Əri həbs olunan “həcixanım”la şok əməllər... – GÖRÜN NƏ ETDİLƏR

11:19 - 22 Yanvar 2022 - HADİSƏ

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Fəxrəddin Cavanşirov bir neçə nəfərə qarşı dələduzluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fəxrəddin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddələri ilə ibtidai istintaqı aparılan təqsirləndirilən Mətləb Hüseynovun barəsində olan işin icraatına xitam verilməsi, onun həbsdən buraxılmasına köməklik göstərilməsi üçün sonuncunun qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Günaya yalan vəd verib.

Günaya özünün yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edib Mətləb Hüseynovun həbsdən buraxılmasını həll edəcəyini deyib.

Bunun üçün qadından ümumilikdə 152800 manat məbləğində pul vəsaitini alıb.

Bundan başqa, Fəxrəddin Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan iş üzrə Ruslana aid hissədə cinayət təqibi üzrə icraata xitam verilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin fevralında Ehtiramdan yüksək vəzifələrdə işləyən şəxslərə verilıməsi üçün 12182 manatı alaraq ələ keçirib.

İstintaq orqanı tərəfindən Fəxrəddinin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

“Həcixanım Mətləbin həbs olunduğunu bildirdi”

Fəxrəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2020-ci ilin sonundan etibarən onun tanışı Mətləb Hüseynovla qeyri-rəsmi ər-arvad münasibətində yaşamış Günay 2021-ci ilin yanvarından tanıyıb: “Özünü iş adamı kimi təqdim edən Mətləbi isə işlətdiyim avtoyuma mərkəzində müştəri kimi tanımışam. Ünsiyyətlərimiz yaranandan sonra Mətləb avtoyuma mərkəzində mənə şərik olmaq istədiyini bildirdi. Mən də gəlirimin 25 faizini 36000 manata Mətləbə təklif etdim. Biz aramızda razılaşdıq.

Mətləb ilkin məbləğin 10000 manatını 2020-ci ilin dekabrın əvvəlində, ikinci dəfə isə 2021-ci ilin yanvarın təxminən 5-də, ya da 6-sında Yasamal rayonu, “Asan Xidmət”in yanında yerləşən evdə Fatmanisə xanımın yanında mənə verdi. Pulun qalan 16000 manatını isə yanvarın 15-də çatdıracağına söz verdi.

Yanvarın 14-də Mətləbə zəng etdim, amma ona zəng çatmadı. Mətləbi axtarmağa başladım. Daha sonra tanışlarından biri onun tutulduğunu, bu məlumatın özünü Həcixanım kimi təqdim edən Mətləbin həyat yoldaşının dediyini bildirdi. Mən Həcixanımın, yəni Günayın nömrəsini götürdüm, dərhal ona zəng etdim, Mətləbin başına nə gəldiyini öyrəndim.

Həcixanım Mətləbin yanvarın 13-də həbs edildiyini və dələduzluqda ittiham olunduğunu bildirdi. Vəziyyəti belə görəndə 20000 manatı geri qaytarmaq istədim. Həmin gün Mətləb təcridxanadan zəng edərək həbs olunduğunu, həyat yoldaşının qalıq məbləği mənə verəcəyini və həmin gəlirə ehtiyacı olduğunu bildirdi”.

“Tələblər irəli sürməyə başladı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, vəziyyəti başa düşüb və işə davam edib: “Yanvar ayının sonları, ya da ortası Günay şəriklik pulunun qalığı kimi 16000 manatı mənə çatdırdı. Fevralın 12-də aylıq gəlirin 25 faizini yəni, 504 manatı Günaya verdim.

Həmin gün Mətləb zəng vuraraq məndən razı olduğunu və minnətdarlığını bildirdi. Amma bir gün sonra vəziyyət dəyişdi. Günay mənə qarşı tələblər irəli sürməyə başladı”.

“Pulu məndən birdəfəlik geri tələb etdi”

Fəxrəddin deyib ki, 2021-ci ilin fevralın ortalarında Günay ona zəng edib: “Mətləbin vəkilinin sonuncuya hüquqi yardım göstərməsi üçün 5000 manat pul istədiyini bildirdi. Bundan sonra Günay Mətləbin azadlığa buraxılması üçün mənimlə məsləhətləşdi. Qısa zamanda bu məsələ ilə maraqlandım və bu işi həll etməyin mümkün olmayacağına əmin oldum. Günaya bu barədə dedim.

Bundan sonra Günay Mətləbin mənim işlətdiyim avtoyuma mərkəzində 25 faizə şərik olması üçün ödədiyi 36000 manat pulu geri tələb etməyə başladı. Günaya həmin pulu hər ay avtoyuma mərkəzindən gələn aylıq qazancdan 25 faizini ona verməklə geri qaytaracağımı bildirdim. Günay isə mənimlə razılaşmadı, həmin pulu məndən birdəfəlik geri tələb etdi”.

Fəxrəddinin ifadəsinə görə, Mətləbin azadlığa buraxılması üçün Günaydan 152800 manat, Ruslan adlı tanışından isə sonuncunun barəsində Baş prokurorluğun hansısa idarəsində araşdırılan işin həll edilməsi müqabilində 12000 manat pul almayıb, heç bir işin həllini vəd etməyib.

“Evlərinin qanunsuz satışı ilə məşğul olub”

Mətləb Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərindən biri olub. Həmin cəmiyyət əslində binaların və fərdi yaşayış evlərinin dizaynı ilə məşğul olan şirkət kimi qeydiyyatdan keçib. Buna baxmayaraq Mətləb və şərikləri evlərinin qanunsuz satışı ilə məşğul olub. Onlar müvafiq internet saytına müdaxilə edilməsini təmin edərək evlərin pul aldıqları vətəndaşlara satılmasına nail olublar”.

“İlkin olaraq 36 nəfər müəyyən olunub”

Günayın bildirdiyinə görə, 13 yanvar 2021-ci ildə Mətləb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs seçilib: “Mətləb yaxın dostu Fəxrəddin ilə “Luxor” adlı avtoyuma məntəqəsini icarəyə götürərək işlədib. Ora faktiki olaraq Fəxrəddin nəzarət edib. Mətləb tutulduqdan sonra mənim də Fəxrəddinlə tanışlığım yarandı.

Fəxrəddin Mətləbin işi ilə bağlı həddindən artıq maraqlandı, ona kömək etmək istədiyini bildirdi. 2021-ci ilin yanvarın sonlarında mənə zəng etdi, Mətləbin işi ilə bağlı Baş Prokurorluğun hansısa idarəsinin işçisi olan Fərrux Babayev adlı şəxslə görüşəcəyini, ondan Mətləbin ev dustaqlığına buraxılması, həm də ona verilmiş ittihamın ağırlaşdırılmaması ilə bağlı söhbət edəcəyini bildirdi.

Sonra Mətləbə dələduzluq ittihamı verildi. Eşitdiyimə görə, onun əməllərindən zərərçəkmiş şəxslərin sayı ilkin olaraq 36 nəfər müəyyən olunub”.

“150000 manat pul üçün razılığa gəldik”

Günayın ifadəsinə görə, 2021-ci ilin yanvarın sonlarında Fəxrəddin ona zəng edib: “Dedi ki, Fərrux müəllimin yanındayam, yoldaşının adı, soyadı, maddəsi və ittiham aktını mənə göndər. Mən də Fəxrəddinə vatsap vasitəsilə Mətləbin barəsində məlumatlar göndərdin.

Fevralın 2-də Fəxrəddin mənə zəng etdi, təcili görüşməli olduğumuzu bildirdi. Biz Xırdalan şəhərində görüşdük.

Görüş zamanı Fəxrəddin mənə dedi ki, Fərrux Babayevlə danışmışam, Mətləbin işinə o nəzarət edir, Mətləbin ev dustaqlığına buraxılması, əməlinin təkrarçılıq kimi tövsif edilməsi, sonuncunun məhkəməyə elə məhz 178.2-ci maddəsi ilə verilməsi üçün Fərrux Babayevə 150000 manat pul və əlavə olaraq 2800 manat məbləğində dəyəri olan “İphone 12 Pro Max” markalı mobil telefonu rüşvət qismində verməliyik.

Həmçinin, Fəxrəddin mənə Fərrux Babayevin həmin işə məhkəmədə də qeyri-rəsmi nəzarət edəcəyini və həmin işə məhkəmə orqanında xitam verilməsini təmin edəcəyini bildirdi. Fəxrəddinlə 150000 manat pul üçün razılığa gəldik.

İlkin olaraq elə həmin vaxt anamın evindən 43000 manat məbləğində pulu götürdüm, Fəxrəddinə verdim. Daha sonra Fəxrəddinlə birlikdə metronun “28 May” stansiyasının yaxınlığında, “Music Gallery” mağazası ilə üzbəüz yerləşən adını xatırlamadığım mobil telefon dükanından 2800 manat dəyərində olan “İphone 12 Pro Max” markalı mobil telefonu alaraq Fərrux Babayeva çatdırması üçün Fəxrəddinə verdim”.

Günay qeyd edib ki, 2021-ci ilin fevralın 2-dən 15-dən olan müddətdə Fəxrəddinə ümumilikdə 150000 manatı hissə-hissə verib. Qeyd edib ki, həmin pulları ona borcu olan müxtəlif şəxslərdən alıb.

Günay bildirib ki, təxminən 2021-ci ilinfevralın 12-də tanışı Ehtiram ona müraciət edib və dostu, Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ruslanın saxta arayış hazırlaması barədə cinayət işinin araşdırılması haqqında ona məlumat verib və həmin işin də Fəxrəddinin köməkliyi xitam edilməsinin mümkünlüyünü soruşub: “Mən də Fəxrəddinlə danışaraq xəbər edəcəyimi bildirdim. Bu barədə Fəxrəddinlə danışdım. O, bir gün sonra mənə zəng etdi və dedi ki, Fərrux Babayevlə danışmışam, həmin işin xitam olunması üçün 15000 manat pul vəsaitini ona rüşvət qismində vermək lazımdır.

Buna baxmayaraq, gün ərzində aparılmış danışıqlarla həmin qiyməti 12000 manata endirdik. Fevralın 13-də Fəxrəddin Ehtiramdan 3000 avro və 3000 manat, fevralın 14-də isə pulun qalan hissəsini aldı”.

Günay qeyd edib ki, müəyyən vaxtdan sonra Mətləbin həbsdən azadlığa buraxılmadığını görüb: “Fəxrəddindən bu barədə soruşdum. O da əvvəlcə Fərrux Babayevin koronavirusa yoluxduğunu və bu səbəbdən işlə məşğul ola bilmədiyini bildirdi. Sonradan Fəxrəddindən xəbər çıxmadığını görəndə artıq başa düşdüm ki, Fəxrəddin məni aldadıb. Bu səbəbdən pulu geri tələb etdim.

Fəxrəddindən pulu geri tələb etdikdə o, Fərrux Babayev adlı şəxsi ümumiyyətlə tanımadığını, həmin işi prokurorluq orqanında işləyən Fərruxdan da yüksək vəzifədə olan şəxslə həll edəcəyini bildirdi. Lakin hazırkı vaxtadək Fəxrəddin verdiyim 150000 manat məbləğində pul vəsaitindən heç bir hissəsini geri qaytarmadı”.

Günay həmçinin deyib ki, Fəxrəddinlə Ehtiramı tanış etdiyinə görə utanc hissi keçirdiyi üçün onun Fəxrəddinə verdiyi 12000 manat məbləğində pul vəsaitini özü şəxsi vəsaiti hesabına geri qaytarıb.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə Fəxrəddin 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti