Leykozlarla bağlı elektron bazanın hazırlanması istiqamətində iş aparılır

18:48 - 8 İyul 2016 - Müsahibə

Zöhrə Əlimirzəyeva: “Vaxtı-vaxtında dərmanlarını alan həmin xəstələr digər insanlar kimi adi həyatını yaşayır, işləyirlər”

(Əvvəli ötən sayımızda)

Tibb elmi inkişaf etdikcə bir zamanlar insanlar üçün böyük narahatlıq yaradan bir çox xəstəliklərin müalicəsi mümkün olub. Bu gün də bəzi sağalmaz xəstəliklər olsa da, amma elə xəstəliklər var ki, onlardan xilas olmağın yolu elə insanların öz əlindədir. Son illər respublikamızda da qan xəstəliklərinin qarşısının alınması istiqamətində ciddi işlər görülür. Xüsusən, leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu ilk növbədə leykozların molekulayar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin traqet (hədəf) terapiyası üsullarının işlənib-hazırlanmasına aiddir. Həmçinin, 2015-ci ilin iyunundan  respublikamızda nikaha daxil olanların tibbi müayinəsinin aparılması  talassemiya daşıyıcılarının aşkarlanmasına imkan yaratmışdır. Müayinə olunan çütlüklərin hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan zaman talassemiyalı uşaqların doğulma riskini nəzərə alaraq Respublikamızda ilk dəfə talassemiya daşıyıcısı olan hamilə qadınlarda prenatal diaqnostika aparılmışdır. Hazırda nikahdan öncə aparılan müayinələr talassemiya xəstəliyinin qarşısının alınmasına yardım edəcək. Qan xəstəliklərinin müalicəsi ilə bağlı görülən və gələcəkdə görülməsi planlaşdırılan işlərlə bağlı məsələlərə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.


- Leykozlu xəstələrin müalicəsi ilə bağlı ayrıca Dövlət Proqramı varmı?


- Respublikamızda talassemiya və hematologiya xəstəliyinin müalicəsi ilə bağlı ayrıca Dövlət Proqramları var. Leykozla bağlı isə hələ ki, ayrıca Dövlət Proqramı olmasa da, bununla bağlı yaxın vaxtlarda  yeni məlumat ala biləcəksiz. Amma hazırda Onkoloji Xəstələrə Kömək Dövlət Proqramı var. Leykozlu xəstələrə də bu proqramlar çərçivəsində dərman preparatları ilə təmin olunurlar. Əgər əvvəllər leykozdan müalicə üçün İrana, Gürcüstana, Türkiyəyə gedənlər olurdusa, artıq onların sayı azalıb. Bu da leykozların müayinə və müalicəsinin Respublikamızda müasir standartlara uyğun şəkildə aparılması ilə bağlıdır. Əlbəttə Respublikadan kənar müalicə alan xəstələrdə var. Leykozların müalicəsi uzunmüddətlidir və müəyyən bir mərhələdə bu xəstələr də müalicəni institutumuzun klinikasında davam etdirirlər.


- Leykozlu xəstələr arasında ötən il ölüm faktı qeydə alınıbmı?


- Müasir müalicə protokollarının tətbiq edilməsinə baxmayaraq, leykozlardan ölüm halları mövcuddur. Bu bir çox faktorlardan asılıdır. Xəstəliyin mərhələsindən, gedişatından, yaşdan, yanaşı xəsttəliklərdən, xəstənin vaxtında müraciət etməməsindən (yani çox gecikmiş hallarda). Hətta radikal müalicə üsulu olan sümük iliyinin transpalntasiyası zamanı da ölüm halları mövcuddur. 


- Leykozlu xəstələr elektron reystri aparılır?


- Hazırda tespublikamızda talassemiya və hemofiliyalı xəstələrin elektron reystri var. Leykozlarla bağlı  elektron bazanın hazırlanması istiqamətində iş aparılır.


- Qeyd etdiyiniz kimi artıq əksər rayonlarda müasir diaqnostika mərkəzləri var. Həmçinin, Mərkəzi Qan Bankının da regionlarda bölmələri yaradılıb. Qan xəstələrinin regionlarda stansionar müalicə alması üçün şərait yaradılmasına zərurət yoxdur, yoxsa başqa səbəblər var?

 - Hazırda nikahdan öncə müayinə ilə bağlı respublikanın bütün rayonlarındakı xəstəxanalarda hemotoloji kabinetlər yaradılıb. Həmin kabinetlər ən müasir avadanlıqlarla təmin olunub. Bu günlərdə isə biz yenidən rayonlarda monitorinqlərə başlamışıq. Həmin rayonlarda vəziyyət öyrənilir və hansısa çatışmamazlıqlar olsa, onların aradan qaldırılması üçün əlavə tədbirlər görüləcək. Amma Hemotologiya fərqli bir sahədir. Bütün dünyada qan xəstəliklərin ixtisaslaşmış xəstəxanalarda müalicə edilməsinə üstünlük verilir. Yüngül dərəcəli anemiyalara regionlarda da yardım göstərə bilirlər. Ciddi qan xəstəlikləri, leykozlar isə burada müalicə olunur. Əvvəldə qeyd etmişdim ki, İnstitumuzda müaisir standartlara cavab verən laboratoriyalarımız var. Rusiya, Ukrayna, Belarusdan gələn mütəxəsislər də bizim laboratoriyaların yüksək standartlara cavab verdiyini bildirirlər.  Bizdə bütün analizlər, hətta molekulyar, genetik analizlər aparılır. Bu da leykozların diaqnostikasını və xəstəliyin gedişini izləməyə imkan verir. Həmçinin, biz müalicənin monitorinqini apararaq effektivliyini dəyərləndiririk. Bütün bu  laboratoriyaları rayonlarda yaratmağa ehtiyac yoxdur. Xəstələrin sayı da o qədər  çox deyil ki, rayonlarda da belə laboratoriyalar yaradılsın, sonradan ambulator müalicələr zamanı həmin xəstələrə yerlərdə də yardım göstərilir. Kəskin leykozlar 2 ilə yaxın, xroniki leykozlar isə ömrü boyu müalicə alır. Bizim institutda müalicə bitdikdən sonra xəstələr yaşadıqları rayonlarda həkimlərin nəzarəti altında müalicələrini davam etdirə bilirlər. Eyni zamanda bu xəstələr vaxtaşırı instituta müraciət edir, müayinələrdən keçirlər. Vaxtı-vaxtında dərmanlarını alan həmin xəstələr digər insanlar kimi adi həyatını yaşayır, işləyirlər. 

- Biz Respublika Talessemiya Mərkəzində olarkən də, bu gün də daha çox Belarus təcrübəsı və sümük iliyi transplantasiyası əməliyyatında Belarusdan həkimlər dəvət edildiyini eşitdik. Maraqlıdır, bizim Avropa ölkələri ilə əlaqələrimiz yoxdur, yoxsa Belarusda qan xəstəliklərinin müalicəsi daha çox inkişaf edib ki, biz daha çox onlarla təcrübə mübadiləsi aparırıq. 

- Belarusdan olan həkimlər bizdə transplantasiya əmaliyyatları ilk dəfə aparılan zaman həmin əməliyyatlarda iştirak ediblər. İlk əməliyyatlar zaman tibb bacıları da gəlmişdi. Amma sonradan bizim tibb bacıları təcrübəni öyrənib və daha peşəkar bu işi yerinə yetirdilər.  Sonrakı müddətdə xaricdən dəvət olunan həkimlərə də ehtiyac olmadı. Hazırda onlar özləri də etiraf edirdilər ki bizim həkimlər transplantasiya əmaliyyatlarını peşəkar səviyyədə  aparırlar. Belarusda isə qan xəstəliklərinin müalicəsi ilə bağlı institutlar Almaniya təcrübəsindən yararlanılaraq qurulub. Bu gün də Belarusda standartlar Avropa ölkələri ilə eynidir. Belə ki, Çernobıl hadisələrindən sonra xəstələrin sayı çox olduğu üçün bu zərurət yaranmışdı. Buna görə də Belarus qərb təcrübəsindən yararlanaraq ən müasir avadanlıqlarla təchiz olunan xəstəxana qurdu. Bu gün Belarus bu sahədə həm son avadanlıqlara, həm də təcrübəyə malikdir. Bizim onlardan təcrübə keçməyimiz isə həm də dil yaxınlığı ilə bağlıdır. Bizim bütün həkimlərin ingilis dil biliyi olmasa da, əksətriyyət rus dilini bilir. Bu səbəbdən Belarusla əməkdaşlıqlar davam etdirilir. Amma Avropa ölkələri ilə də əlaqələrimiz var və bu əlaqələri, təcrübə mübadiləsini inkişaf etdiririk. Həkimləri istər qan xəstəliklətrinin müalicəsi, istərsə də transplantasiya əmaliyyatlarının aparılması ilə bağlı böyük təcrübəyə malikdir. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda tranplantasiya əməliyyatı aparılır. Əldə olunan nəticələr də çox gözəldir. Aparılan əməliyyatların hamısı ilə bağlı nəticələr qənaətbəxşdir və xəstələr normal həyatlarını davam etdirirlər. 

- Bu gün onlarla xəstə transplantasiya əməliyyatının aparılması üçün növbə gözləyir. Onların yaxınları bizimlə müsahibələrində də bildiriblər ki, tezliklə bu əməliyyatın aparılmasını istəyirlər. Bilmək istərdik transplantasiya əməliyyatının aparılması zəruriliyi ilə bağlı hansı mərhələdə və hansı formada qərar verilir?

(ardı var)

Xalid VAHİDOGLU

Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin qarşısının alınması üçün ictimai maarifləndirmə “ layihəsi çərçivəsində hazırlanıb.

Xəbər xətti