PKK-nın tərksilah prosesi 10 gün ərzində başlayacaq

08:31 - 2 İyul 2025 - DÜNYA

Türkiyədə qadağan olunmuş və terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) 50 nəfərlik ilk qruplaşması 10 gün ərzində Şimali İraqın Duhuk şəhərində silahlarını yerə qoyacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb. Nəşr qeyd edir ki, daha əvvəl özünü ləğv etdiyini elan edən təşkilatın tərksilah prosesi sentyabr ayına qədər tamamlana bilər.

Nəşrin məlumatına görə, yaraqlılar tərəfindən silahların təhvil verilməsi Türkiyə, İraqın mərkəzi orqanları və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında baş tutacaq.

“Hürriyet” yazır ki, tərksilah prosesi digər ölkələrin və BMT nümayəndələrinin iştirakı olmadan həyata keçiriləcək. Qəzet qeyd edir ki, kürd yaraqlılarının bütün düşərgələri sonradan İraq hakimiyyətinin nəzarətinə keçəcək.

Hakim Ədalət və İnkişaf Partiyasının Türkiyədəki rəsmi nümayəndəsi Ömər Çelik çərşənbə axşamı jurnalistlərin PKK-nın tərksilah edilməsinin mümkün vaxtı ilə bağlı suallarını cavablandırarkən, bunun yaxın gələcəkdə baş verə biləcəyini deyib.
"Mən konkret zaman çərçivəsi vermək istəmirəm. Yaxın günlərdə bunun baş verə biləcəyi bir mərhələyə çatmışıq. Bunlar Türkiyənin terrordan təmizlənməsi baxımından son dərəcə əhəmiyyətli olacaq", - siyasətçi bildirib.

Xəbər xətti