Prezident informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi

21:02 - 2 Mart 2021 - Cəmiyyət

Bu günlərdə Prezident İlham Əliyev xarici və yerli media nümayəndələri üçün mətbuat konfransı keçirdi ki, burada o Azərbaycan cəmiyyətini və ümumilikdə beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra məsələlər ətraflı şəkildə cavab vermiş oldu.

Ümumiyyətlə bu bir qürurverici məqam idi ki, ölkə başçısı məhz 26 fevralda, Xocalı soyqırımı günündə əcnəbi jurnalistləri bir araya toplayaraq dünyaya onların vasitəsilə bir sıra tarixi həqiqətləri çatdırmış oldu. Ən əsası isə o canlı şəkildə təşkil olunan bu mətbuat konfransında yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdi. Beləcə müzəffər Ali Baş Komandanımız aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı yürütmüş olduğu soyqırımı siyasətinə yönəltdi, informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.

Əslində informasiya cəbhəsində aparılan mübarizə məsələsində Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı da öndə olmuşdu. Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin xarici mediaya xeyli sayda müsahibələr verdi ki, bu da təqdir olunası hal idi. Çünki o həmin günlərdə yalnız Ali Baş Komandan kimi xalqımızı, ordumuzu döyüş meydanında irəli aparmadı, informasiya cəbhəsində də var gücü ilə çalışaraq üstünlüyü bizim tərəfə daşıdı.

Məhz 26 fevral mətbuat konfransı zamanı da Prezident İlham Əliyev xarici media nümayəndələrinin bütün suallarını tutarlı şəkildə cavablandırmaq, əsaslandırılmış real faktlarla məsələləri izah etməklə bir daha dünya mediasını heyrətləndirən peşəkar xüsusiyyətlərini ortaya qoymuş oldu. Prezidentin cavab vermədiyi sual belə qalmadı, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verdi.

Təbii ki, tədbir Xocalı faciəsinin ildönümü günündə təşkil edildiyindən əsas mövzu Ermənistanın işğalçılıq siyasəti və bu siyasətin yaratdığı fəsadlar idi. Azərbaycan Prezidenti çox böyük məharətlə bu mövzuya dair suallara ətraflı cavablar verirdi. O, Ermənistanın hazırda düşdüyü ağır durumun səbəblərini çox gözəl izah etdi. Yəni uzun illər yanlış siyasi xəttin tutulması, işğalçılıq siyasəti, faşizm ideologiyası və Qarabağ klanının ölkəni ələ alması Ermənistanın bugünkü bütün bu çöküşünü labüd edirdi. Yəni indiki hala gəlib çıxmalarında Köçəryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasəti və əsassız iddialardan əl çəkməməsinin ciddi rolu oldu.

Təbii ki, bu cür işğalçı siyasətə qarşılıq olaraq Azərbaycanın Ermənistanı uzun illər ərzində bütün beynəlxalq, regional layihələrdən təcrid etməsinin, onu iqtisadi cəhətdən sarsıtmasının, çökdürməsinin də ciddi rolu oldu. O da təəssüf hissi doğurur ki, bütün bu baş verənlərə rəğmən Ermənistanda revanşizm fikrinə düşənlər hələ də qalmaqdadır. Prezident İlham Əliyev onlara da bu məsələ ilə bağlı açıq mesajlarını ünvanladı.

Azərbaycan rəhbərinin diqqətçəkən və yadda qalan mühüm siyasi mesajlarından biri də Qarabağın statusu ilə bağlı verilən suala açıq və qəti şəkildə cavab verməsi idi. Prezidentin Ermənistana statusla bağlı mühüm və konkret mesajı isə belə oldu: “Mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır”.

Ölkə başçısı, həmçinin qeyd etdi ki, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində isə erməni xalqı yaşayır və Azərbaycan da buna etiraz etmir.

Bundan başqa, diqqət çəkən başqa bir məqam kimi Prezidentin Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin Azərbaycan inteqrasiyasının labüd və qaçılmaz proses olmasının izahı idi. Doğrudan da artıq elə bir dövrə qədəm qoymuşuq ki, regionda hər şey Azərbaycanın yaratdığı yeni reallıqlarla müəyyən edilir. Bu gün ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycan ərazisində yaşayan istənilən xalq qanunlarımıza hörmətlə yanaşmalıdır.

Yəni bu, yeganə çıxış yoludur ki, Qarabağ erməniləri qanunlarımıza tabe olsunlar, buna məcburdurlar da. Azərbaycan Prezidenti boşuna belə bir fikir səsləndirmədi ki, ermənilər daha hansısa ikinci erməni dövlətinin yaradılması xəyalına düşməsinlər.  "Hazırda Xankəndi və digər rayonlarda yaşayan ermənilər anlamalıdırlar ki, inteqrasiya prosesi qaçılmazdır. "Artsax" adlı bir dövlət mövcud deyil və olmayacaq. Onlar Azərbaycan vətəndaşları kimi yaşayacaqlar", - deyən Prezident yalnız Ermənistana və Qarabağda yaşayan ermənilərə deyil, ümumilikdə bütün dünyaya qəti bir mesaj vermiş oldu.

O xüsusi olaraq vurğuladı ki, Ermənistan hakimiyyətinin Xankəndidə və hazırda erməni əhalinin yaşadığı digər Azərbaycan torpaqlarındakı təxribat xarakterli hərəkətləri diqqətlə izlənilir və bu cür hallar isə yolverilməzdir, sülhə xidmət etmir.

Qısası Prezident artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin süni şəkildə yenidən gündəmə daşımaq istəyənlər üçün, Ermənistandakı revanşizmə meyllənənlər və onların havadarları üçün kifayət qədər siyasi mesajlarını ünvanlamış oldu. Mətbuat konfransında Azərbaycan liderinin bir sıra aspektdən dünya liderlərinə nümunə olacaq davranışlar sərgiləməsi isə xalqımızı qürurlandırmaya bilməzdi. Azərbaycan lideri ilk dəfə idi ki, canlı yayımda dünyanın müxtəlif media orqanlarını təmsil edən 50-dən çox jurnalistin qatıldığı və 4 saatdan çox çəkən mətbuat konfransında müxtəlif istiqamətləri əhatə edən suallara 4 dildə cavab verirdi. Hətta tədbirə qatılan ingilis jurnalist uzun illərə söykənən təcrübəsində hansısa ölkə başçısının belə bir mətbuat konfransı keçirməsinə rast gəlmədiyini də söylədi. Azərbaycan öz lideri ilə fəxr edir, xalq öz müzəffər Ali Baş Komandanı ilə qürur duyur, diplomatik məharəti ilə seçilən Prezident İlham Əliyevin dünya mediasını da heyrətləndirməsi, informasiya cəbhəsində ölkəmizi daha da irəli daşıması yalnız və yalnız alqışlanmalıdır!

Təranə Qurbanova
237 saylı tam orta məktəbin direktoru

Xəbər xətti