Yusif Sacoğlunun hakimiyyəti dövrü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir

19:35 - 15 İyul 2016 - KİVDF

 Dövlətçilik ənənəsi, Azərbaycanın bütövlüyünün qorunması, qərb, cənub, şimal sərhədlərinin qorunması sonradan bir sülalədən digərinə ötürüldü

Məhəmməd Sacoğlunun fəaliyyəti təkcə, Bizans tərəfindən deyil, Xilafət tərəfindən də böyük həyəcanla izlənirdi. 901-ci ildə Məhəmməd Sacoğlunun ölümündən sonra Xilafətə qarşı radikallığı ilə seçilən Yusif Sacoğlu hakimiyyətə gəlir. Yusifin hakimiyyəti dövrü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Yusif hələ qardaşının hakimiyyəti illərində 896-cı ildə Azərbaycana gəlmişdi. O zaman Azərbaycanın paytaxtı əvvəlcə Marağa idi, sonradan Ərdəbilə köçürüldü.  Coğrafi baxımdan baxsaq və tarixi Azərbaycan torpaqları ilə müqayisə etsək, Ərdəbil Azərbaycanın tam mərkəzində yerləşir.  
Yusif Sacoğlunun  hələ hökmdar olmadığı dövrdə əsas niyyəti nədən ibarət idi? Mənbələr qeyd edir ki, Yusif Sacoğlu xilafətə gedən karvanın - təbii ki, o karvanda Azərbaycanın bac-xəracı aparılırdı - qarşısını kəsir və deyir ki, “Azərbaycanın varidatı Azərbaycana qalmalıdır”. Azərbaycanın münasibətlərinin gərginləşdiyi bir məqamda Yusif Sacoğlu Azərbaycanın hökmdarı oldu. Təbii ki, bu, xilafətlə münasibətlərin daha da gərginləşməsində səbəb oldu. 907- ci ildə xüsusi gərginlik yaşandı. Hətta Yusif Sacoğlu xəlifənin göndərdiyi fərmanı cıraraq cümə namazına gələnlərin ayaqları altına atdı. Bununla da Azərbaycanın bundan sonra xilafətə xərac verməyəcəyini vurğuladı.
 Bu nəyə gətirib çıxardı? Kərəm Məmmədli bildirib ki , hər zaman Azərbaycana hücum etməyə hazır olan I Sumbat bu dəfə Xilafətlə münasibətlər qurur. O qədər ikiüzlü insan idi ki, bir tərəfdən xəlifəyə fərman göndərmişdi ki, Azərbaycana bitişik bütün bölgələrin valiləri və hakimləri Azərbaycanda qiyam qaldırmış Yusif Sacoğluna qarşı qüvvələri birləşdirsin, o isə kömək üçün Bağdaddan qüvvə göndərəcək. Xəlifənin göndərdiyi adam Sumbatın yanında olarkən Sumbat bir tərəfdən Yusifə qarşı ordu hazırlayırdı, digər tərəfdən də gizli məktub yazmışdı ki, “bunu mən sizə kömək üçün göndərirəm”. Bu, hay xislətinin göstərici idi.
908-ci ildə Yusif qərar verir ki, öncə arxadakı düşməni vurmaq lazımdır. Sumbat güman edirdi ki, Yusif onun üzərinə dağ Borçalı istiqamətində, Tiflisdən keçərək gələcək.  Bu məqsədlə qədim türk yurdlarından biri olan, bu yaxınlara qədər Kalinino adlanan, indi isə ermənilərin özləri də bilmədən qədim adını qaytardığı Daşırda pusqu qururlar. Yusif Sacoğlu yollarda pusqu qurulduğunu öyrənəndə Şirak Dəbil istiqamətində fırlanaraq Sumbatın quldur dəstələrini mühasirəyə aldı. Sumbat Abxaziya istiqamətində qaçmağa məcbur oldu. Yusif Sacoğlu isə onu təqib edir. 908-ci il məşhur Nil döyüşündə Tiflisi ələ keçirmək istəyən İber knyazı Atrnersex, Bizans imperatoru Lev və I Sumbatın birləşmiş qüvvələri darmadağın edilir. Təəssüf ki, tarix kitablarımızda bu döyüşlər öz əksini tapmayıb. O döyüşdə qalib gələn Yusif Sacoğlu Sumbatı edam etdirir və onun yerinə oğlu Aşotu, digər tərəfdən Arsuruni nəslindən olan Qaqiki hökmdar təyin edir. Qaqik Aktamar məbədini tikdirəndə orada Yusif Sacoğlunun da rəsmini həkk edir.
 
Yusif Sacoğlu Bizans, erməni və gürcü qüvvələrini darmadağın etdikdən sonra 909-cu ildə Azərbaycana soxulmuş slavyanlara qarşı mübarizə aparmalı olur. 909-910-cu illərdə Yusif Sacoğlu slavyanların Azərbaycanın içərilərinə doğru irəliləməsinin qarşısını alır. Əsas hədəf Xilafətdən tamamilə qopmaq idi. Xilafət isə bunun qarşısını almaq məqsədilə 917-ci ildə Hakan əl-Müflihinin başçılığı ilə 20 minlik ordu göndərir. Yusif Sacoğlu bu ordunun qarşısını cəmi 7 minlik ordu ilə alır. Bunun ardınca Munisin başçılıq etdiyi ordu ilə 2 dəfə qarşılaşır və qələbə qazanır. Buna baxmayaraq, Yusif Sacoğlu xəlifəyə müraciət edir ki, “gəl bir-birimizin qanını tökməyək”. Təbii ki, xəlifənin göndərdiyi ordunun başında dayananlar yenə də türklər idi - Hakan əl-müflihi və Munis ət-Türki.
Kərəm Məmmədli bildirib ki, 917-ci ildəki məktub xüsusilə diqqət cəlb edir. Yusif Sacoğlu rəsmən tələb edir ki, Rey vilayəti Azərbaycana verilsin və o vilayətdən gələn gəlir əhli-beytə, yəni Həzrəti Əli nəslindən olanlara xərclənsin. Bu isə hələ o vaxtdan Həzrəti Əli sevgisinin olmasını və böyük bir vilayətdən gələn gəlirin məhz Həzrəti Əli nəslindən olanlara xərclənməsini nəzərdə tutan xahişnamə idi. 919-cu ildə baş verən döyüşdə Yusif Sacoğlu məğlub olur. Lakin xəlifə sarayında olduğu dönəmdə xəlifə onunla dustaq kim davrana bilmir. Çünki Məhəmməd və Yusif Sacoğlulların dövründə Azərbaycanda dövlətçilik ənənələri dirçəlmişdi, Sacoğluların yerli əhali arasında hörməti vardı. Onun keçmiş döyüşçülərindən, qulamlarından olan Subuk Azərbaycanda hakimiyyəti ələ alır və Yusifin həbsdən buraxılmasını tələb edir. O dövrün tarixçilərindən İbn Miskəveyx yazır ki, “xəlifə Muktədir Yusif Sacoğlu ilə dustaq kimi davranmaqdan qorxdu və onu Azərbaycana yola salmağa məcbur oldu”. Bu Yusif Sacoğlunun şəxsi keyfiyyətləri ilə bağlı deyildi. O, dövlətçilik ənənələrini möhkəmləndirmişdi, hətta əsir düşdüyü sarayda onunla şah kimi davranılmasına nail olmuşdu. Çox keçmir ki, xəlifə Yusif Sacoğlundan geri qayıtmağı xahiş edir. O dövrdə Qərmətilər hərəkatı güclənmişdi, xilafət isə bunun öhdəsindən gələ bilmirdi. Bu məqsədlə Yusif Sacoğlu Bağdada dəvət olunur.
 
Sacilərin Xilafətlə münasibətinə dair bir məqamı qeyd etmək yerinə düşər - Rey vilayətindən gələn gəlirin Həzrəti Əli nəslindən olanlara xərclənməsi. O dövrdə Xilafəti təmsil edən qüvvələr -istər Əməvilər, istərsə də Abbasilər sülaləsi dövründə sanki ərəb millətçiliyi məsələsi vardı. Xəlifə Əli nəslindən olanlara qısqanclıqla yanaşırdı, onları daim əzmək kimi məqamlar vardı. Səhv etmirəmsə, imam Museyi-Kazım da xəlifə sarayında zəhərlənib öldürülmüşdü. Babəkdən, xürrəmilikdən süzülüb gələn ideologiya, əhli-beyt aşiqliyi Yusif Sacoğlunda da müşahidə edilir. Bəzən ona “İslamın aslanı” deyirdilər, çünki Yusif Sacoğlu haqlı olaraq İslam yolunda  Həzrəti Əli nəslindən olanlara Abbasilər xilafətinin haqsız davranışından narazı idi. O zaman Yusif Sacoğlu, nəinki, öz türklüyünü, eyni zamanda İslamın dayaqlarını qorumaq uğrunda mübarizə aparırdı. Məsələn, Qərmətilər hərəkatı hətta Məkkəyə də basqın etmişdi. Bu hərəkatı yatırtmaq məqsədilə xəlifə Yusif Sacoğlunu Bağdada dəvət edir. Qərmətlərin başçısı olan Əbu Tahir Cənnabi 927-ci ilin dekabrında Yusif Sacoğlu ilə üz-üzə gəlir. Təəssüf ki, Yusif Sacoğlu məğlub olur və əsir götürülür. Mənbə yazır ki, əsirlikdə onunla yaxşı davranırdılar. Yusif Sacoğlu döyüşün gedişini müşahidə etmək üçün çadırdan çıxanda belə düşündülər ki, o əsirlikdən qaçmaq istəyir və Əbu Tahir Cənnabinin əmri ilə qətlə yetirilir.
 
Tarixçinin sözlərinə görə, istər Məhəmməd Sacoğlu, istər Yusif Sacoğlu, istərsə də ondan sonrakı hökmdarların dövründə dövlət faktiki olaraq, 941-ci ilə qədər yaşadı. Ən uzun müddət hakimiyyətdə olmuş hökmdarlarından Deysəmi qeyd etmək olar. O 879-cu ildən 941-ci ilə qədər Sacilər dövlətinin başında olmuşdu. Düz 62 il. Təxminən SSRİ-nin mövcud olduğu dövr qədər. SSRİ haqqında qalın kitablar yazılıb. Lakin Azərbaycanın bütövlük tarixi nədənsə qeyd edilmir. Çox zaman IX –XI əsrlər Azərbaycan feodal pərakəndəlik dövrü deyilir. Bu necə ola bilərdi? Şirvanşahlar Yusif Sacoğlundan vassal asılılığında idi, Dərbənd şəhəri Yusif Sacoğlu tərəfindən bərpa edilmişdi. Dərbənddən Zəncana, Qızılüzən çayına, Qərbdə Qars, Ərzurum, Dəbil, Aniya, Şərqdə isə Xəzər dənizinə çatan böyük bir dövlət, Azərbaycan adı ilə tanınan, hökmdarı bəlli, pulları dövrümüzə qədər gəlib çatmış bir dövləti biz daha geniş təbliğ etmirik. Bu dövlətçilik ənənəsi, Azərbaycanın bütövlüyünün qorunması, qərb, cənub, şimal sərhədlərinin qorunması sonradan bir sülalədən digərinə ötürüldü. Biz bunu Sacilər dövlətinin süqutu, Salarilər dövlətinin yaranması kimi təqdim edirik. Sacilər dövləti süqut etməyib. Sadəcə olaraq, Azərbaycan taxtında Sacilər sülaləsini 941- ci ildə Salarilər sülaləsi əvəz edib.  

 

Xəbər xətti