Bu il 1.402.254 yol hərəkəti qaydası pozulub

17:38 - 8 İyul 2016 - Xəbər

2016-cı ilin birinci rübündə  respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 15 mindən çox artması fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu  daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib.
O bildirib ki, konkret olaraq, 2015-cı ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 25 faiz çox və ya 1.402.254 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb. Bununla yanaşı, avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2.404 şəxs, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6.574 nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun tədbirlər görülüb. Həmin qayda pozuntuları ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinin, məqsədli şəkildə aparılan təbliğat işinin və keçirilən reydlərin nəticəsi olaraq, onların sayında ilbəil azalma qeydə alınır.
Vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə təmini üzrə fəaliyyət çərçivəsində 59,2 faiz çox, yəni 972.383 nəfərə şəxsiyyət vəsiqəsi, 179.792 nəfərə isə ümumvətəndaş pasportu verilib.

Bundan başqa, mühafizə xidmətləri tərəfindən qorunan obyektlərdə 94 oğurluq hadisəsinin qarşısı alınmaqla 41 nəfər, habelə xidməti marşrutlarda 56 cinayət törətmiş 65 şəxs yaxalanıb.

Xəbər xətti