Azərbaycan kifayət qədər güclü bir dövlətdir

19:09 - 3 İyun 2016 - KİVDF

Ölkəmiz müstəqil siyasətini davam etdirir, öz inkişaf yolunda uğur və inamla irəliləyir

 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etməsinə baxmayaraq, müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. Ordu və dövlət quruculuğunda hər hansı bir əhəmiyyətli addımlar atılmırdı, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş qaldırmışdı, bədxah qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Bu dövrdə bir sıra ərazilərimiz işğal olundu, Xocalı soyqırımı törədildi. Həmin dövrdə daxildəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxəlif xarici kəşfiyyat orqanları ilə əlbir olaraq ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaradılması, ictimai-siyasi sabitliyin total pozulması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı.  Belə bir gərgin dönəmdə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ümummilli liderin xalqın təkidli tələbləri ilə hakimiyyətə gəlməsindən sonra separatist meyillərin qarşısı alındı, silahlı dəstələr tərksilah edildi, ictimai-siyasi sabitlik təmin olundu, vətəndaş həmrəyliyi yaradıldı, “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi və ən əsası düzgün qurulmayan xarici siyasətin uğursuz nəticələri aradan qaldırıldı. Bilirsiniz ki, müstəqillik əldə etdikdən sonra uğursuz və yanlış xarici siyasət nəticəsində Azərbaycan həm region dövlətləri ilə, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzv dövlətləri ilə normal münasibətlərə malik deyildi, müəyyən gərginliklər var idi. Ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu münasibətlər normallaşdı, Azərbaycan geniş beynəlxalq əlaqələrə  malik oldu. 
Bundan sonra Azərbaycanın strateji inkişaf dinamikasının əsası qoyuldu. Bu gün Azərbaycan postsovet məkanında inkişaf dinamikasına görə ön sırada yer alan ölkələrdəndir ki, bunun da əsasında Ümummilli liderin təməlini qoyduğu inkişaf siyasəti dayanır.  Bunu Milli Məclisin deputatı Siyavkş Novruzov deyib. Onun sözlərinə görə, bu gün milli dövlətləri zəiflətməyə və təsir altına salmağa çalışan bəzi güclərin zaman-zaman Azərbaycana qarşı təzyiqləri də müşahidə edilir. Amma buna baxmayaraq, ölkəmiz müstəqil siyasətini davam etdirir, öz inkişaf yolunda uğur və inamla irəliləyir...
 Azərbaycan kifayət qədər güclü bir dövlətdir. Bəzi beynəlxalq dairələr güclü liderə malik olan güclü dövlətləri sevmirlər. Çünki hesab edirlər ki, zəif liderlər olmalıdır ki, onların verdikləri tapşırıqları yerinə yetirsin. Azərbaycan azsaylı ölkələrdəndir ki, müstəqil siyasət həyata keçirir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, Prezident İlham Əliyev isə Azərbaycan dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuza malikdir. Bir neçə il öncə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin  Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, iki illik üzvlük müddətində quruma sədrlik etdi. Eyni zamanda, ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən tədbirlərə uğurla ev sahibliyi edir və ölkəmiz dünyanın multikultiralizm mərkəzlərindən biri sayılır. Habelə, “Eurovision” beynəlxalq musiqi yarışmasının, ilk Avropa Oyunlarının və digər çoxsaylı beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi uğurlu və hərtərəfli siyasətin başlıca göstəricilərindəndir. Bütün bu nailiyyətlərin başlıca səbəbi heç şübhəsiz, Azərbaycanın geniş beynəlxalq əlaqələrə, ictimai-siyasi sabitliyə və davamlı inkişafa malik olmasıdır. Bu gün hamimiz qürurla deyə bilərik ki, Azərbaycan dünya miqyasında öz sözünü deyən, öz yeri olan nüfuzlu və qüdrətli bir ölkədir. 
Qeyd edim ki, ölkə Prezidentinin yürütdüyü bu kursun əsas hədəfi dayanıqlı iqtisadiyyata söykənən milli sosial-iqtisadi modeldir. Bu modelin əsas hədəfi isə dünya iqtisadiyyatına inteqrasiya və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsidir. Azərbaycanın dinamik inkişafı göz önündədir. Bu siyasət nəticəsində Azərbaycan özünün  ərzaq və enerji təhlükəsizliyini təmin etməklə  siyasi və iqtisadi müstəqilliyinə nail ola bilib. Bu baxımdan, ötən il ölkəmizin inkişafı üçün atılan uğurlu addımlarla zəngin olub. 
 Heydər Əliyevin siyasətini İlham Əliyev uğurla davam etdirdi. Onun rəhbərliyi altında yalnız siyasi sahədə deyil, iqtisadi inkişaf istiqamətində də ciddi addımlar atıldı. Neft  gəlirlərini qeyri-neft sektoruna yönəltmək və burada əhəmiyyətli nəticələr əldə etmək  əsas hədəf olaraq götürüldü. Ölkənin iqtisadi inkişafının  ən böyük məqsədlərindən biri sənayenin inkişafına nail olmaqdır. Bu baxımdan, dövlət başçısı tərəfindən 2014 –cü ilin  "Sənaye ili” elan edilməsi həm də iqtisadiyyatın diverfikasiyası baxımından əhəmiyyətli oldu. Azərbaycanda  230-dan çox sənaye müəssisəsi yaradılıb. 
Sənayeləşmənin əsas məqsədlərindən biri inkişafın paytaxtdan regionlara transfer olunmasından ibarətdir. Rayonlarda sənaye məhəllələrinin yaradılması hər bir rayonda sənayenin inkişfına nail olmaqdan xəbər verir. Bununla əlaqdar ötən il Prezident İlham Əliyev tərəfindən ölkədə sənaye parklarının yaradılması ilə bağlı sərəncamın imzalanması vacib addım idi. Bu regionların inkişafına, ölkə iqtisadiyyatında regionların payının artmasında öz rolunu oynayacaq. Qeyd edim ki, sənayeləşmə "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında hökumət  tərəfindən prioritet elan edilən sektordur. 
2014-cü ilin yekunları ilə bağlı  Heydər Əliyev Fondunun və Fondun rəhbəri Mehriban xanım Əliyevanın məhsuldar fəaliyyətini xüsusi qeyd etmək lazımdır.  Ötən il Fondun təşəbbüsü ilə təhsil müəssələrinin tikintisi və açılş mərasimləri ilə əlamətdar olub. 
Eyni zamanda vurğulayım ki, Milli Məclisdə ötən il qəbul olunmuş 2015-ci ilin dövlət büdcəsi dövlətimizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir.  Bu ilin dövlət budcəsinin gəlirləri 19,438 milyard manat, büdcənin xərcləri isə 21,1 milyard manat  səviyyəsində təsdiqlənib. Bu, ÜDM-in 32,5 faizini təşkil edir.  Bununla Azərbaycan özünün dövlət büdcəsi ilə Cənubi Qafqaz regioununda ən güclü iqtisadiyyata malik olduğunu göstərir. 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 ili tamam oldu. Azərbaycan bu müqaviləni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib.
Ümumilikdə demək olar ki, 2014-cü il ictimai-sosial və humanitar sahədə baş verən xeyli zəngin hadisələrlə yadda qaldı. Milli Məclisin deputatı Fuad Muradov deyib ki,  Azərbaycan həm də uğurlu xarici siyasət həyata keçirməkdədir. Prezident  İlham Əliyev tərəfindən yürüdülən siyasət ölkəmizin sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı  Azərbaycanı beynəlxalq iqtisadi sistemə inteqrasiya edib. Bu gün Azərbaycan dünyada hörmətlə yanaşılan bir dövlətdir.  Uğurlu inkişaf modeli Azərbaycanı beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevirib. 
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulmasıdır. Bu münasibətlərin əsası ölkəmizin 1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Avropa Qonşuluq Siyasətinə qoşulması ilə qoyulub. Qeyd edim ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün geniş dialoq məkanı mövcuddur. Şərq Tərəfdaşlığı platforması, AVRONEST və digər təsisatlar çərçivəsində mütəmadi görüşlər keçirilir, tərəflər arasında hüquqi, siyasi, iqtisadi, ticari, sosial, regional əməkdaşlıq imkanları, Avropa İttifaqının müxtəlif yardım proqramları müzakirə edilir. 

Xəbər xətti