Gəncə bazarında nöqsanlar aşkarlandı

15:27 - 22 Aprel 2026 - ÖLKƏ İÇİ

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərində yerləşən “Kəpəz-Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirib.

Ucnoqta.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Bazar ərazisində süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb.

Bazarın daxilində yerləşən ticarət yerlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin hüquqi nümayəndəsi barədə inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Xəbər xətti