Məşhur iş adamının hoteli hərraca çıxarıldı - 9,2 milyona ...

12:16 - 9 Aprel 2025 - Xəbər

İsmayıllı rayonunun Tircan kəndi ərazisində yerləşən “Zəngəzur Harmony” hoteli hərrac vasitəsilə satışa çıxarılıb.

Ucnoqta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hotelin tərkibində olan 5 müxtəlif tikili ayrı-ayrılıqda satışa çıxarılıb.

Satışa çıxarılan obyektlərin ən böyüyü 1 764,8 kvadrat metr sahəsi olan 5 mərtəbəli obyektir. Bu obyektin ilkin satış qiyməti 3 milyon 350 min manat təşkil edir.

Bundan başqa, 1 590,5 kvadrat metr sahəsi olan 3 mərtəbəli obyekt 2 milyon 800 min, 631,2 kvadrat metr sahəsi olan 3 mərtəbəli obyekt 1 milyon 220 min, 255,4 kvadrat metr sahəsi olan 2 mərtəbəli obyekt 870 min, 719 kvadrat metr sahəsi olan 2 mərtəbəli obyekt isə 910 min manata satışa çıxarılıb.

Qeyd edək ki, 28 aprel 2024-cü il tarixində baş tutacaq hərracda iştirak etmək istəyənlər ilkin satış qiymətinin 5%-i həcmində beh ödəməlidirlər.

Məlumat üçün bildirək ki, təxminən 2 ay əvvəl – fevral ayının 12-də Hacı Nuran kimi tanınan məşhur teleaparıcı Nuran Hüseynov “Zəngəzur Harmony” hoteli ilə bağlı paylaşım edərək izləyicilərini bu hotelə dəvət edib. Hacı Nuran hotelin sahibi Məzahir Həsənovla çəkdirdiyi fotonu paylaşaraq yazıb ki, belə gözəl və qüsursuz bir istirahət mərkəzinin tikilməsi üçün onun sahibi və təsisçisi, I Qarabağ müharibəsinin veteranı, gözəl və mehriban insan Məzahir Həsənova sonsuz təşəkkürünü bildirmək istəyir:

“Çünki o, bütün bu cənnəti öz maddi hesabına yaradıb. Yeri gəlmişkən, qeyd edim ki, Məzahir Həsənov çox böyük bir iş adamıdır. Uzun illər Sankt-Peterburq şəhərində yaşayıb”.

Onu da bildirək ki, “Zəngəzur Harmony” hotelinin hansı səbəbdən hərraca çıxarıldığı barədə məlumat verilmir.

Xəbər xətti