Tərtərdə məişət zorakılığının azaldılması ilə bağlı maarifləndirmə tədbiri keçirilib

18:47 - 6 Oktyabr 2022 - Cəmiyyət

Oktyabırın 4-də Tərtər rayonundan Humanitar Tədqiqatlar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Cəbhəyanı regionda məişət zorakılığının azaldılmasına dəstək tədbirlərinin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva çıxış edərək bu cür həssas mövzuda maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin  sosial müdafiəsi istiqamətində görülən işlərdən danışıb.

“Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova çıxış edərək layihənin məqsədi ilə bağlı məlumat verib. Bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihənin məqsədi cəbhəyanı regionda  məişət zorakılığından müdafiə  mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara özünüməşğulluq imkanlarından yararlanmalarına dəstək verilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.

Daha sonra layihənin eksperti Rafiq Muradov məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı iştirakçılara məlumat verib.

İştirakçılara “Məişət zorakılığının qarşısının alınması” haqqında  Qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi sosial və qabaqlayıcı tədbirləri necə təşkil edilməsi, zorakılığa yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları  və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları haqqında məlumat verilib. Həmçinin, “Məişət zorakılığının qarşısının alınması” haqqında  qanunun verdiyi hüquqlar, qanunda nəzərdə tutulan müdafiə mexanizmləri iştirakçılara izah edilib. Qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi  qeyd edilib. Qısamüddətli və uzunmüddətli mühafizə orderinin necə əldə edilməsi yolları vurğulanıb.

Həmçinin, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı iştirakçılar bilgiləndirilib.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.


Xəbər xətti