VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

18:00 - 27 Aprel 2026 - Xəbər

VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi 16 May saat 11:00-da  keçiriləcək.  

Final mərhələsi Bakı şəhərində – Bakı Dövlət Universitetində və Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Olimpiadanın respublika turunda 65 və daha yüksək bal toplayan şagirdlər bu həlledici turda iştirak hüququ qazanıblar.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, MÜTDA Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyidir.
Final mərhələsinin qalibləri 25 sentyabr – 5 oktyabr tarixlərində Vyetnamın Hanoy şəhərində keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak üçün xüsusi hazırlıq dərslərinə cəlb ediləcəklər.

Olimpiadaya hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən müvafiq olaraq universitetdə və mərkəzdə keçiriləcək. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında birhəftəlik yay düşərgəsi təşkil ediləcək. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi isə məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər keçəcək.

Xəbər xətti