“Baku Electronics” məhkəməyə verildi

11:04 - 21 Yanvar 2025 - Xəbər

“Baku Electronics”lə bağlı növbəti cərimə protokolu imzalanıb.

Ucnoqta.az Tribunainfo.az-a istinadən xəbər verir ki, sözügedən şəbəkənin Binəqədi rayonundakı filialının İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Baku Electronics”lə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 24 yanvar tarixində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, 9 yanvar tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması barədə maddəsinə uyğun olaraq “Baku Elektronics” MMC barəsində protokol tərtib etmişdi.
Məlum olub ki, “Baku Electronics” satdığı keyfiyyətsiz malın (müqavilə şərtlərinə uyğun olmayan mal) qaytarılmamasını və y dəyişdirilməsini həyata keçirməyib.

Qeyd edək ki, “Baku Electronics” 1994-cü ildə pərakəndə, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”-in bir parçası olaraq Azərbaycanda yaradılıb.

“Baku Electronics” Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi markaların rəsmi distribütoru, Apple brendinin isə rəsmi satış təmsilçisidir. Baş icraçı direktoru Saeid Nakhjavanidir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbər xətti