Qazaxıstanlı hakimliyə namizədlər Ədliyyə Akademiyasında təcrübə keçiblər

10:04 - 15 Dekabr 2025 - Xəbər

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Qazaxıstandan olan hakimliyə namizədlər üçün iki həftəlik təcrübə proqramı keçirilib. 

Nazirliyin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 1-12 dekabr tarixlərini əhatə edən təcrübə proqramı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən təşkil olunub və 60 akademik saatlıq təlimi əhatə edib. 

Məhkəmə-Hüquq Şurasının da dəstəyi ilə təşkil olunan proqram çərçivəsində Qazaxıstandan olan 30 hakimliyə namizəd Azərbaycan məhkəmə sisteminin fəaliyyəti, məhkəmə icraatının təşkili, hüquqi tədqiqat metodları, mediasiya, hakimlərin peşə hazırlığı və rəqəmsal ədliyyə sahəsində müasir yanaşmalarla tanış olub.

Mühazirələr Ali Məhkəmənin, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin hakimləri, tanınmış hüquqşünaslar və mütəxəssislər tərəfindən təqdim edilib.
Təlimlə yanaşı, iştirakçılar Ədliyyə Nazirliyinin Probasiya xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, Bakı istintaq təcridxanasında, eləcə də 7 saylı Bakı “ASAN xidmət” mərkəzində, Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində, Sumqayıt Məhkəmə Kompleksində və Yasamal rayon məhkəməsində həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olublar. 

Təcrübə proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 
Təcrübə proqramı Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin və peşəkar əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, iki ölkənin məhkəmə-hüquq orqanları arasında bilik və təcrübə mübadiləsini dərinləşdirir, gələcək hüquqşünasların peşəkar inkişafına töhfə verir və ədliyyə sahəsində qarşılıqlı əməkdaşlığın davamlı şəkildə genişlənməsinə zəmin yaradır.

Son illərdə bir sıra ölkələrin məhkəmə və hüquq orqanlarının mütəxəssis hazırlanması məqsədilə Ədliyyə Akademiyasına müraciət etməsi Akademiyanın bu sahədə formalaşdırdığı yüksək institusional potensialı təsdiqləyir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, hüquqşünasların peşəkarlığının artırılması və ixtisaslı kadr hazırlanması istiqamətində görülmüş ardıcıl tədbirlər xarici dövlətlərin Azərbaycan təcrübəsinə artan marağını daha da gücləndirib.


Xəbər xətti