Gecikdirilmiş sosial xarakterli 770 min manata yaxın ödəniş işçilərə ödənilib

16:57 - 11 İyul 2016 - Cəmiyyət

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən 769774 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 95 faizi gecikdirilmiş əmək haqlarından, 3 faizi işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunması ilə yanaşı, ölkəmizin əmək qanunvericiliyində əksini tapan müvafiq hüquq normaları ilə bağlı işəgötürənlərə izahat və məlumatlar verilib. Cari ilin birinci yarımili ərzində ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə işdən azad edilmələri ilə bağlı Xidmətə daxil olan müraciətləri də araşdırılıb. Onlardan qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunan 20 nəfər işçinin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Elmin

Xəbər xətti