Ağdamda 6 nəfər minaya düşdü - 2 nəfər ölüb, yaralılar var -(Yenilənib)

19:34 - 16 Mart 2021 - HADİSƏ

Ağdam rayonunda altı nəfər minaya düşüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.

Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.

Nəticədə Razi Hüseynov ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.

Hadisə nəticəsində yeddi yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.


18:07

Ağdam rayonunda 5 mülki şəxs piyada əleyhinə minaya düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun işğaldan azad edilən ərazisində qeydə alınıb. Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.

Xəbər xətti