Toyda içib "necə-gəldi" oynayanları paylaşanlar cərimələnəcək - RƏSMİ

14:53 - 25 Fevral 2026 - Cəmiyyət

Toy və yas mərasimlərində şəxslərin özlərinin xəbəri olmadan və ya xoşagəlməz vəziyyətdə çəkilmiş görüntülərinin sosial şəbəkələrdə yayılması hüquqi məsuliyyət yaradır. Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında bu məsələ xüsusi qeyd olunub. Kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilir. Eyni zamanda görüntülərin istehzalı, zarafat və ya lağ kontekstində tirajlanması da qanunla qadağandır.

Ucnoqta.az xəbər verir ki, hüquqşünas Vüqar Məmmədov Demokrat.az saytına açıqlamasında bildirib ki, şəxsi və ailə həyatına aid məlumatların, o cümlədən foto və videoların razılıqsız yayılması ciddi fəsadlara yol açır. Ekspertin sözlərinə görə qanunvericilik bu növ qayda pozuntularına görə konkret cəzalar müəyyən edib.

“Belə hallarda qanun 1 000 manatdan 2 000 manatadək cərimə, 10-20 gün ictimai işlər və ya 1 ilədək islah işləri nəzərdə tutur. Cəmiyyət arasında bəzən belə yanlış fikir formalaşıb ki, toy mərasimi ictimai tədbir sayıldığı üçün orada çəkilən hər görüntünü yaymaq olar. Halbuki hüquqi baxımdan bu yanaşma düzgün deyil. Toyda iştirak etmək şəxsin şəxsi həyatından imtina etməsi demək deyil. Xüsusilə şəxsin xoşuna gəlməyən, onu gülünc, çarəsiz və ya etik baxımdan narahat vəziyyətdə göstərən görüntülərin sosial şəbəkələrdə paylaşılması birbaşa şəxsiyyət hüquqlarına müdaxilə hesab olunur” deyə hüquqşünas vurğulayıb.

Vüqar Məmmədov qeyd edib ki, Ali Məhkəmənin son qərarı bu mövqeni tam şəkildə təsdiqləyir. Qərara əsasən toy və yas mərasimlərində çəkilən kadrlar yalnız şəxsin razılığı ilə paylaşıla bilər. Qaydanın pozulması bəzi hallarda daha ağır cəzalarla nəticələnir.

“Əgər bu cür görüntülər vəzifəli şəxs tərəfindən, yaxud dron və digər texniki vasitələrlə çəkilib yayılarsa, cəza daha da sərtləşir. 2 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə, üstəlik 3 ilədək vəzifə tutmaq və ya fəaliyyət göstərmək hüququnun məhdudlaşdırılması mümkündür” deyə mütəxəssis əlavə edib.

Hazırda sosial şəbəkələrdə bu tip paylaşımların artması məhkəmə praktikasında şəxsiyyət hüquqlarının daha ciddi qorunması zərurətini ortaya qoyur.

Xəbər xətti