Yaxın zamanlarda Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanılacaq

13:06 - 20 Aprel 2022 - Cəmiyyət

I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat ödənilməsi nəzərdə tutulur

Ölkənin hərbi qüdrətinin artırılması, şəhid ailələri, qazilər, müharibə veteranlarına diqqət və qayğı göstərilməsi ölkə prezidentinin hökumət qarşısında vəzifə kimi qoyduğu əsas məsələlərdən biridir. Şəhid ailələrinin sosial durumunun yaxşılaşdırılması daimi olaraq dövlətin əsas diqqət yetirdiyi məsələlərdən biri olub. 2018-ci il aprelində ölkə Prezidenti seçildikdən sonra da cənab İlham Əliyevin imzaladığı ilk Fərman  məhz şəhid ailələri ilə bağlı oldu. 19 aprel 2018-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Fərmanla 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulurdu. Sənədə əsasən, birdəfəlik ödəmə bu fərmanda nəzərdə tutulan ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verildi.

Həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməyən, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələri də birdəfəlik ödəmə ilə təmin edildi.

Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edərək üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdi.

12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunub

1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilməklə həmin sığorta ödənişlərinin verilməsi həyata keçirilib. Dövlət başçısının 19 aprel 2018-ci il tarixli Fərmanı isə həmin Qanun qüvvəyə mindiyi günədək, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tuturdu.

Göründüyü kimi 2018-ci il 19 aprel tarixli Fərman şəhid ailələrinə növbəti ciddi dəstək tədbirini nəzərdə tutub. Həmçinin 2019-cu ilin yanvar ayında imzalanan Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edilib. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunub.

1997-ci il avqustun 2-dək müharibədə əlil olan şəxslərə birdəfəlik ödəmə bu ilin iyulundan veriləcək

Dövlət başçısının 2021-ci il 23 dekabr tarixli Fərmanı da 1997-ci il avqustun 2-dək müharibədə əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının növbəti bariz nümunəsidir.

Artıq 1991-1997-ci illərdə xəsarət alan Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb. Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə yaradılan Komissiyanın üzvləri müdafiə, daxili işlər, ədliyyə,  fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəislərinin müavinləri, Dövlət Sığorta Kommersiya Şirkətinin sədridir.


Fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilən hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə veriləcək. Belə ki, I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat ödənilməsi nəzərdə tutulur.

Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının siyahısını, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslərin siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə sığorta ödənişi verilən şəxslərin siyahısını  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidirlər.

Fərmanın əhatə etdiyi şəxslər Qaydalarda göstərilən sənədlərini (əlillik sənədləri, şəhadətnamə, xəsarət  alması və ya xəstələnməsi ilə əlaqadar arayış, yaxud qərar və s.) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun ərazi üzrə Filiallarına və ya DOST mərkəzlərinə təqdim edəcəklər. Vəfat etmiş müharibə əlillərinin vərəsələrinin vərəsəlik hüququ notariat orqanları tərəfindən müəyyən ediləcək.

Sənədlər təqdim edildikdən sonra ödəmə nağdsız qaydada şəxsin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək. Birdəfəlik ödəmə qeyd olunan məbləğlərdə bir dəfə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mediaya açıqlamasında bildirib ki, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib: “Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub. “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub. Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12 500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib. Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmənin verilməsinə başlanılacaq”.

Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri

Vergi Məcəlləsində şəhid ailələri üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları üçün aşağıdakı vergi güzəştləri nəzərdə tutulur:

Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən şəhid olmuş şəxslərin ailə üzvlərinin və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunur.

Mülki şəxslərə bu güzəşt o halda verilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyinin müəyyən edildiyini təsdiq edən arayış təqdim edilsin.

Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərlərinin) və övladları, qanunvericiliklə  müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Pünhan Əfəndiyev
Yazı “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə hüquqi dəstək”  layihəsi çərçivəsində hazırlanıb.

Xəbər xətti