Son yüz ildə ilk dəfə yaradılan yeni TARİXİ REALLIQLAR

Qədirbilən xalqımız möcüzə kimi qəbul etdiyi bu reallığın daxili və xarici qüvvə tərəfindən dəyişdirilməsinə nə fürsət, nə də imkan verməz

Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə dünyanın heç bir yerində bu sürətlə həyata keçməyən, analoqu olmayan layihələr icra edilməkdədir.
Ötən həftənin ən yadda qalan hadisəsi olaraq Qarabağın hava qapısı adlandırılan Füzuli beynəlxalq hava limanı Bakıdan uçan “AZAL”a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysini qəbul etdi.

30 ildən sonra Qarabağa ilk uçuşun AZAL-ın ən nəhəng təyyarələrindən biri olan “QARABAĞ”la həyata keçirilməsində bir rəmziliklə yanaşı bir siyasi mesaj da vardı. Yəni bu yerlərdə səma da, yer də Qarabağdır. Qarabağ isə yalnız Azərbaycandır.

Qarabağımıza ilk aviareysi təkcə yerli televiziya-mətbuatımız və türk telekanalları işıqlandırmadı. Həm də əzəli və əbədi düşmənimiz – Ermənistan kütləvi informasiya vasitələrində geniş, bir çox kanallarda hətta canlı yayımla göstərildi. Məsələ ondadır ki, onlar bu sevincimizi bizdən fərqli olaraq qısqanclıqla və ürəkağrısı ilə qarşıladılar. Ancaq bir şeyi etiraf etdilər ki, 30 il işğal altında saxladıqları bu torpaqlarımızda bir bina tikmədilər, bir infrasturuktur yarada bilmədilər. Lakin bu torpağın əsl sahibləri Böyük Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsindən bir il keçməmiş Qarabağda Füzuli beynəlxalq hava limanının tikintisini başa çatdırdı. Laçın və Zəngilan  beynəlxalq hava limanlarının isə tikintisini sürətlə davam etdirir. Deməli, sözlə yox, əməllə torpağa sahiblənmək olurmuş cənablar... Təkcə bu fakt – erməni etirafları Qarabağda görülən işlərin miqyasının təsəvvür olunmayacaq dərəcədə böyük olduğunu söyləməyə əsas verir.

Ermənilər və onların havadarlarının nigarançılğını, kədərə qərq olunmasını anlayışla qarşılamaq olar. Düşmən sevincimizə sevinib, kədərimizə üzüləsi deyil. Bir halda o kədəri, qəm-qüssəni başımıza gətirənlər tarixən elə özləri olub. Təəssüf doğuran hal ondan ibarətdir ki, Qarabağımızda aparılan iri miqyaslı tikinti quruculuq işlərini, bilavasitə özü o işlərə nəzarət etməkdən ötrü Ali Baş Komandanın o yerlərə etdiyi səfərləri qısqanclıqla, böyük üzüntü ilə qarşılayan “erməni baltasına sap” olan bir qrup özümüzünkülər, “bir ovuc” siyasi avantüristlər də vardır.

Təcrübə göstərir ki, inkişaf etmiş və inkişaf etməkdə olan xarici ölkələrdə müxaliflik həmin ölkənin siyasi, sosial, iqtisadi, elmi, mədəni inkişafına xidmət edən ictimai münasibət sistemidir. Bu sahələrdə problemləri görən, gündəmə gətirən, ictimai müzakirəsini təşkil edən, hakim partiya və aidiyyəti qurumlardan həllinə nail olmaq o ölkənin daha da inkişafına xidmət etmiş olur. Hakimiyyət və onun siyasətinə müxaliflik olar, dövlətə yox. Nə yazıq ki, bizdə radikal adlandırılan kiçik bir kəsim hakimiyyətə sağlam müxalif olmağı bacarmadığı üçün, dövlətə qənim kəsilərək, onun vətən, sərhəd kimi ən ümdə məsələlərini hədəf alaraq, ailə-məişət söhbətləri, dedi-qodularla hakim partiya və onun liderini xalqın, millətin gözündən salmağa çalışırlar. Halbuki bu mövzuda sosial şəbəkələrdə yerli-yersiz müzakirə açanların tərcümeyi halını və yaradıcılığını nəzərdən keçirəndə, ümumiyyətlə, vətən, millət üçün bir daşı-daş üstə qoyduğunu görmək olmur. 

Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Kennedinin dillər əzbərinə çevrilən və bu günümüz üçün aktual olan bir deyimi var: “Soruşma, vətən mənə nə etdi. Soruş ki, mən vətən üçün nə etdim. Ancaq bəlkədə yeganə ölkəyik ki, özlərini “hərşeyşünas” adlandıran bir qrup müxaliflərimiz heç zaman özlərini, fəaliyyətlərini sorğulamır, millət adına azacıq bir iş gördüklərini dilə gətirə bilmirlər. Zatən, etmədikləri bir şeydən necə danışa bilərlər.

Bu gün böyükdən kiçiyə, məmurdan sıravi vətəndaşa, alimdən müəllimə, siyasətçidən iqtisadçıya, həkimdən hakimə, mədəniyyətdən  incəsənət nümayəndəsinə qədər, dilindən, dinindən, irqindən, siyasi əqidəsindən, ictimai baxışlarından, fərqli düşüncə sahibi olmasından asılı olmayaraq hər kəsi “BİR YUMRUQ” altında birləşdirən bir məsələ - VƏTƏN mövzusu var. Burada bütün arzu, istəklər bir hədəfə vurmalıdır.

Bəli, geniş çərçivədə düşünsək, cənab Prezidentin qeyd etdiyi kimi vətənimizin ayrılmaz hissəsi ilə bağlı olan Qarabağ problemi artıq həll olunub. Daha nə Dağlıq Qarabağ, nə də “status” söhbəti vardır. Ancaq mövzu həssaslığını saxlayır. Çünki hələki ölkəmizin 3-4 faizlik kiçik bir parçasında - Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşmiş məramı heç də sülh yaratmaq olmayan məramsızlar, onların qoruyub-qovladığı yolunu azan erməni vətəndaşlarımız və bir də onlara boş ümidlər verən “seperatçı tör-töküntüləri” vardır. Bunlara döyüş cəbhəsində olduğu kimi siyasi və informasiya cəbhəsində də tam qalib gəlməyimiz, mənasız xəyallarını birdəfəlik dəfn etməyimiz üçün indi əvvəlkindən ikiqat birləşməyimiz, həmrəy olmağımız lazımdır. Düşmən yenə iş başındadır. “Huylu huyundan, köylü köyündən vazkeçməz” məsəlində deyildiyi kimi, bədnam qonşularımız “Böyük Ermənistan” xəyallarından keçmək istəmir. Düşdükləri acınacaqlı vəziyyəti dəyişmək üçün birincisi daxildə birliyimizi, ikincisi qardaş, dost, qonşu, strateji müttəfiq ölkələrlə, xüsusən Türkiyə, Pakistan, İsraillə səmimi, mehriban münasibətlərimizi pozmaq və nəhayət Böyük Zəfərimizə kölgə salmaq üçün hər vasitələrə əl atırlar. Bu vasitələrdən biri də hakimiyətə gəlmək üçün şeytanla belə əməkdaşlığa hazır olan radikal müxaliflərimizin məsuliyyətsiz çıxışlarından, fikir və mülahizələrindən istifadə etməkdir. Sadəcə buna rəvac verənlər vətənə xəyanət etdiklərini, sonunda ən ağır cəzaya məhkum olunacaqlarını unutmasınlar.

Mövlanə Cəmaləddin Rumi deyir ki, ya olduğun kimi görün, ya da göründüyün kimi ol! Nə olduğu kimi görünə bilməyən, nə də göründüyü kimi ola bilməyənlər cilddən-cildə düşməklə populist çıxışlarla öz aləmlərində gündəm yaradır, ağıllarına və ağızlarına gələn, heç bir mədəni nitqin etiketin normalarına sığmayan “jarqon” ifadələrlə, küçə söyüşləri ilə əhalinin müəyyən problemlərdən əziyyət çəkən həssas sosial qruplarının rəğbətini qazanıb, ictimayətin arasında yanlış rəy və fikir formalaşdırmağa çalışırlar.

Ortada başqa bir əlahəzrət faktın olmasını yuxarıda qeyd etdiyim qəbildən olan bəzi “sosial şəbəkə qəhrəmanlarına” xatırlatmağı özümə borc bilirəm. Gəlin, yaddan çıxarmayağın ki, sizlərin sivil mübarizə apara bilmədiyiniz Yeni Azərbaycan Partiyası təkcə dünənin və bu günün deyil, həm də sabahın hakim partiyasıdır. Bilirsiniz niyə? Çünki onun liderinin ölkəyə rəhbərlik etdiyi 17-18 ildə saysız-hesabsız nailiyyətləri olsa da, müstəqil vətənimizin sabahı, parlaq gələcəyi ilə bağlı arzuları, hədəfləri ondan da çoxdur. Bu arzuları həyata keçirməyin isə alternativsiz təminatçısı təxminən son 100 ildə xalqımıza ilk dəfə Böyük Zəfər qazandıran məhz, o, cənab İlham Əliyevdir. Bu həm də qürurlu sərkərdənin yaratdığı bir yeni tarixi reallıqdır. Qədrbilən xalqımız möcüzə kimi qəbul etdiyi bu reallığın daxili və xarici qüvvə tərəfindən dəyişdirilməsinə nə fürsət, nə də imkan verməz.

Əfsun Sucayev
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

Tarix
7 Sentyabr 2021 [16:27]
Müəllif
Üç nöqtə
2021-09-07 16:27:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin