Yay məktəbinin iştirakçıları paneldə iştirak edib

11:19 - 13 İyul 2016 - Cəmiyyət

12 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan AKX Yay məktəbinin panel sessiyası baş tutub. AKX Yay məktəbi çərçivəsində baş tutan panel sessiyasında dövlət rəsmiləri, yay məktəbin iştirakçıları və Gəncə şəhərinin fəal gəncləri iştirak edib.
Panel sessiyası zamanı Azərbaycanda könüllülüyün keçmiş təcrübəsi və genişmiqyaslı hərəkata çevrilməsi, gələcək perspektivləri və gözləntiləri, hüququ aspektləri, müsbət və mənfi cəhətləri, həmçinin, gənclər təşkilatlarında könüllülük, irimiqyaslı tədbirlərə könüllülərin cəlb olunması, beynəlxalq mühitdə könüllülük təcrübəsi, könüllülük siyasəti və qanunvericilik, Gəncə 2016 Avropa gənclər paytaxtı çərçivəsində könüllülərin fəaliyyəti ilə bağlı mövzularda müzakirələr baş tutub. 
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov: “Azərbaycan Könüllülük Xidməti kifayət qədər unikal modelə əsaslanaraq Avropa Könüllülük Xidmətinin milliləşdirilmiş modelidir. AKX Azərbaycan gənclərinə  öz bölgəsindən digər bölgələrə səfər edərək orada könüllü fəaliyyət göstərməsinə imkan yaradır. Eyni zamanda AKX çərçivəsində könüllülüyün təbliği məqsədilə müxtəlif konfranslar, təlimlər və seminarlar, yay məktəbləri təşkil olunur.”
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova: “Azərbaycan Könüllülük Xidməti Yay məktəbinin iştirakçılarını salamlayıram. Nəzərə alsaq ki, 4 gün davam edəcək yay məktəbinin iştirakçıları gəncdir və mövzu könüllülük ilə bağlıdır və o zaman bu tədbirin Gəncə şəhərində keçirilməsi heç də təsadüfi deyil. Bildiyiniz kimi, Gəncə şəhəri 2016 il üzrə Avropa Gənclər Paytaxtı seçilmişdir. Qeyd edək ki, könüllü olmaq çox məsuliyyətli bir işdir və hazırda dövlət qurumlarında çalışan bir çox dövlət məmurları öz karyeralarına məhz könüllü  fəaliyyət ilə başlayıblar. Mən də öz adımdan burada iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.”
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev: “İlk öncə Yay məktəbində iştirak edən hər kəsi salamlayıram. Ümid edirəm ki, bu layihənin iştirakçılara böyük faydası olacaq, çünki könüllülük özü boyük bir anlayışdır. Mən düşünürəm ki, könüllülük insanın daxilindən gələn bir hisdir. O insanın özünü tapması üçün ona verilən bir vasitədir. Məndə öz növbəmdə Yay məktəbin uğurla başlanması münasibəti ilə hər birinizi təbrik edirəm və sizə uğurlar arzu edirəm.” 
Gəncə şəhəri Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov:  “Məndə öz növbəmdə tədbir iştirakçılarını salamlayıram. İnanıram ki, Yay məktəbi iştirakçılar üçün çox maraqlı olacaq. Yay məktəbi zamanı siz yeni bilik təcrübə və dostlar qazanacaqsınız və bu sizin gələcək fəaliyyətinizdə çox önəmi rol oynacaq. Mən özüm də könüllü fəaliyyət göstərmişəm. Könüllü olduğum zaman qazandığım təcrübələr mənim üçün əvəz olunmazdır. 
Panel sessiyası zamanı qonaqlar öz könüllülük təcrübələrini gənclərlə bölüşüb və gəncləri maraqlandıran suallara cavab veriblər. 
Qeyd edək ki, Azərbaycan Könüllülük Xidməti Yay məktəbi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilir. Yay məktəbinin məqsədi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaqdır. 
Məlumat üçün qeyd edək ki, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyini dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlamışdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra etmiş, bu layihələrdən 200-ə yaxın gənc faydalanmışdır. AKX Proqramı Avropa Könüllük Xidməti Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərməkdədir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 Gənclər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir. Bunlardan əlavə 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gəncə Avropa Könüllülük Xidməti haqqında təlimlər ilə proqram öz işini davam etdirmişdir.


Xəbər xətti