Zəvvarları daşıyan traktor gölməçəyə düşüb, 26 nəfər ölüb

08:42 - 2 Oktyabr 2022 - DÜNYA

Hindistanın Uttar Pradeş ştatının Kanpur rayonunda traktor və onun qoşqusunun aşaraq gölməçəyə düşməsi nəticəsində azı 26 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Bu barədə “Report” “NDTV” kanalına istinadən xəbər verir. Traktorun qoşqusunda təxminən 50 nəfər olub. Onların hamısı yerli məbədlərdən birində dini mərasimdən sonra evlərinə qayıdan zəvvarlar olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, xilasetmə işlərinə polis və yerli sakinlər cəlb olunub. Qeyd olunub ki, ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır. Uttar Pradeş ştatının baş naziri Yoqi Adityanath ölən və yaralananların ailələrinə başsağlığı verərək, traktor qoşqularından insanları daşımaq üçün istifadə edilməməyə çağıran bəyanat yayıb. O, vurğulayıb ki, onlardan yalnız yüklərin daşınması üçün istifadə edilməlidir.

Xəbər xətti