Ermənilər məskunlaşdıqları əraziyə yenə də “yer mənim” deyəcəklərsə, onda “Dəmir Yumruq” işə düşəcək

15:02 - 12 May 2021 - SİYASƏT

Dövlət başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi vacib açıqlamalar son günlər xarici və daxili auditoriya üçün bilərəkdən və ya bilməyərəkdən gündəmə çevrilən bəzi söz-söhbətlərə tam aydınlıq gətirdi.

Müsahibədə 6 aydır tarixin arxivinə gömülən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkə rəhbərinin toxunduğu bir neçə məqam xüsusi diqqət cəlb edir. Siyasətçi olmasam da  bir elm adamı kimi (əslində siyasət özü də bir elmdir) bu vacib məqamlardan çıxardığım, elmi əsaslandırmalara söykənən nəticələri qeyd etməyi özümə borc bilirəm. Gəldiyim qənaət düşünürəm ki, ciddi siyasətçilər və politoloqların fikirləri ilə üst-üstə düşdüyü üçün burada qeyri adi bir şey də olmaya bilər.

Birinicisi, cənab prezident başa düşmək istəməyənlərə bir daha xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, hazırda Azərbaycanda Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur. Necə deyərlər, Qarabağın dağı da, aranıda artıq birdir və Azərbaycanın vahid, ayrılmaz ərazisidir.

Unutmasınlar ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu ilk dəfə Ermənistanın 44 günlük müharibənin nəticəsi olan kapitulasiya aktını imzaladıqdan dərhal sonra vasitəçilik missiyasını yerinə yetirən Rusiyanın prezidenti cənab Vladimir Putin səsləndirib. Ona görə həm Rusiyanın xarici siyasət idarəsinin rəhbərindən tutmuş bu və ya digər hökumət və parlament səviyyəli şəxslər, həm də Ermənistan rəsmiləri münaqişənin həll olunmasıyla bağlı sətirüstü və sətiraltı açıqlamalar verərkən liderlərinin fikirlərinin əksinə getdiklərinin fərqinə varsınlar, açıqlama vermədən öncə yüz ölçüb, bir biçsinlər. Cənab Prezident İlham Əliyevin məntiqə əsaslanan dəyişilməyən fikri odur ki, əgər münaqişə həll olunmayıbsa, onda Rusiyanın rəhbərinin israrlı xahişi ilə noyabrın 10-da imzalanmış bəyanatın mənası nədir? Axı, bu sənəd son zamanlar münaqişənin uduzan tərəfinin leksikonumuza ciddi cəhdlə daxil etməyə çalışdığı atəşkəs razılaşması yox, məhz münaqişənin həlliylə bağlı sənəddir. Ölkə rəhbərinin də vurğuladığı kimi atəşkəs razılaşmasında 9 bənd yox, cəmi 1 bənd olur.

Müharibələr tarixindən məlumdur ki, kapitulasiya aktını imzalamağa məcbur qalan tərəf qarşı tərəfin irəli sürdüyü bütün tələbləri qeyd-şərtsiz yerinə yetirir. Ola bilər ki, Ermənistan nökərlik etdikləri ağalarına arxayın olub, maraqlarına cavab verməyən öhdəlikləri yerinə yetirməyi uzatmağa çalışsın. Hələki görünən budur. Amma və lakin gec və ya tez bu müddəalar yerinə yetiriləcək.

Digər bir məsələ Ali Baş Komandanın cəhənnəmə göndərdiyi status məsələsinin bəzi ölkələrin rəsmiləri tərəfindən gündəmə gətirilməsi ilə bağlıdır. Son olaraq Kanadanın və Fransanın rəhbər şəxsləri Azərbaycanın daxili işlərinə qarışaraq Qarabağda ermənilərə hər hansı bir status verilməsindən söz açdılar. Cənab Prezidentin müsahibədə bu məsələyə də cavabı yenə qısa, konkret və kəskin oldu: “Azərbaycan ərazilərində ermənilərə heç bir status verilməyəcək. Hansı ölkə status vermək istəyirsə ehtiraz etmirik. Öz ölkələrində yer ayırsınlar və orada ermənilərə istədikləri statusu versinlər”.

Diqqət cəlb edən məqam odur ki, ermənilər də, onun dəstəkçiləri olan ölkə rəsmiləri də yaxşı bilirlər ki, Azərbaycan olaraq torpaqlarımızın 20 faizi (Qarabağ və ətraf 7 rayon) işğal altında olanda birbaşa “müstəqillik”, dolayısı ilə isə “muxtariyyət” verilməsi təklifini qəbul etmədiyimiz halda, rus sülhməramlıları ilə qondarma Dağlıq Qarabağ separatçıların tör-töküntülərinin müvəqqəti nəzarətində qalan 3 faizlik əraziyə hər hansı statusa heç vaxt razılıq verməyəcəyimizi yaxşı başa düşməli idilər. Buna həmişə boş xəyallarla yaşayan zavallı ermənilərinin inanması hardasa başa düşüləndir, amma həyata keçməsi milyonda bir mümkün olmayan bu fikrə bölgəyə yaxından, uzaqdan aidiyyəti olmayan ölkələri də inandıra bilmələri təəccüb və təəssüf hissi doğurur.

Yenə 10 noyabr 2020-ci il razılaşmasına qayıtsaq görməliydik ki, həmin bəyanatın hələki reallaşmayan 4-cü bəndi ilə Ermənistanının “tarmar” olmuş ordusundan qalan silahlı birləşmələri Rusiya sülhməramlıları əraziyə daxil olduqca, paralel şəkildə ərazini tərk etirlər, amma indiyə qədər bu baş vermədi. Təsəvvür edəyin, ermənilər bu bəndi yerinə yetirməkdən imtina edir və Ermənistanın rəzil günlərə qalmasında əsas pay sahibi olan ikinci prezident Robert Koçaryanın dediyi kimi revanşa hazırlaşırlar. O zaman, bu intihar deyil, nədir? Bunun əksini fikirləşənlər bir zəhmət çəkib, özlərinin və Azərbaycanın Müzəffər Ordusunun nəzarət etdiyi ərazilərin relyefinə baxsın. Hələ I Qarabağ müharibəsinin baş verdiyi 90-cı illərdə bu münaqişənin həllində iştirakı ilə bağlı barəsində ziddiyətli fikirlər səsləndirilən (Azərbaycanlılar bu dövrdə onu erməniləri dəstəkləməkdə, ermənilər isə onu azərbaycanlıları dəstəkləməkdə ittiham edirdilər) Azərbaycan Kommunist Partiyasının ikinci katibi və Qarabağda təşkil olunan xüsusi komitənin başçısı Viktor Polyaniçko bildirmişdi ki, təbii qala olan Şuşa kimdədirsə, Qarabağa nəzarət də ondadır. Üstəgəl, hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətli Hadrut qəsəbəsinin, Xocəvənd, Ağdərə ərazilərinə düşən yüksəkliklərdə hakim mövqe tutan cəngavər döyüşçülərimiz tarixən terrorçulara yuva olmaqdan başqa bütün inkişafdan məhrum qalan Xankəndinə yuxarıdan aşağı tamaşa edirlər. Yox ki, 90-ci illərin Azərbaycanında siyasi səriştəsiz, təcrübəsiz hakimiyyətin boşluqlarından istifadə edərək, “havadar”larının  köməyi ilə Qarabağ və ətraf 7 rayona 28 illik sahiblənən o “yan”lar Şuşanın dağlarında yenidən toy çalmağa ümüdlüdürsə, yanılırlar.

Çünki dadı damaqlarından getməyən “DƏMİR YUMRUQ” yerində, başlarının üstündədir. Bu dəfə onlara elə bir toy tutular ki, mövcudluqlarına son qoyular, izi-tozu qalmaz. Yaddan çıxarmasınlar ki, qarşılarında 90-cı ilin zəif Azərbaycanı yox, XXI əsrin iqtisadi, hərbi, siyasi qüdrətli Azərbaycanı, rəhbərliyində isə bir müraciəti ilə siyasi əqidəsi, dini baxışı, etnik tərkibindən asılı olmayaraq 10 milyon xalqı bir yumruq ətrafında birləşdirən Müzəffər Ali Baş Komandanı dayanır.

  Doğurdan da bir ölkə, millət, xalq olaraq Azərbaycanın bəxtsizliyi lazım gələndə vəhşi, qanişən, düşdükləri rəzil durumlarda isə özlərini dünyaya zavallı əzilən xalqın nümayəndləri kimi sırıya bilən bir kütlə ilə qonşu olmasıdır. Əslində onlar istəklərinin konkret nə olduğunu özləri də dəqiq bilməyən bədbəxt millətdirlər. Onların toplum olaraq bədbəxtliyi də qonşu olmağı bacarmamağa səbəb olur. Əgər “uzaq qohumdan, yaxın qonşu yaxşıdır” prinsipinə əməl etsəydilər, əsas qonşusunun təbii zəngiliklərindən, yaratdığı imkanlardan istifadə edib, xalqlarını xoşbəxt, ölkələrini inkişaf etmiş ölkəyə çevirib, sülh-əminamanlıq içərisində yaşayardılar. Lakin tarixi, dili, dini, mədəniyyəti, siyasəti saxta, yalançı, oğurluq olan bu ölkə “Dənizdən dənizə böyük Ermənistan xülyası” yaradaraq əvvəl özlərini, sonra xaricdəki lobbi fəaliyəti ilə öz düşüncələrində olan din, mənəviyyat, əxlaq daşyıcılarını inandırmış, bu istəklərini zaman zaman həyata keçirməyə cəhd etmiş, fürsət düşdükcə öz qonşularına qarşı ərazi, torpaq iddiası irəli sürmüş və buna qismən nail olmuşlar. Ermənilərin bu mənasız, əsassız iddialarını, pis xislətlərini alətə çevirənlər də daha çox xarici lobbilər, separatçılar və olmayan mənəvi maraqlarını hər şeydən üstün tutan hiyləgər rəhbərlər – Ter-Petrosyan-Koçaryan-Sarkisyan üçlüyü olub.

Artıq cənab İlham Əliyevin qeyd etdiyi kimi müharibə bitib, qarşıda enerji-nəqliyyat, komunikasiya əlaqələrin bərpası, ölkələrarası nəqliyyat dəhlizlərinin yaradılması dayanır ki, artıq bu istiqamətdə işlərə start verilib. Əslində dövlət başçısı bu humanist addımı ilə Ermənistana son şans tanımış olub. Çünki bu iqtisadi əlaqələrin yaradılması Azərbaycandan çox, Ermənistana lazımdır. Əgər bu bədnam qonşu 44 günlük müharibənin ağır dərslərindən nəticə çıxarsalar, əvvəlki mənasız arzu və istəklərindən əl çəkib, revanş haqqında düşünməsələr, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi formada elan etsələr və nəhayət ölkəmizə və Türkiyəyə qarşı bir də torpaq iddiasında olmasalar bu yeni yaranacaq münasibətlərdən hər tərəfli faydalanan da özləri olacaq. Bütün bunları da Ermənistan tərəfindən yerinə yetirə biləcək ən uyğun namizəd elə Nikol Paşinyanın özüdür. Baxmayaraq yersiz, məntiqsiz, qıcıqlandırıcı açıqlamaları ilə Azərbaycanın səbr kasasını daşıran, milli hissiyatımızla oynayan o oldu. Yox əgər erməni adına uyğun olaraq məskunlaşdıqları əraziyə yenə də “yer mənim” deyəcəklərsə, onda bundan sonra başlarına gələcəklərdən özlərini günahkar bilsinlər.

ƏFSUN SUCAYEV

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

Xəbər xətti