“Müəyyən yaşda ağır şəkər xəstəsinə çevrilə bilərlər”

13:56 - 4 Fevral 2023 - Cəmiyyət

“Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəliyin aşkarlanması mümkündür. Diabet genetik faktorla əlaqəlidir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin “Instagram” hesabında canlı yayımı zamanı deyib.

Onun sözlərinə görə, diabet xəstəliyinin ən çox rast gəlinən növü - 1-ci tip diabetdir və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tip diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır.

Bəs görəsən, uşaqlarda bu xəstəlik özünü hansı şəkildə büruzə verir? Müraciət edən pasiyentlərin ailə üzvlərindən bu xəstəlikdən əziyyət çəkən olubmu?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Abbas Bağırovun sözlərinə görə, şəkərli diabet səbəbi məlum olmayan xəstəliklər qrupuna daxildir:

“Xəstəliyin konkret yaranma səbəbini bugünkü nəzəri və praktiki təbabət də aydınlaşdıra bilmir. Səbəbi məlum olmayan xəstəliklərin birdəfəlik müalicəsi mövcud deyil. Xəstəliyin daha çox rast gəlinən birinci və ikinci tipi var.

1-ci tip diabet uşaqlarda arıqlama, tərləmə, ümumi zəiflik, baş ağrısı, tez yorulma, yuxusuzluq, tez yuxuya getmə, aclıq əlamətləri ilə göstərir. Bununla yanaşı istəmədən çəkinin itməsi halları da baş verir. 2-ci tip uşaqlarda az rast gəlinir. Az rast gəlməsinə baxmayaraq, statistik göstəriciləri son zamanlar artıb. Bu zaman da piylənmə, ümumi yorğunluq, əsəb hallarına rast gəlinir.

Şəkərli diabet olan uşaqların sidik və tərindən xoşagəlməz iy gəlir. Qanda şəkərin miqdarı artanda dəridə qaşıntı, ümumi narahatlıq, yuxusuzluq, dəri qızartıları da müşahidə olunur”.

A.Bağırov qeyd edib ki, diabetdən qorunmağın konkret göstəriciləri yoxdur:

“Şəkərdən qorunmağın konkret göstəriciləri yoxdur. Çünki nədən yarandığı bəlli deyil. Qida, ekoloji, genetik, sosial faktorlar xəstəliyi yaradan ən öndə gedən amillər hesab olunur. Sağlam qidalanmaq lazımdır. İdmanla məşğul olub, yuxu rejiminin tənzimlənməsi əsas vasitədir”.

Həkim əlavə edib ki,  kök uşaqlarda 2-ci tip şəkərli diabetə çox rast gəlinir:

“Kök uşaqlarda da ikinci tip şəkərli diabetə çox rast gəlinir. Genetik meyillilik olur. Bəzi hallarda genetik faktor, ümumiyyətlə, olmur”.

Endokrinoloq Emin Ağabalayev bildirib ki, diabet uşaqlarda müəyyən yaş kateqoriyasında özünü büruzə verə bilər:

“Xəstəlik müxtəlif səbəblərdən başlaya bilər. Burada irsi faktor rol oynamır. Mədəaltı vəzdə insulin istehsal edən betta hüceyrələri məhv olur, nəticədə uşağın şəkərini salacaq insulin hormonu qalmır. Ömür boyu insulin müalicəsi almaq məcburiyyətində qalır.

Uşaqlarda piylənmə varsa, şəkərə meyillilik kimi göstərilə bilər. Uzun müddət bu insulin orqanizmdə davam edərsə, müəyyən yaş həddinə çatanda həmin insanlarda şəkərli diabet əmələ gələ bilər. Kök uşaqlar şəkər xəstəsi olur - fikri səhvdir. Xəstəlik özünü sonradan da büruzə verə bilər. Uşaqlıq dövründən çıxandan sonra ağır şəkər xəstəsinə çevrilə bilərlər”.

E.Ağabalayev valideynlərində piylənmə olan uşaq üçün bu xəstəlik riskli hesab olunduğunu söyləyib:

“Uşaqlarda nadir hallarda rast gəlinən böyüklərin diabeti aşkarlanarsa, onlar xəstəliyi kəskin keçirirlər. Hətta komaya belə düşənlər olub. Ömürlərinin sonlarına qədər insulindən asılı halda yaşayırlar. Bu səbəbdən pəhriz saxlamalı, ailəliklə karbohidratdan uzaq olmalıdırlar. Uşaqlarda piylənmə olmazsa, bu xəstəlik də onlardan uzaq olacaq”.

Xəbər xətti