Havalar isindikcə açıq havada maska dözülməz olur...

Havalar isindikcə açıq havada maskadan istifadə çətinləşir.

Bu günlərdə mətbuata açıqlamasında deputat Rəşad Mahmudov bildirib ki, epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq.

O əlavə edib ki, epidemioloji vəziyyət nəzarət altına alındıqdan sonra rəqəmlər yenidən azalmağa getdiyi zaman vəziyyət fərqli ola bilər:
"Gələcəkdə açıq havada maska taxmaqla bağlı qiymətləndirmələr aparılır. Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq. Lakin bunu etmədən öncə hər bir hökumət yüz ölçüb, bir biçmək məcburiyyətindədir. Çünki bu, sadəcə daxili ekspertlərin verəcəkləri qərarlara bağlı deyil.

Bu qərarların arxasında Ümumdünya Səhiyyə Təşkilatı və bu sahə üzrə olan institutların rəyləri və razılıqlarının olması lazımdır.
Əfsuslar olsun ki, bu gün həmin razılıqları almaq istəyən aidiyyəti qurumlar qarşı tərəfdən konkret razılıq ala bilmədiyi üçün qızıl ortanı tutaraq zaman qazanmaq məcburiyyətində qalır.

Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq".

Ucnoqta.az xəbər verir ki, "Sputnik Azərbaycan" havaların isinməsi ilə əlaqədar açıq havada tibbi maskadan istifadə qadağasının aradan qaldırılması yollarını araşdırıb.
Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, havaların isinməsi açıq havada maskadan istifadə qadağasına müəyyən dəyişikliklərin edilməsini zəruri edir. O bildirib ki, Nazirlər Kabinetinin açıq havada maska ilə bağlı qərarı bəzən düzgün qiymətləndirilmir:

"NK-nın qərarı düzgün şərh edildikdə də görünür ki, açıq havada ətrafda insan yoxdursa, maskadan istifadə vacib deyil. Biz səkidə, yaxud bulvarda gediriksə, 3-4 metr məsafədə ətrafımızda insan yoxdursa, açıq havada tibbi maska taxmağın nə mənası var?

Açıq havada maska ictimai yerlərdə, insanların sıx olduğu yerlərdə taxılmalıdır. Çox təəssüf ki, bu, bəzən düzgün qiymətləndirilmir. Açıq havada 3-4 metr ətrafda adam olmayan yerdə maskanı aşağı saldığı üçün insanlara cərimə yazılır.

Tibbi maska virusdan qorunmaq məqsədi daşıyır. Əgər insanın çevrəsində 3-4 metr ətrafda insan yoxdursa, açıq havada maska taxmağın nə mənası var? Hesab edirəm ki, insanlar dayanacaqlarda, bankomatların qarşısında növbə gözləyərkən açıq havada tibbi maskadan istifadə etməlidirlər.

Açıq havada insan yolda tək gedirsə, onun nə virusa yoluxmaq, nə də ki yoluxdurmaq təhlükəsi var".
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü deputat Müşfiq Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinasiya prosesini sürətləndirməklə Azərbaycanda da açıq havada tibbi maskadan istifadədə yumşalmalara getmək mümkündür:

"Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan ölkələrdəndir. Amma vaksinasiya prosesi daha da sürətləndirilməlidir. Vaksinasiya olunaraq biz özümüzü qorumaqla yanaşı, pandemiyanın sürətini də aşağı salırıq.
Bütün bunlar həyata keçirildikdən, yoluxma faizi aşağı düşdükdən, əhalinin 60-70 faizi vaksin olunduqdan sonra maska da aktuallığını tədricən itirəcək.

Beləliklə, biz normal həyatımıza dönə biləcəyik. Burada vətəndaş məsuliyyəti önəmlidir. İsti havalarda maskanın tez-tez dəyişdirilməsi vacibdir.

Maska baryer funksiyası daşıyır. Biz hansısa qoruyucu vasitədən narahatlıq verdiyi üçün imtina etdikdə özümüzü və ətrafımızdakıları risk qarşısında qoyuruq.

Bu baxımdan pandemiyanın sürəti aşağı düşməlidir ki, qoruma vasitələrinin istifadəsinə tələbat azalsın. Yoluxma intensivliyi aşağı düşdükcə biz bu maneələrdən də tədricən imtina edə bilərik.

Qeyd edək ki, bir müddət öncə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva mətbuata açıqlamasında bildirmişdi ki, "açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz".

O qeyd edib ki, vətəndaşlar sosial ərazilərdə olan zaman maska taxmalıdırlar: "Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur".

Lakin buna baxmayaraq, vətəndaşlar yanlarında adam olmadığı halda maska taxmadıqlarına görə polis tərəfindən cərimələnirlər.
Xatırladaq ki, Azərbaycanda noyabrın 21-dən açıq havada maskadan istifadə etməyənlər cərimə olunurlar. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Tarix
7 Aprel 2021 [11:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-07 11:57:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin