər Əliyev mərkəzi ilə, həmçinin, Gəncədə yerləşən gənclər evi ilə tanış olublar və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Gəncə şəhərində baş tutan Yay məktəbinin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunublar. 

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən, Gənclər və İdman Nazirliyi və AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan Könüllülük Xidməti Yay məktəbində iştirak etmək üçün 400-ə yaxın gənc qeydiyyatdan keçib. Müraciət edən şəxslərdən 100 gənc müsahibə mərhələsinə dəvət olunub. Müsahibə mərhələsindən uğurla keçən 45 gənclər təşkilatlarını təmsil edən 60 gənc 4 gün davam edən yay məktəbində iştirak etmək hüququnu qazanıb.

Məlumat üçün qeyd edək ki, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyini dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlamışdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra etmiş, bu layihələrdən 200-ə yaxın gənc faydalanmışdır. AKX Proqramı Avropa Könüllük Xidməti Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərməkdədir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 Gənclər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir. Bunlardan əlavə 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gəncə Avropa Könüllülük Xidməti haqqında təlimlər ilə proqram öz işini davam etdirmişdir.

Xəbər xətti