Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, parlament islahatları zamanı prezident idarəetmə sistemi aktuallığını qoruyacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Güclü Prezident – Nüfuzlu Parlament – Hesabatlı Hökumət” konsepsiyasını rəhbər tutaraq dövlətimizin köklü modernləşdirilməsi strategiyasının davam etdirilməsi vacibdir. Ona görə də ölkəmizdə prezident idarəetmə sistemi öz aktuallığını qoruyacaq”, - Tokayev parlament islahatları üzrə işçi qrupunun ilk iclasında deyib.
Onun sözlərinə görə, birpalatalı parlamentə keçid ümumilikdə beynəlxalq tendensiyalara uyğundur.
"Dünya ölkələrinin üçdə ikisi belə bir parlament sistemini qəbul edib. İndi ümumi təlimatlar, ağlabatan və balanslaşdırılmış təkliflər hazırlamaq lazımdır. Ona görə də biz bütün nöqteyi-nəzərləri və ideyaları hərtərəfli öyrənib nəzərə almalıyıq”, - Qazaxıstan prezidenti izah edib.