Bu il məktəblərdə müəllimlər üçün 10 500 vakant yer ayrılıb. Müəllimlərin işə qəbulu imtahanında (MİQ) isə 50 264 namizəd arasından 5740 nəfər vakansiya seçimi mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb. Rəqəmlərə əsasən deyə bilərik ki, 5 mindən çox vakant yerin boş qalacağı proqnozlaşdırılır.
Bəs, görəsən, 50 min namizəd olmasına rəğmən niyə 5 min vakant yeri boş qalır?
Təhsil eksperti Elşən Qafarov mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verib.
Ekspert bildirib ki, müəllim işləmək istəyən şəxslər kifayət qədər bilikli və bacarıqlı olmalıdırlar:
“Hər il 10 minə qədər vakansiya təqdim olunur. Bu vakansiyalara 50 mindən çox namizəd sənəd verir. Ancaq onların böyük əksəriyyəti hazırda müəllim kimi fəaliyyət göstərənlərdir. Hansı ki, onlar yerdəyişmə ilə iş yerini dəyişə bilməyib, yaxud özünü yoxlamaq istəyirlər. Nəticə etibarı ilə biz sənəd verən şəxslərin neçə faizinin ilk dəfə MİQ imtahanına daxil olduğunu bilmirik. Ümumiyyətlə hər iki vakant yerdən birinin boş qalması o deməkdir ki, müəllimlərin ixtisas üzrə məktəblərə getməsi təmin edilmir. Nəticədə təhsilalanlar üçün problemlər yaranır.
Ciddi məsələlərdən biri də odur ki, doğrudan da bizə lazım olan müəllimi MİQ imtahanı vasitəsi ilə seçə bilirikmi?
MİQ sualları pedaqoji sahədə kadr hazırlayan 22 universitetdə ayrı-ayrı ixtisaslar üzrə pedaqoji kadr hazırlığı ilə bağlı proqrama uyğun olmalıdır. Tələbənin universitetdə 4 il oxuyub əldə etdiyi bilik və bacarıqlarına dair suallar imtahana salınmır, əksinə tamamilə fərqli mövzular əlavə edilir. Ona görə də pedaqoji sahədə təhsil alan tələbələr III-IV kursdan etibarən repetitor yanına getmək məcburiyyətində qalırlar.
İstəyərdim ki, MİQ-in sualları pedaqoji kadr hazırlığı ilə məşğul olan universitetlərdə müvafiq ixtisaslar üzrə öyrədilən biliklərə uyğun salınsın”.
“MİQ imtahanının formatında dəyişiklik etmək lazımdır”,- deyə müsahibimiz qeyd edib:
“İlk növbədə namizədlər psixoloji testdən keçməlidirlər. Daha sonra motivasiya məktubu yazılmalıdır. “Nəyə görə müəllim işləmək istəyirəm?” bu suala cavab verilməlidir. Xarici təcrübədə müəllimlərin işə qəbulu prosesində müsabiqənin 50% balı motivasiya məktubuna ayrılır. Ancaq bizdə bu təcrübə yoxdur. MİQ-də sistemə lazım olan müəllimlərin seçilməsi ilə bağlı kriteriyalar müəyyən olunmalıdır”.