Hindistan Çin komponentləri ilə 400 PUA-ya dair müqavilələri ləğv edir

10:18 - 7 Fevral 2025 - DÜNYA

Hindistanın Müdafiə Nazirliyi yerli şirkətlə orduya 400 nəqliyyat pilotsuz uçuş aparatının (PUA) tədarükü üçün Çin istehsalı olan komponentlərin istifadəsi ilə bağlı üç müqaviləni ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” müdafiə nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Təəssüf ki, bəzi Hindistan şirkətləri silahlı qüvvələr üçün pilotsuz təyyarələrin istehsalında Çin elektronikası və komponentlərindən istifadə edir. Bu, düşmənin PUA-ları sıradan çıxarmaq qabiliyyətinə görə kibertəhlükəsizlik və hərbi əməliyyatlar üçün ciddi təhlükədir”, - mənbə nəşrə bildirib.

Məlumata görə, 2024-cü ildə Hindistanın Çin və Pakistanla sərhədində yerləşdirilən 180 kəşfiyyat təyyarəsinə nəzarət zamanı bir neçə texniki nasazlıq baş verdikdən sonra Hindistan pilotsuz təyyarələrində Çin komponentlərinin istifadəsinə nəzarət gücləndirilib.
PUA-ların hərbi qəbulu zamanı nəzarət və yoxlamalar onların kompüter proqramlarında Çin hissələrinin və zərərli proqramların istifadəsini tamamilə istisna etməlidir. Hindistanlı dron istehsalçılarına Çindən komponentlərin idxalını dayandırmaq tövsiyə olunub.

“The Times of India”nın məlumatına görə, Hindistan Müdafiə Nazirliyi 2023-cü ildə Tamil Nadu ştatının Çennai şirkəti ilə Şərqi Ladaxda Çinlə sərhəddə yerləşən Hindistan qoşunlarına çatdırılması nəzərdə tutulan 200 orta hündürlük, 200 ağır və yüngül logistik PUA-nın tədarükü üçün bağlanmış üç müqaviləni ləğv edib.

Xəbər xətti