Son 3 gündə Rusiyaya 52 vaqon və 161 yük avtomobili yola salınıb

14:13 - 24 İyun 2016 - Xəbər

       Bəzi kütləvi informasiya vasitələrində iyun ayı ərzində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Agentliyi tərəfindən Azərbaycandan bu ölkəyə 238 kq  meyvə və giləmeyvənin idxalına qadağa qoyulması barədə məlumat yayılıb. 
       Qeyd edək ki, iyun ayının ilk ongünlüyündə  Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb.  DGK Mətbuat Xidmətindən verilən məlumata görə, belə ki, son 3 gündə - iyun ayının 21-dən 24-ə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52  vaqon və 161yük avtomobili  maneəsiz olaraq Azərbaycandan Rusiya Federasiyasına yola salınıb.
      Göründüyü kimi, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının  Rusiya Federasiyasına ixracında heç bir problem müşahidə olunmur.  Sadəcə əl yükləri ilə aparılan cüzi miqdarda  kənd təsərrüfatı məhsullarının ixracına  Rusiya Federasiyasının müvafiq orqanları tərəfindən qadağa qoyulub ki, buna səbəb də həmin məhsullara verilən  müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır. Əlbəttə ki, bu təhlil aparılarkən miqdarı az olmasına baxmayaraq  ixracına qadağa qoyulan məhsulların yetişdirilməsinə, yığılmasına və ixracına çəkilən əziyyət və xərclər də başa düşüləndir.   Ancaq  beynəlxalq təcrübə və iki ölkə arasında sadəcə kənd təsərrüfatı məhsulları  sahəsində həyata keçirilən  idxa -ixrac əməliyyatlarının həcmi nəzərə alındıqda belə hallar istisna hesab olunur və  təbii qarşılana bilər.
      Bütün hallarda Dövlət Gömrük Komitəsi  media qurumları və nümayəndələri  tərəfindən  bu səpkili informasiyaların yayımlanması  və təhlili zamanı irəli sürüləcək  fikirlərin ümumi işə kölgə salmayacaq qəbildən olacağı  qənaətindədir. 

 

Xəbər xətti