Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı yeni məlumat yayılıb. Gürcüstan tərəfi marşrutun yaxın günlərdə yenidən açılacağını açıqlayıb. Gürcüstan mətbuatında yer alan məlumatlara görə, tərəflər arasında aparılan danışıqlar artıq yekun mərhələyə yaxınlaşıb və qatar reyslərinin qısa müddətdə bərpası gözlənilir.
Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) də rəsmi açıqlama yayıb. Qurumdan bildirilib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir:
“Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır”.
Xatırladaq ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti COVID-19 pandemiyası dövründə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar dayandırılmışdı. Son illərdə marşrutun yenidən açılması ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılsa da, hələlik reyslər bərpa edilməyib.