"2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbaycan məktəblərində “müəllim” adını daşıyan, amma bu ada heç bir aidiyyəti olmayan yüzlərlə, bəlkə də minlərlə şəxs var. İmtahanda 30 balı belə toplaya bilməyən birisi nəinki müəllim deyil, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil. İndi durub bu insanlara görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, onlara bəraət qazandırmaq — bu gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir"
Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edir ki, biz bu gün sinif otaqlarını savadsızlıqdan, məsuliyyətsizlikdən, zehni tənbəllikdən təmizləməyə çalışırıq:
"Amma sosial şəbəkələrdə “onlar illərlə dərs deyib”, “aç qalsınlar?”, “uşaqları böyüdürlər” arqumentləri ilə çıxış edənlər əslində təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Bu qədər məsuliyyətsizlik olmaz! Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən valideyn də, onu məktəbdə saxlayan direktor da, müdafiəsinə qalxan cəmiyyət də eyni günahın ortağıdır.
O müəllim ki, 2 dəfə eyni suallarla keçirilən imtahanda uğur qazana bilmir — o artıq bu peşədə yeri olmayan biridir. Sertifikasiya — savadsızlarla bacarıqlı müəllimləri ayırd etmək üçün sonuncu və obyektiv mexanizmdir. İndi bu mexanizmi zəiflətmək, keçid balını endirmək, sualları sadələşdirmək tələb edənlər ya savadsızlığın bayraqdarıdır, ya da təhsilin nə demək olduğunu heç vaxt anlamayıblar".
Kamran Əsədov bildirir ki, əgər bir müəllim “mən imtahandan kəsildim çünki suallar çətin idi” deyirsə, o zaman illərlə dərs dediyi yüzlərlə şagirdə cavab versin:
"Bu illər ərzində nə öyrədib? Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb? Dərs zamanı şagirdin sualına nə cavab verib? Belələrinin təhsil sistemində qalması — uşağın vaxtını, potensialını və gələcəyini oğurlamaqdır.
Ac qalmasınlar deyə gələcəyimizi məhv edə bilmərik. Əgər vicdanınız imkan vermirsə onları çöldə qoymağa, o zaman maaşınızı bölüşün, evinizə aparın. Amma məktəblərdən kənarda saxlayın! Çünki məktəb sosial yardım yeri deyil — cəmiyyətin təməlinin qurulduğu məkandır. O təmələ savadsız, sistemsiz, öz üzərində işləməyən, kitab üzünü açmayan birini buraxmaq — millətin məhvinə razı olmaq deməkdir".
"Sertifikasiya təhsil sistemində son ümid nöqtəsidir. O ümidin qarşısına keçmək istəyən hər kəs — istər müəllim, istər valideyn, istər ictimai müdafiəçi — bir şeyi anlamalıdır: Bu ölkədə gələcək, ancaq biliklə, bacarıqla, əxlaqlı və peşəkar müəllimlə qurula bilər. Qalanları — ya dəyişəcək, ya da təhsil sistemindən silinəcək!" - mütəxəssis vurğulayıbş
Elvin