Ermənistanın baş naziri Nikol Paşinyan Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə görüşdə hökumətin Aİ ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bəyan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.
"Nikol Paşinyan Avropa İttifaqının Ermənistanda həyata keçirilən islahatlara ardıcıl dəstəyini yüksək qiymətləndirib və Ermənistan hökumətinin Aİ ilə əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı fəaliyyətin yeni və səmərəli mərhələsini təmin etməyə davam etməyə hazır olduğunu vurğulayıb".
Qeyd olunur ki, Kosta və Fon der Lyayen Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanunun qəbulunu alqışlayıb və mühüm addım hesab ediblər, həmçinin viza rejiminin liberallaşdırılması prosesinin ikitərəfli sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Avropa rəsmiləri də Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı razılaşmanı alqışlayıblar.