Sacilər dövləti

19:42 - 14 İyul 2016 - KİVDF

Hökmdarlar Məhəmməd Sacoğlu və Yusif Sacoğlunun tarix qarşısında ən böyük xidmətlərindən biri dövlətçilik ənənələrimizi möhkəmlətmək olub

 Ön Asiyada Xürrəmilər hərəkatı yatırıldıqdan sonra Xilafətin istər daxili, istərsə də xarici siyasətində türklər əsas rol oynamağa başladılar. O dövrün tarixi mənbələrində qeyd olunur ki, Bağdad şəhərində belə türklər üstünlük təşkil etməyə başladığından onlar üçün xüsusi olaraq Samiriyyə şəhəri salınmışdı və orada türk qarnizonu yerləşirdi. Nəzərə almaq lazımdır ki, xəlifələr Əl Məmun, Əl Möhtəsim, Əl Mütəvəkkilin anaları türk qızları idi. Məsələn, bəzi mənbələr Əl Məmun və Əl Möhtəsimin anası ilə bağlı yazırlar ki, o, Xəzər xaqanın qızı idi. Digər mənbələr isə onun Xəzər xaqanlığından gətirilmiş kəniz olduğunu yazırlar. Harun ər Rəşid Mərid adlı həmin qadınla evlənir və Məmunla Möhtəsim bu izdivacdan dünyaya gəlirlər. Ərəb mənbələri xüsusilə Möhtəsimi qınayırdılar ki, o, daha çox dayıları üçün işləyir. Həmin dövrdə təkcə, saray əyanları deyil, ordu da türklərdən təşkil olunmuşdu. Bu barədə tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli bildirib.
Onun sözlərinə görə, türklər xilafətin həm daxili, həm də xarici siyasətini diktə edən qüvvəyə çevrilmişdi. Akademik Ziya Bünyadovun əsərində Abid ibn Şəriyyə ilə Müaviyənin söhbəti var. Həmin söhbətdən aydın olur ki, ərəb xəlifəsi “Azərbaycan deyilən yer haradır?” sualını verəndə cavab belə olur: “Azərbaycan qədim dövrlərdən türklərin məskunlaşdıqları və indi onların çox sayda yaşadıqları bir bölgədir”. Bunu xəlifələr də başa düşürdülər. Ona görə də Babək hərəkatını yatırmaq üçün göndərilən ordunun böyük bir hissəsi türklərdən ibarət idi. Digər tərəfdən məhz yerli əhali içərisində özlərinə dayaq axtarmaq üçün, yerli əhali ilə uzlaşmaya nail olmaq üçün həmin əraziyə türk canişin göndərdilər. Babək hərəkatı yatırıldıqdan dərhal sonra mənşəcə, Xəzər xaqanı ilə qohum olan, Xaqan adlı birini canişin təyin edirlər. Bizim tarixşünaslığımızda yanlış olaraq  Əbu Sac ibn Divdadın adı çəkilir. O da türk idi, Afşin sülaləsinə mənsub idi, daha dəqiq desək, Babək hərəkatını yatırtmış Heydər ibn Kavus Afşinin doğma əmisi oğlu idi. Mənbələrdə qeyd olunur ki, Babək Bəzz qalasını sonuncu dəfə görəndən sonra onu Samiriyyəyə gətirən də Buzbara və Əbu Sac ibn Divdad adlı türk sərkərdələri olub. İstər yerli əhali, istərsə də ora göndərilən canişin artıq Azərbaycanın xilafətin orbitindən çıxmasına şərait yaradırdı.
 
Kərəm Məmmədli bildirib ki, IX əsr xilafətini təsvir etsək, görərik ki, Misir ərazisində Tulunoğulları, İğşidoğulları və Azərbaycanda Sacoğullarının hakimiyyətdə olduğunu görərik. Ümumi baxsaq, Bağdad xilafətin ən şimal nöqtəsi, Misir isə qərb nöqtəsi sayıla bilər. 750-ci ildə Əməvilər sülaləsi hakimiyyətdən uzaqlaşdırılmışdı. Taxta çıxan Abbasilər sülaləsi istər-istəməz təkcə, ərəblərə deyil, eyni zamanda  xilafətdə üstünlük təşkil edən türklərə xidmət etmək məcburiyyətində idi. Təbii ki, xəlifələrin türklərlə qohumluğu, yəni onların analarının türk olması məsələsi də vardı. Təəssüf ki, tarixşünaslıqda Sacilər, Salarilər dövləti kimi terminlər işlədilir. Lakin rəsmi məktublarda dövlətin adı bu cür deyil. Sülalənin qurucusu Əbu Sac ibn Divdad sayılır. O, Azərbaycana təyin olunmamışdan qabaq mühüm vəzifələrdə çalışmışdı. Məsələn, Məkkə və Mədinə yollarının rəisi olmuşdu. O dövrdə bu, çox böyük vəzifə hesab edilirdi. Ondan başqa Əbu Sac ibn Divdad bir çox bölgələrin canişini olub. O, Azərbaycana etnik mənşəyinə, eləcə də yerli əhali ilə dil tapa biləcəyinə görə təyin olunmuşdu. Əbu Sac ibn Divdad vəfat etdikdən sonra Azərbaycan xilafətdən qismən uzaqlaşmağa başlayırsa, oğlu Məhəmmədin dövründə daha da genişlənir. 893-cü ildə Məhəmməd bin Əbu Sac əl-Afşin Azərbaycana hakim təyin edilir. Onun titulu belə idi -Ərməniyyə, Azərbaycan və Cibal hakimi.
 
Tarixçinin sözlərinə görə, Məhəmməd ibn Əbu Sac fəaliyyəti ilə hakim titulunu hökmdar şəklinə sala bildi. 893-cü ildə Azərbaycanda hakimlik təsdiq olunandan sonra Məhəmməd ibn Əbu Sac Baqratuni sülaləsindən olan I Sumbatın başına tac qoyur və onu özünün valisi təyin edir. Baqratuni sülaləsi ilə bağlı erməni və gürcü tarixçiləri  arasında özününküləşdirmə cəhdləri var. Ermənilər Baqratuni, gürcülər isə Baqrationi şəklində işlədirlər. Xüsusilə, Suriya mənbələrində qeyd edilir ki, bu sülalənin əsasını qoymuş Şapux Baqrationi əslində yəhudi mənşəli idi. Təəssüf ki, sovet hakimiyyəti illərində yazılmış kitablarda bunun adı erməni çarlığı kimi gedir. O dövrdə hər hansı erməni çarlığı haqqında danışmaq düzgün deyil. I Sumbat özünü faktiki olaraq, Məhəmməd Sacoğlunun valisi sayırdı. Diqqət etmək lazımdır ki, hay xisləti deyə bir anlayış vardı.
 
Kərəm Məmmədli deyib ki,Məhəmməd Sacoğlu onun hakimiyyəti ilə razılaşmaq istəməyən Abdullah Həmədanini məğlub edir. 896-cı ildə regiona nəzarət tam olaraq Məhəmməd Sacoğlunun əlinə keçir. Lakin fürsət tapan kimi I Sumbat gah Bizans imperatoru VI Lev, gah İber knyazı Atrnersexlə ittifaq quraraq Azərbaycanın qərb sərhədlərinə tez-tez hücum edir. Xüsusilə, strateji əhəmiyyət daşıyan və mənbələrdə Azərbaycanın qərb paytaxtı kimi qeyd olunan Dəbil şəhəri - indi Divin, eləcə də ona yaxın olan Aniyə tez-tez yürüşlər təşkil edilirdi. Bu yürüşlərə qarşı Məhəmməd Sacoğlunun 3 böyük yürüşü olub. Hər üç yürüşdə I Sumbat darmadağın edilib. İohannes Rasxakerçi adlı erməni müəllifi yazır ki, ermənilər Dəbili tutduqdan sonra elə bir zəlzələ oldu ki, ora ermənilər üçün qəbirə çevrildi. Bu da Məhəmməd Sacoğlunu ölkənin qərb sərhədlərini möhkəmləndirməyə vadar edir. Tarixçinin sözlərinə görə, 
3-cü yürüş zamanı o hətta Sumbatın gəlinini, həyat yoldaşını, daha sonra oğlu Aşotu da girov kimi götürmüşdü. Məhəmməd Sacoğlunun xacə başçısı xəyanət edərək Aşotla gəlini qaçırdır. Məhəmməd Sacoğlu həmin xacə başçısını Misirdə ələ keçirərək edam etdirir. Məhəmməd Sacoğlunun fəaliyyətinin ən mühüm xüsusiyyətlərindən biri budur ki, hər zaman təhlükədə olan qərb tərəfi Azərbaycanın tərkibindən çıxmağa qoymadı. Vaxtilə bulqar türkləri tərəfindən salınmış Qars şəhəri, Ərzurum, Amid əraziləri Azərbaycanın tərkibinə qatıldı.
Məhəmməd Sacoğlunun bu fəaliyyəti təkcə, Bizans tərəfindən deyil, Xilafət tərəfindən də böyük həyəcanla izlənirdi. 901-ci ildə Məhəmməd Sacoğlunun ölümündən sonra Xilafətə qarşı radikallığı ilə seçilən Yusif Sacoğlu hakimiyyətə gəlir. Yusifin hakimiyyəti dövrü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Yusif hələ qardaşının hakimiyyəti illərində 896-cı ildə Azərbaycana gəlmişdi. O zaman Azərbaycanın paytaxtı əvvəlcə Marağa idi, sonradan Ərdəbilə köçürüldü.  Coğrafi baxımdan baxsaq və tarixi Azərbaycan torpaqları ilə müqayisə etsək, Ərdəbil Azərbaycanın tam mərkəzində yerləşir.  
Yusif Sacoğlunun  hələ hökmdar olmadığı dövrdə əsas niyyəti nədən ibarət idi? Mənbələr qeyd edir ki, Yusif Sacoğlu xilafətə gedən karvanın - təbii ki, o karvanda Azərbaycanın bac-xəracı aparılırdı - qarşısını kəsir və deyir ki, “Azərbaycanın varidatı Azərbaycana qalmalıdır”. Yusif Sacoğlu Azərbaycanın münasibətlərinin gərginləşdiyi bir məqamda Yusif Sacoğlu Azərbaycanın hökmdarı oldu. Təbii ki, bu, xilafətlə münasibətlərin daha da gərginləşməsində səbəb oldu. 907- ci ildə xüsusi gərginlik yaşandı. Hətta Yusif Sacoğlu xəlifənin göndərdiyi fərmanı cıraraq cümə namazına gələnlərin ayaqları altına atdı. Bununla da Azərbaycanın bundan sonra xilafətə xərac verməyəcəyini vurğuladı.
(ardı var)

Xəbər xətti