Millət vəkili: “İlin sonuna qədər irəliləyişlərə nail olacağıq”

15:36 - 14 İyul 2016 - SİYASƏT

“25 ildən artıq müddətdə dondurulmuş vəziyyətdə olan Dağlıq Qarabağ münaqişəsini birdən-birə həll etmək çox çətindir. Azərbaycan Prezidentinin uzun illər apardığı siyasət artıq bəhrəsini verməyə başlayıb”. Bu fikirləri  SİA-ya millət vəkili Çingiz Qənizadə açıqlamasında deyib. Onun sözlərinə görə, bəzən rəsmi şəxslər belə müharibə çağırışı edib problemin bu yolla həllini üstün tutduqları zaman səbir və təmkin nümayiş etdirən Dövlət Başçısı müharibəyə hazır olmağımıza baxmayaraq, problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirirdi: “Aprel hadisələri göstərdi ki, Azərbaycan itkilər versə də öz torpaqlarını hərbi yolla işğaldan azad etməyə qadirdir. Həmin hadisələr bizim səbrimizin tükəndiyini göstərməklə yanaşı, susmuş vicdanların oyanmasına səbəb oldu. Burada Rusiya faktorunu danmaq olmaz. Çünki Rusiya bu məsələnin həllində bir nömrəli tərəfdir və onun razılığı olmadan Ermənistan bir addım belə ata bilməz. Cəbhədə baş verənlərdən sonra Rusiyanın təşəbbüsü ələ alması, prezidentləri yenidən danışıqlar masasına dəvət etməsi və orada əvvəllər razılaşdırılmış bəzi variantlar üzərində mərhələli həllinə təkid göstərməsi bizi sevindirir. Bundan başqa uzun zaman susqunluq nümayiş etdirən ATƏT-in Minsk qrupuna üzv dövlətlər, eləcə də ABŞ da yavaş-yavaş hərəkətə keçməyə başlayıb. Hər bir məsələdə, müxtəlif müzakirələrdə Dağlıq Qarabağ məsələsinin ortaya atması göstərir ki, onlar da sülhməramlı mövqelərini ortaya qoymaq üçün canfəşanlıq edirlər”.

Ç. Qənizadə söyləyib ki, problemin həli ilə bağlı pərdə arxası danışıqlarda müəyyən razılaşmalar əldə olunub: “Lakin onun dərhal açıqlanması, beynəlxalq hüquq və Azərbaycanın milli maraqları çərçivəsində həll edilməsi Ermənistanda birmənalı qarşılanmaya bilər. Ermənistanın rəsmi şəxsləri problemin həllində razılaşsalar da düşmən ölkənin ictimaiyyəti buna hazırlanmalıdır. Onların politoloqları, siyasətçiləri, partiya rəhbərləri və ayrı-ayrı ağsaqqalları Dağlıq Qarabağda müharibənin lazımsız olduğunu deməyə başlamalı, müharibənin onların faciəsi ilə nəticələnəcəyini cəmiyyətə çatdırmalıdırlar. Bu baxımdan hesab edirəm ki, hazırda problemin həlli bağlı konkret şərtlərin açıqlanmaması məhz Ermənistan tərəfinin bəzi məsələlərdə inadkarlıq göstərməsi, rəsmilərinin və ictimaiyyətinin hazır olmamasıdır. Lakin bu məsələ bir neçə ay müddətində həyata keçirilə bilər. Bu ilin sona qədər münaqişənin həllində Azərbaycanın milli maraqları və beynəlxalq hüquq normaları çərçivəsində irəliləyişlərin şahidi olacağıq”.

Xəbər xətti