Yenidoğulmuş uşağın ölümündə ittiham olunan ginekoloqun məhkəməsi başlayır

16:55 - 19 İyul 2024 - Cəmiyyət

Sabirabadda yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Regional Perinatal Mərkəzində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Mərkəzin həkim mama-ginekoloqu Naibə Mahmudova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, tibbi göstəriş olmasına baxmayaq əməliyyatın gecikdirilməsi nəticəsində yeni doğulmuş uşağın ölmünə səbəb olan səhlənkarlıq edilməsinə, eləcə də doğumun gedişini və nəticələrini əks etdirən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Naibə Mahmudovaya Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Xəbər xətti